Məhkəmə qərarları › İş №2-1(114)-2439/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2439/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2439/2023 17.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Bərdə rayonu Nazırlı bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Bərdə rayonu Nazırlı bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışa əsasən islahat zamanı texniki səhv üçün adı subyektlər siyahısına düşməyən X1 adının subyektlərin siyahısına salınması və vətəndaşa kəndin ərazisindən 120 saylı konturdan norma üzrə pay torpağının verilməsi qərara alınmışdır.

2. Bərdə rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 08 saylı iclas protokolu ilə Nazırlı bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 07 saylı iclas protokolunun nəzərə alınması, qərarla əlaqədar yerquruluşu sənədlərində müvafiq düzəlişlərin aparılmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyindən xahiş edilməsi qərara alınmışdır.

3. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 276 nömrəli arxiv arayışında göstərilir ki, rayon Dövlət Arxivində 75 saylı fondda mühafizə olunan Bərdə rayon Nazırlı inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 5 saylı təsərrüfatbaşına kitabının 1996-2000-ci illər üzrə 362 saylı şəxsi hesabına əsasən vətəndaş X3 Nazırlı kəndi üzrə qeyd olunan pay torpağı 1.70, sonradan altından xətt çəkilib 0.74 qeyd olunub.

4. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.80 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, müraciətlə əlaqədar idarənin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq müvafiq araşdırma aparılmışdır. Məlum olmuşdur ki, Bərdə rayonu, Nazırlı kəndi üzrə elektron xəritə bazasında, arxiv materiallarında onun adına dövlət aktının arxiv nüsxəsi yoxdur, həmçinin elektron adlı siyahıda və dövlət aktlarının qeydiyyatı kitabında İddiaçı və onun ailə üzvlərinin adına torpaq sahəsinin verilməsi barədə qeydlər, dövlət aktının olması barədə məlumatlar qeyd olunmamışdır. Yuxarıda qeyd edilən səbəblərdən Bərdə rayonu Nazırlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci və 15.1.1-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunur.

5. Məhkəmənin sorğusuna Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1907/2023 nömrəli cavab məktubunda göstərilir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı Bərdə rayonu, Nazırlı kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.

6. Məhkəmənin sorğusuna Bərdə rayonu Nazırlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 19 nömrəli cavab məktubunda göstərilir ki, İddiaçı Nazırlı kəndində istifadəsində olan 0.80 ha torpaq sahəsi Nazırlı bələdiyyəsinin mülkiyyətində olan şoran örüş torpağıdır (heyvandarlığın inkişafı üçün nəzərdə tutulmuş sahə). 1999-cu ildə pay torpaqları kənd əhalisinə bölünərkən İddiaçı adı dövlət aktına texniki səbəbdən düşməmişdir. Həmin 0.80 ha torpağı ona bələdiyyə tərəfindən tanıdılmış, lakin heç bir sənədləşmə getməmişdir. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və onun xüsusi mülkiyyətində olan Bərdə rayonu, Nazırlı kəndində yerləşən 0.80 ha pay torpaq sahəsinə Torpağa mülkiyyət hüququna dair dövlət aktının verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, islahat gedən zaman ailə üzvlərinin xüsusi mülkiyyətinə Bərdə rayonu Nazırlı kəndində yerləşən pay torpaq sahəsi vermişlər. Torpaq paylanan zaman onun adını torpaq siyahısında qeyd etsələr də lakin həmin zamanlarda o, nişanlı olduğu üçün siyahıdan onun adının üzərinə xətt çəkmişlər və onun adını pay torpaq sahəsinə qeyd etməyiblər. Evləndikdən daha sonra adambaşına hesablanmaqla verilən 0.80 ha torpaq sahəsini istifadə etmək istədikdə ona bildirmişlər ki, atasının mülkiyyətində olan torpaq sahəsində adı yoxdur. Torpaq sahəsindən istifadə edib gəlir əldə etmək üçün Respublika Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə öz adından ərizə yazmış və pay torpaq sahəsinin verilməsini xahiş etmişdir. Bərdə rayonu Nazırlı bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 07 saylı iclas protokolu və qərarı ilə Bərdə rayonu Nazırlı kəndində yerləşən 120 saylı konturdan norma üzrə ona 0.80 ha pay torpaq sahəsi verilmiş, islahat zamanı texniki səhv üzündən adı subyektlər siyahısına düşmədiyi üçün isə onun adı subyektlər siyahısına salınmışdır. Hal-hazırda ona verilmiş olan 0.80 ha pay torpaq sahəsini öz adına rəsmi olaraq sənədləşdirmək istəyir. Lakin 0.80 ha torpaq sahəsinin dövlət aktı olmadığı üçün rəsmi olaraq çıxarış ala bilmir. Dövlət aktının olmaması da ona bir sıra çətinliklər yaradır. Dövlət aktının olmaması nəticəsində isə o, uzun zamandır ki, subsidiya da ala bilmir. Dəfələrlə bir çox yerlərə müraciət etmişdir. Hazırda isə məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

12. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

17. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və ünvan 2i ünvanında yerləşən 0.80 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

21. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsi 2000-ci ildən etibarən onun faktiki istifadəsindədir və hazırda yonca əkmişdir. İslahat zamanı onun adını səhvən salmadıqları üçün dövlət aktı almamışdır.

22. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Bərdə rayonu Nazırlı bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışın surəti; - Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 276 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-M-00xx-xx/2023 nömrəli məktubu; - Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 08 saylı protokolundan çıxarış; - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1907/2023 nömrəli məktubu; - Bərdə rayonu Nazırlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 19 nömrəli arayışı.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

25. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Bərdə rayonu Nazırlı bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışa əsasən islahat zamanı texniki səhv üçün adı subyektlər siyahısına düşməyən X1 adının subyektlərin siyahısına salınması və vətəndaşa kəndin ərazisindən 120 saylı konturdan norma üzrə pay torpağının verilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan sənədi təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.80 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Nazırlı kəndi üzrə elektron xəritə bazasında, arxiv materiallarında onun adına dövlət aktının arxiv nüsxəsi yoxdur, həmçinin elektron adlı siyahıda və dövlət aktlarının qeydiyyatı kitabında İddiaçı və onun ailə üzvlərinin adına torpaq sahəsinin verilməsi barədə qeydlər, dövlət aktının olması barədə məlumatlar qeyd olunmamışdır.

26. Məhkəmə aşağıdakılara əsasən cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab edir.

27. Belə ki, məhkəmə tərəfindən Bərdə rayonu Nazırlı kəndidə aparılmış islahat zamanı pay almış subyektlərin siyahısında İddiaçı adının olub-olmaması barədə məlumatın əldə edilməsi məqsədilə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-yə sorğular verilmiş və alınmış cavab məktubunda göstərilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı Bərdə rayonu, Nazırlı kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.

28. Bərdə rayonu Nazırlı bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 07 saylı iclas protokolunun qərarına əsasən islahat zamanı texniki səhv üçün adı subyektlər siyahısına düşməyən X1 adının subyektlərin siyahısına salınması və vətəndaşa kəndin ərazisindən 120 saylı konturdan norma üzrə pay torpağının verilməsi qərara alınsa da, həmin dövrdə bələdiyyələrin islahatla əlaqədar vətəndaşlara torpaq sahəsi ayırmağa səlahiyyəti olmamışdır. Həmin səlahiyyət yerli aqrar islahat komissiyaları tərəfindən həyata keçirilirdi və yerli aqrar islahat komissiyasının qərarları rayon aqrar islahat komissiyaları tərəfindən təsdiq edilirdi.

29. Eyni zamanda, Bərdə rayonu Nazırlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 19 nömrəli arayışında İddiaçı Nazırlı kəndində istifadəsində olan 0.80 ha torpaq sahəsi Nazırlı bələdiyyəsinin mülkiyyətində olan şoran örüş torpağı (heyvandarlığın inkişafı üçün nəzərdə tutulmuş sahə) kimi qeyd olunmuşdur.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

31. Göründüyü kimi, cavabdeh orqanın hüquqların dövlət qeydiyyatını həyata keçirməsi üçün ərizəçi tərəfindən ona “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci mddəsində göstərilən əsaslardan biri təqdim edilməlidir.

32. Hazırkı işdə isə mübahisəli torpaq sahəsinin iddiaçıya qanunamüvafiq qaydada ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Belə ki, Bərdə rayonu, Nazırlı kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Həmçinin, həmin torpaq sahəsi hazırda Bərdə rayonu Nazırlı bələdiyyəsinin mülkiyyətindədir.

33. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir.

34. Məhkəmə qeyd edir ki, mülkiyyətin bir növü kimi bələdiyyə mülkiyyətində olan torpaqların idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla onların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunla tənzimlənir.

35. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

36. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsinin ümumi qaydası kimi, onların açıq torpaq hərracları və ya müsabiqələri yolu ilə əldə edilməsi nəzərdə tutulmuş, bu qaydadan istisna kimi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə beş il müddətinə özgəninkiləşdirmək qadağan edilməklə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi qeyd olunmuşdur.

37. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanunla bələdiyyə torpaqlarının idarə olunması sahəsində ciddi islahatlar həyata keçirilmiş, bələdiyyə torpaqlarının satışı və icarəsinin torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu dəyişikliklərin edilməsində əsas məqsəd torpaqların satışı və icarəsi sahəsində şəffaflığın təmin olunması, bazar iştirakçıları üçün bərabər imkanların yaradılması və digər neqativ halların qarşısının alınması olmuşdur (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı).

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır.

39. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

41. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar