Məhkəmə qərarları › İş №2-1(114)-2438/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2438/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2438/2021 09.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə və məcburi proqula görə əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə Qarnizonu Hərbi Polisinin 21.08.2021-ci il tarixli 253 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, Gəncə Qarnizonu Hərbi Polisin 1-ci hərbi polis dəstəsinin mühafizə bölüyünün 2-ci mühafizə taqım komandiri, leytenant İddiaçı Azərbaycan Respublikası Müdaiə nazirinin 09.08.2021-ci il tarixli 01091 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 2021-ci ilin növbəti məzuniyyəti (10 təqvim günü) verilməklə 30 avqust 2021-ci il tarixdən Gəncə Qarnizonu Hərbi Polisinin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsinə göndərilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 09.11.2021-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə nazirinin 01091 nömrəli, 09.08.2021-ci il tarixli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmrin ləğv edilməsi, əvvəl tutduğu vəzifəyə bərpa edilməyi, məcburi proqula görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin məhkəməyə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, yəni inzibati orqan Bakı şəhərində yerləşdiyi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmədən ona izah edilmişdir ki, onun iddiasına yaşadığı yer üzrə, yəni Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Bu səbəbdən də məhkəməyə ərizə ilə müraciət edərək sənədlərinin geri qaytarılmasını xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11792/2021 nömrəli, 29.10.2021-ci il tarixli qərardadı ilə sənədləri geri qaytarılmışdır. Bu səbəbdən də prosessual müddəti ötürmüşdür. İddiaçı məhkəmə iclasında iddia ərizəsini və prosessual müddətin bərpasına dair ərizəni müdafiə etdiyini bildirərək prosessual müddətin bərpasına dair ərizənin və iddia tələbinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, hazırkı iş üzrə mübahisələndirdiyi əmrin ləğv edilməsi üçün ilk dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsinin icraata qəbulundan imtina edilərək bildirilmişdir ki, iddia tələbinə inzibati məhkəmədə baxılmalıdır. Ona görə, Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, orada da bildirmişlər ki, onun iddiasına yaşadığı yer üzrə, yəni Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Odur ki, məhkəməyə müraciət edərək sənədlərin geri qaytarılmasını xahiş etmiş, yalnız bundan sonra Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilən Hərbi Polis İdarəsinin təhqiqatçısı, ədliyyə leytenantı X1 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 10.07.2021-ci il tarixli qərarından görünür ki, Gəncə Qarnizonu Hərbi Polisinin 1-ci hərbi polis dəstəsinin mühafizə bölüyünün 2-ci mühafizə taqımının komandiri vəzifəsində xidmət edən leytenant İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39-1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən təqdim edilən özünə məxsus EZ ******* nömrəli hərbi biletin 16-cı səhifəsinin surətindən görünür ki, İddiaçı 10.09.2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. Bu hal ona dəlalət edir ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati akt – Azərbaycan Respublikası Müdaiə nazirinin 09.08.2021-ci il tarixli 01091 nömrəli əmri ən gec halda 10 sentyabr 2021-ci il tarixə qədər ona məlum olmuşdur. Çünki iddiaçı məhz mübahisələndirdiyi inzibati akta - 09.08.2021-ci il tarixli 01091 nömrəli əmrə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə Qarnizonu Hərbi Polisinin 21.08.2021-ci il tarixli 253 nömrəli nizami hissə üzrə əmrinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddiaçı əmrin qəbul edildiyi 09.08.2021-ci il tarixdən iddia müddətinin ötürülməsini üzrlü hesab edərək əsas kimi əvvəlcə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə, daha sonra Bakı İnzibati Məhkəməsinə, yekunda isə Gəncə İnzibati Məhkəməsinə müraciət etməsini göstərmiş, bu səbəbdən də müddətin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. İddia ərizəsinin araşdırılması zamanı “AZEMİS” Elektron Məhkəmə Sistemindən əldə edilərək iş materiallarına əlavə edilmiş elektron sorğunun nəticəsindən müəyyən edilir ki, iddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinə 11.10.2021-ci il tarixdə, Bakı İnzibati Məhkəməsinə isə 27.10.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə iddiaçının prosessual müddətin bərpasına əsas kimi qeyd etdiyi digər məhkəmələrə, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinə və Bakı İnzibati Məhkəməsinə müraciət tarixlərini nəzərdən keçirib hesab edir ki, iddiaçının hazırkı mübahisə ilə bağlı məhkəməyə ilk müraciəti 11.10.2021-ci il tarixdə olmuşdur ki, bu tarix Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə Qarnizonu Hərbi Polisinin 21.08.2021-ci il tarixli 253 nömrəli nizami hissə üzrə əmrinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsində hərbi qeydiyyata alındığı tarixdən hesablandıqda 30 gündən artıq müddətdir. Bununla yanaşı, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161. bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Həmin Əsasnamənin 165. bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Beləliklə məhkəmə hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün iddiaçının gətirdiyi dəlillər, yəni digər məhkəmələrə müraciəti nəzərə alınsa belə, ilkin müraciəti zamanı da (11.10.2021-ci il tarixdə) iddia qaldırmaq üçün nəzərdə tutulan müddət buraxılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair digər əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən, əvvəlki vəzifəyə bərpa edilmə və məcburi proqula görə əmək haqqının ödənilməsi üzrə mümkünlük şərtlərinin yoxlanılması zərurəti aradan qalxmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə və məcburi proqula görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar