Məhkəmə qərarları › İş №2-1(114)-244/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-244/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-244/2023 06.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X4 və X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyekti onun mülkiyyətində olmaqla hüquqların 2005-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış obyektindən uzun müddət təyinatına uyğun olaraq istifadə etmiş, daha sonra müəyyən səbəblərdən istifadəni dayandırmışdır. Naftalan şəhərindən kənarda olarkən Cavabdeh nümayəndələri həmin ünvana gəlmiş və mülkiyyətində olan həmin qeyri-yaşayış obyektini qanunsuz şəkildə sökmüşlər. O ünvana getdiyində qeyri-yaşayış obyektinin iradəsindən kənar şəkildə söküldüyünün şahidi olmuşdur. Bu vaxta qədər bir neçə dəfə şifahi olaraq icra hakimiyyətinə müraciət edərək bu qanunsuzluğun aradan qaldırılmasını, qeyri-yaşayış obyektinin tikilərək əvvəlki vəziyyətə qaytarılmasını xahiş və tələb etsə də heç bir faydası olmamışdır. Buradan belə bir fikir yaranır ki, Cavabdeh işçiləri qanunlara hörmət etmir, məhəl qoymur və vəzifə səlahiyyətlərini aşmağı, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyi özlərinə borc bilirlər. Ümumiyyətlə, heç bir şəxsin və orqanın hər hansı bir tikilini özbaşına olsa da belə gəlib sökməyə səlahiyyəti və ixtiyarı yoxdur. Bu hərəkətin edilməsi qanuna ziddir və özbaşınalıqdır. Azərbaycan Respublikasının qanunverciliyi mülkiyyətə qanunsuz müdaxiləni qadağan edir və yalnız qanunla müəyyən edilmiş şərtlər daxilində və yalnız məhkəmə yolu ilə tikilinin sökülməsi qaydasını müəyyən etmiş, bu sahədə səlahiyyətləri isə ayrı-ayrı qurumlara həvalə etmişdir ki, şəhər (rayon) icra hakimiyyətlərinin birbaşa tikinitini sökmək və ya bu barədə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Tikilinin yenidən bərpa edilərək ona təhvil verilməsi barədə cavabdeh quruma müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, sökülmüş obyektin əvəzinə torpaq sahəsi ayrılacağı qeyd edilmişdir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməmiş və əlavə olaraq bildirmişdir ki, Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyriyaşayış obyektin şəhərin memarlıq üslubuna xələl gətirdiyinə, müasir standartlara cavab vermədiyinə görə sökülüb götürülməsi üçün Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 mart 2022-ci il tarixli 21 nömrəli məktubla vətəndaşa müraciət edilmişdir. Eyni zamanda qeyd olunan məktubda və Cavabdeh 09 avqust 2022-ci il tarixli Ş-5-149/18 nömrəli məktubu ilə ona bildirilmişdir ki, gələcəkdə şəhərin Baş Planına uyğun olaraq müvafiq ərazidən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə torpaq sahəsi ayrılan zaman ona da həmin ərazidən torpaq sahəsi veriləcəkdir. Həmçinin Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin şəhər İcra Hakimiyyətinə ünvanladığı 01 noyabr 2022-ci il tarixli 92 nömrəli məktubda bildirilir ki, vətəndaş İddiaçı ilə telefon əlaqəsi yaradılmış, o, özünün Naftalan şəhərində olmadığı üçün nümayəndələrini göndərəcəyini bildirmiş və bundan sonra onun nümayəndələri bacısı oğlu X1, həyat yoldaşının yaxını X5 əraziyə yaxınlaşaraq obyekt sahibi tərəfindən göndərildiklərini bildirmiş və obyektə aid tikinti materiallarını (hətta köhnə və yararsız kərpicləri belə) sökərək götürüb aparmışlar. Cavabdeh tərəfindən şəhər sakinləri və turistlərin məmnunluğu üçün atılan addım olaraq ərazi abadlaşdırılmış, müxtəlif çoxillik ağac növləri əkilmişdir. İddiaçı məxsus obyekt uzun müddətdir ki, isifadə edilməyərək baxımsız, yararsız vəziyyətdə olmuş və müasir standartlara cavab verməyərək şəhərin memarlıq üslubuna xələl gətirməklə yanaşı antisanitariya məkanına çevrilmişdir. Vətəndaşa dəfələrlə obyektini təmir etdirməsi bildirilsə də o, bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 06 fevral 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Naftalan şəhər D.T.İ.M.H.Q və Ş.K.İ tərəfindən təqdim edilmiş xx.xx.2005-ci il tarixli, 47a nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyekti mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. - işə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 3/71 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Naftalan şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyekti 47A qeydiyyat nömrəsi ilə xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. - işə əlavə edilmiş Cavabdeh Ş-5-149/18 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Naftalan şəhəri, Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində, Heydər Əliyev parkına bitişik ərazidə yerləşən iddiaçıya məxsus mağazanın yararsız vəziyyətdə olduğuna, şəhərin memarlıq üslubuna xələl gətirdiyinə və standartlara cavab vermədiyinə görə iddiaçının nümayəndələrinin iştirakı ilə sökülüb götürülmüşdür. Gələcəkdə Baş plana uyğun olaraq şəhərin müvafiq ərazisindən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Bu məqsədlə torpaq sahəsi ayrılan zaman iddiaçıya da həmin ərazidən sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin verilməsi nəzərdə tutulur. - işə əlavə edilmiş Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 21 nömrəli məktubun məzmunundan görünür ki, iddiaçıya məxsus Naftalan şəhəri, Heydər Əliyev prospekti ilə Nizami küçəsinin kəsişməsində, Heydər Əliyev parkına bitişik ərazidə yerləşən mağazanın şəhərin memarlıq üslubuna xələl gətirdiyinə görə sökülüb götürülməsi məqsədəmüvafiq hesab edilmiş və gələcəkdə Baş plana uyğun olaraq şəhərin müvafiq ərazisindən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsi verilən zaman o da torpaq sahəsi ilə təmin ediləcəkdir. - işə əlavə edilmiş Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 92 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus yararsız tikilinin sökülüb götürülməsi üçün tərəflərindən, rəsmi məktub göndərilmişdir. Eyni zamanda vətəndaşla telefon əlaqəsi yaradılmış və tikilisinin sökülüb götürülməsi xahiş edilmişdir, cavab olaraq İddiaçı özünün ərazidə olmadığı üçün nümayəndəsini göndərəcəyini bildirmiş və bundan sonra onun nümayəndələri, bacısı oğlu X1, həyat yoldaşının yaxını X5 əraziyə yaxınlaşaraq obyekt sahibi tərəfindən göndərildiklərini bildirmişlər və tikiliyə aid yararlı tikinti materiallarını sökərək götürüb aparmışlar. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün olsa da mahiyyəti baxımından əsaslı deyil. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyekti xx.xx.2005-ci il tarixli, 47a nömrəli qeydiyyat vəsiqəsi əsasında İddiaçı adına qeydə alınmışdır. Bundan sonra həmin qeyri-yaşayış obyekti cavabdeh tərəfindən iddiaçının nümayəndələri ilə birlikdə sökülmüşdür. İddiaçı sözügedən qarşı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin mağazanın yararsız vəziyyətdə olduğuna, şəhərin memarlıq üslubuna xələl gətirdiyinə və standartlara cavab vermədiyinə görə iddiaçının nümayəndələrinin iştirakı ilə sökülüb götürüldüyü, həmçinin gələcəkdə Baş plana uyğun olaraq şəhərin müvafiq ərazisindən vətəndaşların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulduğu və torpaq sahəsi ayrılan zaman iddiaçıya da həmin ərazidən sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin verilməsi nəzərdə tutulduğu bildirilərək müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırda Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsini tələb edir. Cavabdehin imtinasının əsası kimi gələcəkdə Baş plana uyğun olaraq şəhərin müvafiq ərazisindən sahibkarlıq fəaliyyəti ilə məşğul olunması üçün torpaq sahəsinin ayrılacağı və bu zaman iddiaçıya da həmin ərazidən sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin verilməsi nəzərdə tutulması təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Naftalan şəhər D.T.İ.M.H.Q və Ş.K.İ tərəfindən təqdim edilmiş xx.xx.2005-ci il tarixli, 47a nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mülkiyyətində yalnız Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyekti olmuş, lakin həmin qeydiyyat vəsiqəsində həmin mağazanın yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması barədə heç bir qeyd aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ, İV hissələri). Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqları və X2 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Cavabdehin etirazında qeyd edilmişdir ki, Naftalan şəhərinə müalicə və istirahət məqsədilə hər il minlərlə yerli və xarici turist səfər edir. Bununla əlaqədar şəhərdə geniş quruculuq və abadlıq işlərinin aparıldığını nəzərə alaraq, şəhərin ərazisində istismar müddəti başa çatmış, hazırki görkəmi ilə şəhərin memarlıq üslubuna xələl gətirən obyektlərin və qeyri-qanuni tikililərin müəyyənləşdirilməsi və bu obyektlər barədə qanunauyğun tədbirlər görülməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2015-ci il tarixli 355 nömrəli Qərarı ilə “Naftalan şəhərinin 2035-cü ilə qədərki dövrdə inkişafına dair” Naftalan şəhərinin Baş planı” təsdiq edilmişdir. Baş Plana uyğun olaraq şəhər ərazisindəki bütün mövcud çoxmərtəbəli yaşayış binalarının ətrafı abadlaşdırılır, əhalinin və şəhərə gələn qonaqların istirahəti üçün yeni istirahət zonaları yaradılır, park və səkilər, yollar təmir olunur, yaşıllıqlar salınır. İddiaçıya məxsus obyekt uzun müddətdir ki istifadə edilməyərək baxımsız, yararsız vəziyyətdə olmuş və müasir standartlara cavab verməyərək şəhərin memarlıq üslubuna xələl gətirməklə yanaşı antisanitariya məkanına çevrilmişdir. Vətəndaşa dəfələrlə obyektini təmir etdirməsi bildirilsə də o bundan imtina etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, iddiaçının bərpasını tələb etdiyi mağaza köhnə tipli olmaqla baxımsız və təmirsiz vəziyyətdədir. İddiaçı özü də iddia ərizəsində etiraf etmişdir ki, həmin qeyri-yaşayış obyektindən istifadəni dayandırmışdır. Bundan əlavə Cavabdeh başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 92 nömrəli məktubundan görünür ki, İddiaçı məxsus yararsız tikilinin sökülüb götürülməsi üçün iddiaçıya rəsmi məktub göndərilmiş, eyni zamanda telefon əlaqəsi yaradılmış və tikilisinin sökülüb götürülməsi xahiş edilmişdir, cavab olaraq İddiaçı özünün ərazidə olmadığı üçün nümayəndəsini göndərəcəyini bildirmiş və bundan sonra onun nümayəndələri, bacısı oğlu X1, həyat yoldaşının yaxını X5 əraziyə yaxınlaşaraq obyekt sahibi tərəfindən göndərildiklərini bildirmişlər və tikiliyə aid yararlı tikinti materiallarını sökərək götürüb aparmışlar. Qeyd olunan faktlar qeyri-yaşayış obyektinin sökülməsinin iddiaçının ərizəsində göstərdiyi kimi ondan xəbərsiz sökülməsini təkzib edir. Bundan başqa işə əlavə edilmiş fotoşəkildən görünür ki, iddiaçıya məxsus qeyriyaşayış obyektinin yerində yaşıllıq salınaraq abadlaşdırma işləri həyata keçirilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçıya mağazasının sökülməsi barədə rəsmi məlumat verilmiş, onun özü sökülmədə iştirak etməsə də nümayəndələri iştirak etmiş və sonuncular mağaza söküldükdən sonra qalan materialları daşımışlar. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının mağaza ona məxsus torpaq sahəsi üzərində inşa edilmişdir. Bundan əlavə araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, sökülmüş mağazanın torpaq sahəsində hazırda abadlıq işləri aparılaraq yaşıllıq zolağı salınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mağazanın abadlıq işləri aparılmış ərazidə yenidən inşa edilməsi şəhərin Baş planına xələl gətirə biləcəyindən iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı qeyriyaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi tələbina dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar