Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2432/2023 22.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdeh tərəfindən əmlakın sökülməsi və ekspropirasiyası nəticəsində vurulmuş 307.000 manat maddi zərərin, 100.000 manat mənəvi zərərin əvəzi olaraq kompensasiya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1952-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır. xx.xx.2005-ci il tarixdə ünvan 2da təsdiq edilmiş 242415 nömrəli müqaviləyə əsasən X1 şəhəri, M.A.Abbaszadə küçəsi 43 ünvanda yerləşən 227,4 kv.m sahəsi olan “B” və 481,1 kv.m sahəsi olan “C” tikilisindən ibarət, cəmi 708,5 kv.m sahəsi olan tikilini 90.500 ABŞ dolları – 445.000.000 manat məbləğində iddiaçıya satmışdır. İddiaçının adına xx.xx.2005-ci il tarixdə 008294 nömrəli texniki pasport tərtib edilmişdir. Bundan sonra xx.xx.2005-ci il tarixdə Azrbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən ünvan 4 ünvanda yerləşən 708,5 kv.m qeyri-yaşayış sahəsinə dair iddiaçıya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı cavabdehlər Gəncə Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Mədəniyyət Naziliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mədəniyyət Nazirliyi və Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən əmlakın sökülməsi və ekspropirasiyası nəticəsində vurulmuş 307.000 manat maddi zərərin, 100.000 manat mənəvi zərərin əvəzi olaraq kompensasiya ödənilməsi” barədə məhkəmə aktı çıxarılması”nı xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı ərizə təqdim edərək Azərbaycan Respublikası Mədəniyyət Naziliyinin cavabdehlər sırasından çıxarılması və iddianın tələb hissəsində “Xəzər Rayon İcra Hakimiyyəti” sözlərinin “Gəncə Şəhər İcra Hakimiyyəti” sözləri ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 fevral 2005-ci ildə iddiaçı ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 227,4 kv.m. sahəsi olan "B" tikilisi və 481.1 kv.m sahəsi olan “C” tikilisi, cəmi 708,5 kv.m. kv.m. sahəsi X2 90.500 (doxsan min bes yüz) ABŞ dollarına almışdır. 12 mart 2005-ci ildə həmin sahəyə iddiaçının adına texniki pasport tərtib edilib verilmişdir. 18 aprel 2005-ci ildə isə həmin sahəyə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmisdir. Bina yanmış vəziyyətdə olduğu üçün 2012-ci ildə ərizəçi binada təmir tikinti işləri apardı və buna 50,000 (əlli min) ABŞ dolları məbləğində xərc çəkdi. Lakin cavabdehin əməkdaşları başçının göstərişi ilə təmir-tikinti işlərini dayandırdı. 2014-cü ildə Azərbaycan Respublikasi Prezidenti sərəncam imzalayaraq X7 Teatrının yeni binasının inşa edilməsi üçün ilkin olaraq 3 milyon manat pul ayrılmışdır. Cavabdehin iclasda X5 küçəsində tikiləcəyi bildirilmişdir. Həmin il Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayil Zeynalov qeyri-yaşayış sahəsinin sənədlərini iddiaçıdan götürüb və ona bildirib ki, onun əmlakının yerində yeni dram teatr insa ediləcək, ona əmlakının əvəzində Bayraq Meydanında yer veriləcəkdir. 18 oktyabr 2014-cü ildə yeni teatr binasının təməlləri qoyulsa da, iddiaçı ilə dəfələrlə görüşməsinə baxmayaraq, o sonuncunun verdiyi sözə əməl etməsinə nail ola bilməmişdir. 29 yanvar 2019-cu ildə Azerbaycan Respublikasi Prezidentinin imzaladigi "Azerbaycan Respublikasi regionlarinin 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" 500 saylı Fərmanı ilə Gəncə şəhərində mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməs,i o cümlədən X7 Teatrının yeni 500 yerlik binasının tikintisi işlərinin icrası Mədəniyyət Nazirliyinə və Gəncə şəhər icra hakimiyyətinə həvalə edilmişdir. 24 iyun 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı "X7 Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam ilə X7 Teatrının tikintisinin davam etdirilməsi üçün əlavə olaraq 13,8 milyon (on üç milyon səkkiz yüz min) manat cavabdehə ayrılmışdır. İddiaçı dəfələrlə cavabdehə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və digər dövlət orqanlarına müraciət edib, onun mülkiyyətində olan əmlakın sökülərək yerində teatr inşa edildiyi üçün ona kompensasiya ödənilməsini tələb etsə də, cavabdeh onun müraciətinə cavab verməmiş, digər qurumlar isə bu məsələnin onların səlahiyyəti xaricində olduğunu bildirmişlər. İddiaçı cavabdeh inzibati orqanlar tərəfindən onun mülkiyyətində əmlakının ekspropriya edilməsini qərarını aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-1/2-03/994/2023 nömrəli məktubunda bildirmişdir ki, Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, 43 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı cavabdeh tərəfindən qərar verilməmiş və söküntü işləri aparılmamışdır. Daha sonra xx.xx.2023-cü il tarixli, 5-1/2-03/1514/2023 nömrəli məktubunda cavabdeh bildirmişdir ki, iddiaçıya məxsus hər hansı tikilinin sökülməsi ilə əlaqədar cavabdeh tərəfindən qərar verilməmiş, torpaqların dövlət ehtiyacı üçün alınması zərurəti olmamışdır. Bundan başqa, iddiaçı ərizəsində göstərdiyi torpaq sahəsinə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edəcək hüquqverici sənədə malik deyildir. Cavabdehin hər hansı bir hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəymədiyindən iddiaçının tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən mübahisəli mənzilin 2014-cü ildə bazar dəyəri 350.000 manat təşkil etmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 495 nömrəli məktubuna əsasən 2014-cü ilə dair Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsi aşkar edilməmişdir. 1 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1963 nömrəli məktubuna əsasən 2014-cü il ərzində qeyd olunan ünvanda qeyriyaşayış sahəsinə dair heç bir notariat hərəkəti aparılmamışdır. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. Məhkəmədə iddia qaldırmazdan əvvəl həmin mübahisənin həll olunması üçün analoji tələblə (iddia tələbini dəqiqləşdirdikdən sonra həmin tələblə cavabdehə də müraciət etmişdir) iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən 227,4 kv.m sahəsi olan “B” və 481,1 kv.m sahəsi olan “C” tikilisindən ibarət, cəmi 708,5 kv.m qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən qeydiyyata alınmışdır. Hazırda həmin əmlak məhv edilmişdir ki, bu işin təkzibolunmaz faktıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqanın qanunazidd hərəkətinin nəticəsi olaraq iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülərək ərazi X8 binası tikilmiş, bununla da iddiaçıya maddi ziyan vurulmuşdur. Həmçinin cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsindən mərhum olmuşdur. Cavabdehin “Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus hər hansı tikilinin sökülməsi ilə əlaqədar qərar verilməməsi, söküntü işlərinin aparılmaması” ilə bağlı dəlilini məhkəmə əsaslı hesab etmir. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi yeni teatr binasının tikintisi üçün istifadə edildiyindən, teatr binasının tikintisi üçün isə dövlət vəsaitin məhz cavabdehə ayrıldığından başqa bir orqan və ya qurum tərəfindən söküntü, tikinti işlərinin aparılması ağlabatan və məntiqli hesab edilmir. Göründüyü kimi, iddiaçının obyektinin məhz cavabdeh tərəfindən sökülməsi halı iş materialları ilə və məhkəmə araşdırması zamanı sübuta yetirilir. Dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna (8.5; 20.1.5; 23.1.2 maddəllər) uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçıya vurulan zərərin məbləğinə gəldikdə, məhkəmə nəzərə alır ki, mütəxəssis rəyi ilə iddiaçıya məxsus qeyri-yaşayış binasının bazar dəyərinin 2014-cü ildə 350.000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Həmin rəydəki məlumatların mötəbərliyini aradan qaldıran və ya onları şübhə altına alan hər hansı hal müəyyən edilmədiyindən məhkəmə həmin rəyi əsaslı hesab edir. Ona görə də məhkəmə hesab edir ki, iddia 307.000 manat məbləğində vurulmuş maddi ziyanın ödənilməsi hissəsində təmin edilməlidir. 100.000 manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya məxsus obyektin dövlət ehtiyacları üçün sökülmüş olması və əvəzində kompensasiya ödənilməmiş olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008- ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin sadalanan hallarını, o cümlədən iddiaçının cavabdehin qanunsuz hərəkətləri (müdaxilələri) nəticəsində qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman mülkiyyət hüquqlarının həyata keçirilməsində məhdudiyyətlərə məruz qaldığını, bu illər ərzində həmin mübahisə ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 3.000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir. Digər tərəfdən, iddia qismən təmin olunduğundan və məhkəmə araşdırılması ilə bağlı çəkilmiş xərc iddiaçı tərəfindən ödənildiyi üçün məhkəmə xərci tələbin təmin olunduğu hissədə (310.000 x 400/407.000 ≈ 305 manat )cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və mütəxəssis rəyinin verilməsi nəzərə alınaraq prosessual qanunvericiliyin tələblərinə əsasən 305 (üç yüz beş) manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Cavabdehndən 307.000 (üç yüz yeddi min) manat məbləğində maddi ziyan, 3.000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzi İddiaçı ödənilsin. İddiaçı tərəfindən mütəxəssis rəyi üçün ödənilmiş 305 (üç yüz beş) manat məbləğində məhkəmə xərci Cavabdehndən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2432/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2432/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver