Məhkəmə qərarları › İş №2-1(114)-2438/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2438/2025

26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2438/2025 26.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı X3, X6 və X4 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı üçüncü şəxslərin ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə (bundan sonra mətndə cavabdeh) etdiyi müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3, X6 və X4 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən, ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Azərbaycan Respublikası DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən 25 may 1987-ci il tarixdə verilmiş çıxarış əsasında onun xüsusi mülkiyyətidir. Cavabdehlər keçmiş əri və övladları ilə nəvəsidir. O, həyat yoldaşından ayrılanda ona söz verdi ki, tez bir zamanda pasport qeydiyyatından çıxacaq. Bu günə kimi götürdüyü öhdəliyi yerinə yetirməyib. O, zəng etdikcə onu aldadırdı. İndi ehtiyacı olduğundan həmin evi banka girov qoyaraq pul götürmək istəyir. Cavabdehlərin onun evində qeydiyyatda olduqlarına görə ona maneçilik törədirlər. O, cavabdehlərdən onun evindən pasport qeydiyyatdan çıxmalarını xahiş etdikdə imtina etdilər. Ona görədə məhkəməyə müraciət etmişdir. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2- 322/2025 saylı cavab məktubu ilə müəyyən edilir ki, idarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Gəncə şəhər 1 saylı DNK-nın xx.xx.1991-ci il tarixli, 2-6-858 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış və onun adına xx.xx.2011-ci il tarixli, 5262 reyestr nömrəli, 7/78 qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin qeydiyyat vəsiqəsi bir nüsxədən ibarət tərtib olunaraq vətəndaşa təqdim edildiyi üçün qeydiyyat vəsiqəsinin nüsxəsi arxiv qovluğunda saxlanılmamışdır. Əlavə olaraq bildirilir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində üçüncü şəxslər X2 və digərlərinin istifadə hüququnun qeydə alınmasına dair məlumat aşkarlanmamışdır. Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-13-134/2025 saylı məktubundan məlum olur ki, üçüncü şəxslər X3 iddiaçının keçmiş əri (1981-ci ildə nikaha daxil olub, 2014-cü ildə nikah pozulub), X6 isə oğludur. Tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh məktubu ilə nümayəndəsinin iştirakı olmadan baxlılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat elektron məhkəmə sorğu sistemdən çıxarışlar, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21- 3-33/2-322/2025 saylı məktubu, Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-13-134/2025 saylı məktubu və digər sənədlər təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materiallarına əsasən müəyyən edildiyi kimi üçüncü şəxs X3 iddiaçının keçmiş əri olmaqla, X6 iddiaçının oğlu olmaqla, ünvan 1 ünvanına qeydiyyata alınmışlar. Hazırda da qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatının formal olmasına və bu halın onun hüquqlarının məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İş materialları ilə müəyyən edilir ki, X1 mənzilin mülkiyyətçisi İddiaçı keçmiş əri, X6 isə iddiaçının oğlu olmaqla valideynlərinin yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3- 16-5/8-13-134/2025 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, üçüncü şəxslər X3 və X6 iddiaçının yaxın ailə üzvləridir. Məhkəmə qeyd edir ki, üçüncü şəxslər iddiaçının ailə üzvləri olduqlarına görə onların mənzildən istifadə hüquqlarının mövcud olub-olmaması mübahisəli hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri baxımından müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, üçüncü şəxslərdən X3 və X6 hazırkı mülkiyyətçi İddiaçı ailə üzvləri – olduğundan onların iddiaçı ilə birlikdə onunla birlikdə istifadə etmək hüququ vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı ilə üçüncü şəxs X3 1981-ci ildə nikaha daxil olmuş, 2014-cü ildə nikahları pozulmuşdur. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Gəncə şəhər 1 saylı DNK-nın xx.xx.1991-ci il tarixli, 2-6-858 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən İddiaçı satılmış və onun adına xx.xx.2011-ci il tarixli, 5262 reyestr nömrəli, 7/78 qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi mənzil birgə nikah döcründə alınmışdır. İddiaçı tərəfin iddia etdiyi kimi, üçüncü şəxslər uzun müddətdir mübahisəli evdən çıxıb həmin evdə yaşamadıqları halda iddiaçı həmin şəxslərin istifadə hüquqlarının itirilməsi (və ya xitamı) barədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmalı, həmin icraat zamanı adıçəkilən şəxslərin mübahisəli evə istifadə hüquqlarının olmadığı müəyyən ediləcəyi və iddia təmin ediləcəyi halda, həmin qətnamə onların qeydiyyatdan çıxarılması üçün əsas ola bilər. Göründüyü kimi, hazırkı halda iddiaçı cavabdeh orqana “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində sadalanan əsaslardan hər hansı birini təqdim etmədiyinə görə cavabdeh orqanın üçüncü şəxslərin qeydiyyatdan çıxarmadan imtinası əsaslı olmuşdur.Məhkəmə onu da qeyd edir ki, hal hazırda inzibati məhkəmə icraatı çərçivəsində üçüncü şəxsin qeyd edilən ünvana istifadə hüququ məsələsini müəyyən etmək mümkün deyildir, üçüncü şəxsin qeyd edilən ünvana istifadə hüququnun mövcud olub-olmadığının müəyyən olunması məsələsi yalnız mülki məhkəmə icraatı qaydasında həll olunur. Belə ki, yuxarıda qeyd edilmiş hallar ilə də müəyyən edilir ki, iddiaçının tələbi əsassız olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar