Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2437/2025 23.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X9 və iddiaçının vəkili X3, Cavabdeh Goranboy rayonu Qeydiyyat Şöbəsinin rəisi X4 iştirakı ilə, İddiaçı cavabdeh Goranboy rayonu Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.2005-ci il tarixli nikahın pozulması akt qeydində düzəliş edilərək nikah pozulduqdan sonrakı soyadının “Məmmədzadə”dən “Məmmədova”ya düzəliş edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Mübahisənin qısa şərhi: İddiaçı (bundan sonra mətndə - iddiaçı) Goranboy rayonu Qeydiyyat Şöbəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək, xx.xx.2005-ci il tarixli nikahın pozulması akt qeydində düzəliş edilərək, nikah pozulduqdan sonrakı soyadının “Məmmədzadə”dən “Məmmədova”ya yazılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-406/2024 nömrəli məktubunda bildirmişdir ki, xx.xx.2004-cü il tarixdə Goranboy rayon Qeysiyyat Şöbəsində qeydə alınmışnikah haqqında akt qeydinin qadın qrafasında iddiaçının nikahdan əvvəlki soyadının və xx.xx.2005-ci il tarixdə qeydə alınmış nikahın pozulması haqqında akt qeydinin qadın qrafasında nikah pozulduqdan sonrakı soyadının “Məmmədzadə”dən “Məmmədova”ya düzəliş edilməsi bunun üçün kifayət qədər qanuni əsaslar olmadığına görə mümkün olmaması, mövcud ziddiyyətin aradan qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2005-ci il tarixli nikahın pozulması akt qeydində düzəliş edilərək nikah pozulduqdan sonrakı soyadının “Məmmədzadə”dən “Məmmədova”ya düzəliş edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1981-ci ildə Goranboy rayonu Qazanbulaq kəndində doğulmuşdur. Təxminən 2003-cü ildə soyadının sonluğunu dəyişərək “zadə” soyad sonluğunu götürmüş və onun soyadı “Məmmədzadə” olmuşdur. xx.xx.2004-cü ildə o, X14 adlı şəxslə nikaha daxil olmuş, nikaha daxil olan zaman o, Zeynalova soyadını qəbul etmişdir. Lakin qeyd edilən şəxslə nikahları uzun sürməmiş, 2005-ci ilin əvvəllərində aralarında olan nikah pozulmuşdur. Qeydiyyat Şöbəsində nikahıları pozulması qeyd edilən zaman o, Məmmədzadə soyadını deyil, doğulan zaman ona verilən soyadı “Məmmədova” soyadını seçdiyini bildirmişdir. Buna görə 21 fevral 2005-ci il tarixdə ona “Məmmədova” soyadı ilə təkrar doğum şəhadətnaməsi vermişlər. Bir gün sonra isə, yəni 22 fevral 2005-ci il tarixdə nikahın pozulması qeydə alınmışdır. 14 mart 2006-cı il tarixli “Nikahın pozulması haqqında” şəhadətnamədə onun nikah pozulduqdan sonrakı soyadım “Məmmədova” kimi qeyd edilmişdir. Həmin vaxtdan indiyədək bütün sənədlərdə onun soyadı “Məmmədova”dır. 2020-ci ildə o, Türkiyə Respublikasında yenidən evlənmişdir. Nikaha daxil olmaq üçün o, bütün sənədlərimi toplamış, Azərbaycanın Türkiyədə olan konsulluğu möhürünü vurmuş, sonra o, Gəncə şəhər “Asan Xidmət” Mərkəzinə getmiş və orada qeydiyyata düşmüşdür. Lakin heç bir yerdə ona Qeydiyyat Şöbəsində nikahın pozulması haqqında akt qeydində soyadının “Məmmədzadə” olmasını bildirməmişdir. O, Türkiyə Respublikasının vətəndaşlığını qəbul etmək üçün müraciət etmək üçün nikah şəhadətnaməsi almaq istəyən zaman nikahın pozulması haqqında akt qeydində onun soyadının “Məmmədzadə” kimi qeyd edildiyi boıdirilmişdir. Buna görə o, qeyd etdiyi sənədi ala bilməmişdir. 2024-cü ilin dekabr ayında o, Cavabdehnə müraciət edərək 22 fevral 2005-ci il tarixli nikahın pozulması haqqında akt qeydində nikah pozulduqdan sonrakı soyadının “Məmmədzadə”dən “Məmmədova”ya düzəliş edilməsini xahiş etmişdir. Lakin cavabdeh bunu etməkdən imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, nikah pozulduqdan sonrakı soyadının “Məmmədzadə”dən “Məmmədova”ya düzəliş edilməsi üçün kifayət qədər qanuni əsaslar yoxdur. O, imtinanı əsassız hesab edir. Belə ki, nikahın pozulması haqqında akt qeydi aparılmamış o, “Məmmədova” soyadına qayıdıb təkrar doğum haqqında şəhadətnamə almışdır. Yəni nikahın pozulması haqqında akt qeydi aparılan zaman onun qızlıq soyadı “Məmmədova” idi. Nikahın pozulması haqqında şəhadətnamədə soyadı düzgün yazılsa da, Qeydiyyat Şöbəsi nikah akt qeydində səhvə yol vermişdir. Göründüyü kimi, onun şəxsiyyət vəsiqəsində, xarici pasportunda, doğum şəhadətnamədə və digər bütün sənədlərində soyadı “Məmmədova” kimi qeyd edilib. Belə olan halda Qeydiyyat Şöbəsi özü öz səhvini düzəltməli idi. Göründüyü kimi cavabdehin imtinası tamamilə əsassıdır. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qaımışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddia ərizəsinə uyğun çıxış etmiş, həmçinin iddiaçının bütün sənədlərində hazırki gündə də soyadı məmmədova kimi gedir, sadəcə nikah pozularkən qeydiyyat şöbəsi yanlışlığa yol verərək nikahın pozulması akt qeydindən iddiaçının soyadını məmmədzadə kimi qeyd etmişdir. Halbuki ondan sonra iddiaçıya Məmmədova soyadı ilə yeni doğum haqqında şəhadətnamə və digər sənədlər verilmişdir. Bütün qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilib araşdırılan akt qeydlərin uyğunsuzluqlar vardır. Bu səbəbdən də müraciətin təmin olunmasından imtina edilmişdir. Düzəlişin edilməsi qeydiyyat şöbəsinin səlahiyyəti xaricindədir. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşdəki sənədlərə görə: Cavabdeh tərəfindən tərtib edilmiş, 08 iyun 1981-ci il tarixli 8 nömrəli doğum akt qeydinə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdə anadan olmuş, bu barədə xx.xx.1981-ci il tarixdə 8 nömrə ilə qeydiyyat aparılmış, ata qrafasında X5, ana qrafasında X6 yazılmışdır. Həmçinin doğum akt qeydi ilə müvafiq qeyd edilməklə 2003-cü ildə idiaçının soyad sonluğu “ova”dan “zadə”yə dəyişdirilmişdir. xx.xx.2004-cü il tarixdə tərtib edilmiş 23 nömrəli nikahın bağlanması haqqında akt qeydinə əsasən Vardenis rayonu anadan olmuş, xx.xx.1981-ci il təvəllüdlü X14 ilə Goranboy rayonu, Qazanbulaq kəndində anadan olmuş, xx.xx.1981-ci il təvəllüdlü X1 nikahları qeydə alınmışdır. Nikahdan sonra kişinin soyadı Zeynalov kimi saxlanılmış, qadının soyadı isə Zeynalova olaraq dəyişdirilmişdir. xx.xx.2005-ci il tarixdə tərtib edilmiş 13 nömrəli nikahın pozulması haqqında akt qeydinə əsasən Gəncə şəhərində yaşayan, xx.xx.1981-ci il təvəllüdlü X14 ilə Goranboy rayonu, Qazanbulaq kəndində yaşayan, xx.xx.1981-ci il təvəllüdlü X1 arasında olan nikah akt qeydinin pozulması qeydə alınmış, nikah pozulduqdan sonra kişinin soyadı Zeynalova saxlanılmış, qadının soyadı isə Məmmədzadə olaraq dəyişdirilmişdir. xx.xx.2005-ci il tarixdə Goranboy rayon Qozlubulaq qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 536925 nömrəli təkrar verilmiş doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdə anadan olmuş, bu barədə xx.xx.1981-ci il tarixdə 8 nömrə ilə qeydiyyat aparılmış, ata qrafasında X5, ana qrafasında X6 yazılmışdır. xx.xx.2005-ci il tarixdə tərtib edilmiş 668 nömrəli nikahın bağlanması haqqında akt qeydinə əsasən Bakı şəhərində yaşayan, xx.xx.1986-cı il təvəllüdlü X7 ilə Goranboy rayonu, Qazanbulaq kəndində yaşayn, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı nikahları qeydə alınmışdır. Nikahdan sonra kişinin soyadı Hüseynov kimi saxlanılmış, qadının soyadı isə Hüseynova olaraq dəyişdirilmişdir. xx.xx.2006-cı il tarixdə tərtib edilmiş 72 nömrəli nikahın pozulması haqqında akt qeydinə əsasən ünvan 1 ünvanında yaşayan, xx.xx.1981-ci il təvəllüdlü X7 ilə ünvan 2 ünvanında yaşayan, xx.xx.1981-ci il təvəllüdlü X2 arasında olan nikah akt qeydinin pozulması qeydə alınmış, nikah pozulduqdan sonra kişinin soyadı Hüseynov olaraq saxlanılmış, qadının soyadı isə Məmmədova olaraq dəyişdirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-xx-xx- 2025 nömrəli məktubda vətəndaş İddiaçı tərəfindən tərtib edilmiş, nikahın pozulmasının dövlət qeydiyyatına alınmasında dair soyad seçimi haqqında ərizənin hazırda .öbənin arxivində saxlanılmadığını bildimiş, bunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2016-cı il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə kargüzarlığın aparılması qaydası haqqında Təlimat”a 15 nömrəli əlavənin 43-cü bəndində göstərilən nikahın məhkəmə qətnaməsi əsasında pozulmasının qeydə alınması haqqında ərizələrin saxlanması müddətinin 5 il olmasına istinad etmiş, həmin sənədlərin saxlanılma müddəti bitdiyindən müvafiq qaydada məhv edildiyi üçün məhkəmə baxışına təqdim edilməsinin mümkün olmadığını, nikahın pozulmasının qeydə alınması haqqında akt qeydində hər iki tərəfin (kişi və qadın) imzalarının həmin qrafada qeyd edilən soyadı seçdiyini təsdiq etdiyini bildirmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1 və 158.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir 159.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1 və 160.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “Əsas Müddəalar”ın “normalarının tələbinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir (10-1 bənd). Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdeh mübahisə predmeti olan xx.xx.2005-ci il tarixli 13 nömrəli akt qeydi tərtib edilərkən iddiaçının soyad seçiminə dair ərizəsinin məhv edildiyini bildirmişdir. xx.xx.2005-ci il tarixdə tərtib edilmiş 13 nömrəli akt qeydində nikahın pozulmasından sonra iddiaçının soyadı Məmmədzadə kimi qeyd edilsə də, iddiaçıya qeyd edilən akt qeydindən sonra cavabdeh və digər orqanlar tərəfindən verilmiş və tərtib edilmiş bütün sənədlərdə, o cümlədən xx.xx.2005-ci il tarixdə tərtib edilmiş, 668 nömrəli nikah akt qeydində, xx.xx.2006-cı il tarixdə tərtib edilmiş, 72 nömrəli nikahın pozulması akt qeydində, hətta mübahisə predmeti olan xx.xx.2005-ci il tarixli akt qeydindən bir gün əvvəl, yəni xx.xx.2005-ci il tarixdə təkrar verilmiş AZ-İ №536925 nömrəli doğum haqqında şəhadətnamədə iddiaçının soyadı Məmmədzadə kimi deyil, Məmmədov kimi qeyd edilmişdir. Həmçinin mübahisə predmeti olan akt qeydinin tərtib edilməsindən bu günki günədək iddiaçının istifadəsində olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və ümumvətəndaşlıq pasportunda iddiaçının soyadı Məmmədova kimi qeyd edilmişdir. Bu da öz növbəsində iddiaçının xx.xx.2005-ci il tarixdə nikah akt qeydi tərtib edilərkən Məmmədova soyadını seçdiyini bildirməsinin əsaslı olduğunu deməyə əsas verir. İddiaçı tərəfindən Məmmədova soyadı seçilmiş və uzun müddət heç bir mübahisə olamadan istifadə etmişdir. Həmçinin inzibati orqan tərəfindən təkrarən xx.xx.2005-ci il tarixdə Məmmədova soyadı verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2005-ci il tarixdə tərtib edilmiş 13 nömrəli doğum akt qeydində nikah pozulduqdan sonra iddiaçının soyadı “Məmmədzadə”dən “Məmmədova”ya düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər (70.3). Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə xx.xx.2005-ci il tarixli, 13 nömrəli nikahın pozulması haqqında akt qeydində soyadının “Məmmədzadə”dən “Məmmədova”ya düzəliş edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Goranboy rayon VVADQ Şöbəsində xx.xx.2005-ci il tarixdə tərtib edilmiş 13 nömrəli nikahın pozulması haqqında akt qeydində nikahın pozulmasından sonra iddiaçının soyadının Məmmədova kimi qeyd edilməklə düzəliş edilməsi öhdəliyi Goranboy rayonu Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nurəli Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2437/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2437/2025
23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver