Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2435/2025 06.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: X5 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur, bu barədə xx.xx.1970-ci ildə 73 nömrəli akt qeydi tərtib edilmişdir. АЗБ №017806 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X2 xx.xx.1970-ci ildə doğulmuşdur, atası X6,anası isə X3r. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Ağdam rayonu Nəmirli İ/N tərəfindən tərtib edilmiş 73 saylı xx.xx.1970-ci il tarixli doğum haqqında akt qeydində uşağın adı “İlham” kimi yazılmasına baxmayaraq sizin AA ******* saylı şəxsiyyət vəsiqəsində adı “Xəqani” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Sənədlər arasında ziddiyyət olduğu üçün vətəndaşa məxsus olan vətəndaşlıq vəziyyəti akt qeydlərində adın “İlham” -dan “Xəqani”-yə dəyişdirilməsi imkan xaricindədir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus doğum haqqında akt qeydində düzəliş edilərək adının “Xəqani" kimi qeyd edilməsi vəzifəsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1970-ci ildə Ağdam rayonu, Şotlanlı kəndində anadan olmuşdur. Həmin vaxt onun doğumu dövlət orqanında qeyd etdirilmiş və onun adına Ağdam rayonu, Nəmi k/soveti tərəfindən xx.xx.1970-ci il tarixli, 73 nömrəli doğum haqqında akt qeydi əsasında doğum haqqında şəhadətnamə (AZB № 017806) verilmişdir. Onun adına verilmiş doğum haqqında şəhadətnamədə adı Xaqani kimi qeyd olunmuşdur. Onun şəxsiyyət vəsiqəsində və digər sənədlərdə adı Xəqani kimi qeyd olunmuşdur. Hər kəs onu Xəqani kimi tanıyır. Sənədləşmə işləri ilə bağlı dövlət orqanına müraciət etmişdir. Ancaq onun doğum akt qeydində adında uyğunsuzluq olduğunu bildirərək qeydiyyat şöbəsinə müraciət etməyi izah olunmuşdur. Cavabdehnə müraciət edərkən doğum haqqında akt qeydində adının “İlham” kimi qeyd edildiyi məlum olmuşdur. Cavabdeh tərəfindən doğum haqqında akt qeydində düzəliş edilməsi birbaşa onların səlahiyyətinə aid olmadığı bildirilərək məhkəməyə müraciət etməli olduğu tövsiyyə edilmişdir. Ərizəyə əlavə edilmiş məcburi köçkün vəsiqəsinin, şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamənin, hərbi biletin və diplomların surətlərindən görünür ki, adı Xəqani kimi qeyd edilmişdir. Cavabdeh bu imtinasını əsassızdır. Bütün bu səhvlər məhz cavabdeh təşkilatın səhlənkarlığı nəticəsində baş verdiyindən onların özləri tərəfindən də müvafiq düzəlişlər edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəisnin iştirakını təmin etməmiş üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi akt qeydində düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İddiaçıya məxsus olan doğum haqqında akt qeydində adı İlham kimi qeyd edilmiş olsa da, iş materiallarına əlavə edilmiş digər sənədlərdə iddiaçının adının Xəqani olması müəyyən edilir. Bu da, iddiaçıya məxsus akt qeydində iddiaçının adına dair məlumatın qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçıya məxsus doğum haqqında akt qeydində səhvə yol verilmiş, iddiaçının adı düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə İddiaçı məxsus doğum haqqında akt qeydində düzəliş edilərək adının “Xəqani" kimi qeyd edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus doğum haqqında akt qeydində düzəliş edilərək adının “Xəqani" kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2435/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2435/2025
06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver