Məhkəmə qərarları › İş №2-1(114)-2440/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2440/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2440/2023 27.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı vəkili X7, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli **********669700 nömrəli qərarın ləğv edilməsinə və həmin qərar əsasında hesablanmış 3915,43 manat verginin və tətbiq edilmiş 100 manat maliyyə sanksiyasının, ümumilikdə 4015,43 manat məbləğin şəxsi hesab (VÖEN:**********) vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarasınız. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən cavabdehin tərəfindən 20.594,5 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 12.100 ABŞ dolları məbləğində xarici valyuta əldə etməyi müəyyən olunmuş, həmin məbləğ vergi orqanı tərəfindən gəlir kimi qiymətləndirilərək vergi ödəyicisi kimi məcburi qaydada uçota alınaraq əvvəl ona məxsus olan, lakin sonradan bağlanan VÖEN aktivləşdirilərək ona ********** saylı VÖEN verilmişdir. Bunun müqabilində vergi orqanı tərəfindən ona 2.883,23 manat vergi borcu və 775,59 manat faiz olmaqla, ümumilikdə 3.658,82 manat vergi borcu hesablanmışdır. Lakin sonradan nədənsə həmin borc bir az da artaraq vergi orqanı tərəfindən ona 3915,43 manat borc və 100 manat maliyyə maliyyə sanksiyası tətbiq edilmişdir. Ona yazılan vergi borcunu qanunsuz və əsassız hesab edir. O, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. O, X2, anası X8, arvadı X21, övladları X11 və X13 ilə birlikdə yaşayır. X2 2021-ci ilin iyun ayına qədər İİ qrup əlil olmaqla 290 manat, anası isə 2021-ci ilin iyul ayına qədər İİ qrup əlil olmaqla 265 manat pensiya almışdır. Sonradan həmin pensiyalar dövlət tərəfindən ləğv edilmişdir. O, 05 yanvar 2016-cı ildən 09 avqust 2021-ci ilədək X16 İdarəsinin Goranboy şöbəsində meşə gözətçisi vəzifəsində işləmiş, həmin şöbədə 2017-ci ildə il ərzində 1635 manat, 2018-ci ildə il ərzində 1795 manat, 2019-cu ildə il ərzində 2946 manat əmək haqqı almışdır. Bundan əlavə onun Göygöl rayonunda evi olub və həmin evi 2016-cı ildə 15.000 manata satmışdır. Vergi orqanından borc yazıldıqdan sonra ona məlum olmuşdur ki, hər bir vətəndaş 20.000 manat məbləğində xarici valyuta almaq ixtiyarı vardır. Bu da dollarla 11.700 ABŞ dolları təşkil edir. O da həmin məbləğdən 400 ABŞ dolları yuxarı, yəni 12.100 ABŞ dolları almışdır. Belə çıxır ki, heç bir ailənin xarici valyuta ilə büdcəsi ola bilməz. Ona aid olan pulu evdə qalmaqdansa, yatırım kimi dollara dəyişmişdir. O vergi ödəyicisi kimi qeydiyyata düşməyinin səbəbi xeyir işlərdə kamera çəkilişi ilə məşğul olduğu üçün olmuşdur. Lakin sonradan daim olaraq X16 İdarəsinin Goranboy şöbəsində meşə gözətçisi vəzifəsində işlədiyi üçün həmin fəaliyyətlə məşğul olmamış və fiziki şəxs kimi qeydiyyata düşdüyü VÖEN-i dollar almamışdan qabaq cavabdehə müraciət edərək bağlatmışdır. “Covid-19” pandemiyası ilə əlaqədar olaraq karantin rejimi keçirildiyi üçün 2021-ci ildə heç bir yerə gedə bilməmiş, 15 aprel 2021-ci ildə cavabdehə gəliri barədə müraciət edərək barəsində qəbul edilmiş qərarın ləğv olunmasını xahiş etsə də, cavabdeh tərəfindən rəsmi cavab ala bilməmiş, yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 07 mart 2023-cü il tarixdə “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” **********173900 nömrəli qərar qəbul edilmiş, həmin qərar ona rəsmi qaydada verilməmiş, qeyri-rəsmi olaraq həmin qərarın surətini 28 mart 2023-cü il tarixdə almışdır. Bundan başqa ona Gəncə Kommersiya Məhkəməsinin qətnaməsi ilə qanunsuz hesablanmış vergi borcuna görə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bu isə öz növbəsində Azərbaycan Respublikası Konstitusiyasına görə azadlıq hüququnu pozur. Ona görə də, ona hesablanan vergi borcunu əsassız hesab edir. Odur ki, ərizəsinə əlavə etdiyi sənədləri nəzərdən keçirərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ona yazılmış “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********669700 nömrəli qərarın ləğv edilməsinə dair müvafiq qərar qəbul edəsiniz. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının vəkili X14 məhkəmə iclasında iddianı müdafiə etmiş və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş məlumata əsasən İddiaçı tərəfindən 20594,50 manat (12100,0 USD) məbləğində valyuta mübadiləsi əməliyyatının aparılması müəyyən olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixli **********039500 nömrəli məktubla qeyd olunan vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti və s.) borc, kredit və s.)) ilə bağlı ətraflı izahatın verilməsi üçün Baş İdarənin inzibati binasına dəvət olunmuşdur. Lakin İddiaçı tərəfindən qeyd olunan məktuba cavab verilməmiş, onun tərəfindən əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim olunmamışdır. Vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********348300 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu il üçün 2883,23 manat gəlir vergisi hesablanmış, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********669700 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçı sonradan xx.xx.2023-cü il tarixli **********358100 nömrəli və xx.xx.2023-cü il tarixli **********595300 nömrəli şikayət məktubları ilə vergi orqanına müraciət etmişdir. Həmin müraciətlərində X2, anası X8, arvadı X21, övladları X11 və X13 ilə birlikdə yaşadığını, X2 2021-ci ilin iyun ayına qədər İİ qrup əlil olmaqla 290 manat, anası isə 2021-ci ilin iyul ayına qədərə İİ qrup əlil olmaqla 265 manat pensiya aldığını, sonradan həmin pensiyaların dövlət tərəfındən ləğv edildiyini, özünün isə 05 yanvar 2016-cı ildən 09 avqust 2021-ci ilədək X16 İdarəsinin Goranboy şöbəsində meşə gözətçisi vəzifəsində işlədiyini, həmin şöbədə 2017-ci ildə il ərzində 1635 manat, 2018-ci ildə il ərzində 1795 manat, 2019-cu ildə il ərzində 2946 manat əmək haqqı aldığını, bundan əlavə Göygöl rayonunda olan evini 2016-cı ildə 15.000 manata satdığını qeyd etmişdir. Aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin şikayətləri barəsində İnzibati şikayətlərə baxılması baş idarəsinin xx.xx.2023cü il tarixli **********173900 nömrəli qərarı qəbul olunmuşdur. Həmin qərarla vergi ödəyicisinin şikayəti baxılmamış saxlanılmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən inzibati şikayətin verilməsi müddəti üzrlü səbəb olmadan buraxılmışdır. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə sözügedən şikayət məktubunda qeyd olunanlar tamamillə fərqlidir və bu da onu təsdiq edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillər əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən 2019-cu il üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi səbəbindən kameral vergi yoxlamasının aparılması mümkün olmamış və İddiaçı bəyannamənin təqdim olunması, həmçinin kameral vergi yoxlanmasının başa çatdırılması üçün 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********669700 nömrəli qərarından görünür ki, İddiaçı gəlir vergisi bəyənnaməsini təqdim etmədiyinə görə 2883.23 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X17 idarəsinin xx.xx.2022-ci il tarixli, 202 nömrəli arayışın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilə kimi X12 İdarəsinin Goranboy şöbəsində meşə gözətçisi vəzifəsində işləmişdir. -işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 1622 nömrəli arayışın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və ailə tərkibi atası X5, anası X8, arvadı X21, oğlu X11 və oğlu X6 ibarətdir. -işə əlavə edilmiş Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin xx.xx.2023-cü il tarixli **********173900 nömrəli qərarından görünür ki, iddiaçının şikayəti baxılmamış saxlanılmışdır. -işə əlavə edilmiş xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı” müqaviləsindən görünür ki, iddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72.2 kv.m olan mənzili tam mülkiyyət hüququ üzrə 15.000 manata X1. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı tərəfindən aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 12100.0 ABŞ dolları məbləğində xarici valyuta əldə etmişdir. Konvertasiya olunmuş vəsaitin mənbəyi barədə vergi orqanına hər-hansı təsdiqedici sənədin təqdim edilməməsi əsası ilə vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2019-cu ilin gəlir vergisi üzrə müvafiq hesablama aparılmış və hazırda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********669700 nömrəli qərarla iddiaçıya 2019-cu il üçün 2883.23 manat gəlir vergisi hesablamışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materialları ilə təsdiq olunur ki, iddiaçının valyuta mübadiləsi əməliyyatı onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Digər tərəfdən, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. İş materiallarından da görünür ki, valyuta mübadiləsi əməliyyatı aparan iddiaçının gəlir götürməsi hər hansı sübutla təsdiq olunmur. Məhkəmə həmçinin onu da qeyd edir ki, Vergi Məcəlləsində valyuta mübadiləsi əməliyyatı aparan fiziki şəxsin gəlir vergisi ödəmək öhdəliyi daşıması nəzərdə tutulmamışdır. Bu səbəbdən də hesab edir ki, iddiaçı valyuta mübadiləsi əməliyyatı aparmaqla qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə etməmişdir. Cavabdehin nümayəndəsi Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə istinad edərək vergi ödəyicisi tərəfindən bəyənnamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq izahat, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyənnaməsi təqdim edilmədiyi üçün iddiaçının gəlirinin vergiyə cəlb edilməli olduğunu və ödənilməli olan verginin məbləğini hesabladığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 97.3-cü maddəsinə əsasən fiziki şəxsin gəlirlərinə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aiddir. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 99.3-cü maddəsində hər hansı norma mövcud deyil. Fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmədiyi kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da hər hansı gəlir əldə etmir. Həmçinin daşınar və danışmaz əmlak əldə etdikdə fiziki şəxsin vergi orqanlarında uçota durmaq (VÖEN almaq) və ya vergi bəyannaməsi vermək öhdəliyi olmadığı kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da vergi orqanlarında uçota durmaq (VÖEN almaq), vergi bəyannaməsi vermək və digər bu kimi hərəkətlərin edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Eyni zamanda, valyuta mübadiləsi əməliyyatı habelə valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət “Valyuta tənzimi haqqında” Qanunla tənzimlənir. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 4-cü bəndinə əsasən xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar valyuta sərvətləri hesab olunur. Həmin Qanunun 4-cü maddəsinə əsasən valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər və valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə olunur. Qanunun qeyd olunan normalarının tələbindən də göründüyü kimi iddiaçının valyuta mübadiləsi əməliyyatının aparması qeyri-qanuni gəlir kimi şərh edilə bilməz. Bununla yanaşı iddiaçı konvertasiya olunmuş məbləğin əsas hissəsini aldığı əmək pensiyasından, qalan məbləğin isə övladları tərəfindən verildiyini, inflyasiya təhlükəsinə görə manat şəklində olan pulu ABŞ dollarına dəyişdiyini bildirmişdir. Bu baxımdan vergi orqanı tərəfindən iddiaçı tərəfindən konvertasiya edilmiş məbləğin vergiyə cəlb edilməsi əsassız olmuşdur. Halbuki mövcud qanunvericiliklə bu cür ziddiyətli məqamlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********669700 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********669700 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar