Məhkəmə qərarları › İş №2-1(114)-2431/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2431/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2431/2025 18.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli inventar nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli İnventar nömrəli qərarına əsasən İddiaçı əmək pensiyası yenidən hesablanmış və ona xx.xx.2024-cü il tarixdən müddətsiz 363.86 manat əmək pensiyası təyin edilmişdir. Qərarın “qeyd” hissəsində göstərilmişdir ki, vətəndaşın 1997- 2006-cı illərdə Ağstafa rayonu, 17 saylı Təsərrüfathesablı Təmir-Tikinti İdarəsində işləmə faktı araşdırılsa da, arxiv sənədlərinin Ağstafa rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən həmin stajın düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Bundan başqa əmək kitabçasında qeydlərə baxarkən işə qəbul əmrində kiril və latın hərflərinin qarışdırılması (гəбул) və vətəndaş xx.xx.2006-cı il tarixdən işdən azad olunsa da, pensiya sığorta kapitalının olmaması səbəbindən həmin dövr sığorta stajı olaraq nəzərə alınmadı. Faktiki sığorta stajı və Fərdi hesabındakı sığorta kapitallarına əsasən pensiya yenidən hesablandı və 363,86 manat müəyyən edildi. Nəticədə Qanunun 39.1 maddəsi tətbiq edilməklə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 1028.12 manat artıq vermə aşkar edildi.

3. İddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətə həmin filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-290149/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinin xx.xx.2014-cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Pensiya işinə daxil olan sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixinədək 21 il 1 ay 26 gün sığorta stajı, xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 665,78 manat (2014-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2015-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 146,51 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) 259,78 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən maddənin tələblərinə əsasən indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 268,62 manata çatdırılmışdır. əmək pensiyanızın məbləği Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023- cü il tarixindən 285,28 manat müəyyən olunmuş, eyni zamanda Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilərək həmin tarixdən 327,21 manata, xx.xx.2024-cü il tarixindən 363,86 manata çatdırılmışdır. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Ağstafa rayonu 17 saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Qazax-Tovuz regional filialının sözügedən dövrün araşdırılması ilə əlaqədar tərtib etdiyi akta əsasən Ağstafa rayonu 17 saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsinin sənədləri mühafizə olunmaq üçün Ağstafa rayon Dövlət Arxivinə təhvil verilməyib. Həmçinin "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə qəbul əmrində kiril qrafikalı hərflərdən istifadə edildiyindən) və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən bildirilir ki, əmək pensiyası təyin olunarkən xx.xx.2006-cı il tarixinədək sığorta stajı düzgün müəyyən edilməmişdir. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyanın məbləğində xx.xx.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.

4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-4480/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilən zaman xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlər daxil olmaqla 17 il 7 ay 5 gün sığorta stajı nəzərə alınmışdır. Həmçinin bildirilir ki, vətəndaşın sonrakı müraciətlərinə əsasən əmək pensiyasına yenidən hesablanmalar aparılmışdır. Bildirilir ki, xidməti araşdırma ilə əlaqədar İddiaçı əmək pensiyası Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə yenidən hesablanmış və müəyyən olunmuşdur ki, ona təyin edilmiş əmək pensiyasının vətəndaşın təyinatdan sonrakı müraciətinə əsasən yenidən hesablaması zamanı sığorta hissəsi düzgün hesablanmayıb. Bu səbəbdən Mərkəzi Filialın xx.xx.2024-cü il tarxili qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) xx.xx.2024- cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Lakin vətəndaşın əmək pensiyasından artıqödəmə məbləğinin tutulması barədə qərar qəbul edilməmiş və hər hansı tutulma aparılmamışdır. İddiaçı pensiya işinə daxil olan sənədlərin surətinə əsasən xx.xx.1970-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982- ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövrlər daxil olmaqla onun xx.xx.2006-cı il tarixinədək 21 il 1 ay 26 gün sığorta stajı müəyyən edilmişdir. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Ağstafa rayonu 17 saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Qazax-Tovuz regional filialının sözügedən dövrün araşdırılması ilə əlaqədar tərtib etdiyi akta əsasən Ağstafa rayonu 17 saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsinin sənədləri mühafizə olunmaq üçün Ağstafa rayon Dövlət Arxivinə təhvil verilməyib. Həmçinin əmək kitabçasında qeyd edilən xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulmuş (işə qəbul əmrində kiril qrafikalı hərflərdən istifadə edildiyindən) və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunan səbəblərdən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. X3 xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2006-cı il tarixinədək 21 il 1 ay 26 gün sığorta stajı və MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 665,78 manat (2014-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2015-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 146,51 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) 259,78 manat müəyyən edilmişdir. Həmçinin xx.xx.2022-ci il üzrə aylıq 268,62 manat, xx.xx.2023-cü il üzrə aylıq 327,21 manat, xx.xx.2024-cü il üzrə aylıq 363,86 manat müəyyən edilmişdir.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-2-1/2-186962/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, dövlət reyestrində 17 saylı Təsərrüfat Hesablı Təmir Tikinti İdarəsinin (VÖEN: **********) xx.xx.1991-ci il tarixdə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının AZ0500 Ağstafa rayonu, Ağstafa şəhəri olması barədə məlumat mövcuddur. İdarənin fəaliyyəti hazırkı dövrdə aktivdir.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-3/2-15538/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, sorğunuzda qeyd olunan Ağstyafa rayonu 17 saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat yoxdur. II. Məhkəmədə icraat

7. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1997-ci il tarixdə Ağstafa rayonu 17 saylı Təsərrüfat hesablı Təmir Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdır. İşə qəbul ediləndən xx.xx.2006-cı il tarixinədək əmək haqqı almışdır. Əmək kitabçasına bununla bağlı qeydlər aparılmış və o, təqaüdə çıxan zaman həmin əmək kitabçası DSMF-nun Ağstafa rayon şöbəsinə təhvil vermişdir. Bundan sonra iş stajına görə ona təqaüd verilmişdir. Artıq 3 aydan çoxdur ki, onun təqaüdündə 34 manat azalma hiss olunduqdan sonra o, cavabdeh təşkilata yazılı surətdə müraciət etmişdir. Lakin onun müraciətinə imtina gəlmişdir. Əslində isə imtinada qeyd olunanlar onun səhvi ucbatından olmamışdır. Bu isə onun hüquqlarını pozmaqa yanaşı pensiya təminatını pozur. Məhkəmə qaydasında olmadan bu faktın müəyyən edilməsi mümkün deyildir. Qeyd etmək istəyir ki, onun bu faktı təsdiqləyən sübutları da vardır.

9. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iddia tələbi “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli inventar nömrəli qərarının ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin növ iddianın qaldırılması üçün İPM-də nəzərdə tutulmuş iddia müddətinə riayət edilmişdir.

12. Belə ki, cavabdeh tərəfindən qəbul edilmiş qərarın iddiaçıya rəsmi qaydada göndərilməsini təsdiq edən sübut növü cavabdehin nümayəndəsi tərəfindən təqdim edilməmişdir. Mübahisə predmeti olan qərar xx.xx.2024-cü il tarixli qərar barədə iddiaçıya xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-290149/2024 nömrəli məktubla məlumat verilmiş, iddiaçı isə xx.xx.2024-cü il tarixdə müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də müddətin ötürülmədiyi müəyyən edilir.

13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağstafa rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

17. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

19. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

20. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək rədd olunmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

22. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilən zaman xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlər daxil olmaqla 17 il 7 ay 5 gün sığorta stajı nəzərə alınmışdır. Xidməti araşdırma ilə əlaqədar İddiaçı əmək pensiyası Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə yenidən hesablanmış və müəyyən olunmuşdur ki, ona təyin edilmiş əmək pensiyasının vətəndaşın təyinatdan sonrakı müraciətinə əsasən yenidən hesablaması zamanı sığorta hissəsi düzgün hesablanmayıb. Bu səbəbdən Mərkəzi Filialın xx.xx.2024-cü il tarxili qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Lakin vətəndaşın əmək pensiyasından artıqödəmə məbləğinin tutulması barədə qərar qəbul edilməmiş və hər hansı tutulma aparılmamışdır. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2006-cı il tarixinədək 21 il 1 ay 26 gün sığorta stajı və MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 665,78 manat (2014-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2015-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 146,51 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) 259,78 manat müəyyən edilmişdir. Həmçinin xx.xx.2022-ci il üzrə aylıq 268,62 manat, xx.xx.2023-cü il üzrə aylıq 327,21 manat, xx.xx.2024-cü il üzrə aylıq 363,86 manat müəyyən edilmişdir.

23. İddiaçı hazırda cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirərək, göstərmişdir ki, əlillik təyinatı və pensiya üzrə ödəniş səlahiyyətli orqan tərəfindən qanunamüvafiq surətdə verilmişdir və onun hər hansı qüsurlu hərəkəti olmamışdır.

24. Məhkəmə qeyd edir ki, qanunverici inzibati orqana səlahiyyətinə aid məsələ üzrə əvvəlki qərarının düzgünlüyünü, əsaslılığını yenidən yoxlamaq, qanunsuz olduğu halda ləğv etmək imkanını tanımışdır, lakin bu imkan da müəyyən edilmiş prosessual qaydalara tabedir.

25. Yəni, cavabdeh orqan iddiaçıya əvvəllər pensiya təyinatı apardığı qərarın əsaslılığına şübhə doğuran halları aşkar etdiyi təqdirdə, həmin qərarın qanunsuzluğunu aşkara çıxaran zaman inzibati orqan olaraq “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə bu barədə icraat başlamalı, iddiaçının iştirakını təmin edərək, onun mülahizələrini dinləməli, onun sübutlar təqdim etməsinə şərait yaratmalı, zəruri hallarda özü əlavə sübutlar toplamalı, yekunda inzibati akt qəbul etməlidir.

26. Lakin hazırkı iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan inzibati icraat aparmamış, iddiaçının dinlənilməsini təmin etməmiş, ona sübutlar təqdim etmə imkanı yaratmamışdır.

27. Məhkəmə icraatı gedişində cavabdeh orqan iddiaçıya pensiya təyinatı barədə qərarın əsaslılığının yenidən yoxlanılmasının səbəb və əsaslarına dair hər hansı sənəd təqdim etməmiş, bu halın xidməti yoxlama zamanı aşkara çıxardığına istinad etmişdir.

28. Halbuki, “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

29. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər, saxta sənədlər təqdim edilməsi və bu yolla pensiya təyinatına nail olmasına dair cavabdeh orqan tərəfindən əsaslı sübut təqdim edilməmiş, eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanan digər halların mövcudluğu da sübuta yetirilməmişdir.

30. Belə olan halda isə iddiaçının ona pensiya təyin olunmasına dair cavabdeh orqanın hərəkətlərinə etimad hüququ vardır.

31. Mübahisənin maddi-hüquqi əsasına gəldikdə isə, məhkəmə qeyd edir ki, əvvəla, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən SSRİ-yə aid möhürlə təsdiqlənməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Ona görə həmin hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz. İkinci hala münasibətdə isə. İddiaçının işlədiyi müəssisəsin sənədlərinin arxivə təhvil verilməməsi də eynilə, iddiaçının səlahiyyətində olmadığından (sənədlərin arxivə təhvil verilməsi öhdəliyi olmadığından) bu da onun üçün mənfi nəticələr doğurmamalıdır.

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

33. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

34. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

36. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın .09.2024-cü il tarixli İnventar nömrəli qərarı prosessual və maddi hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməlidir.

37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli İnventar nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar