Məhkəmə qərarları › İş №2-1(114)-2444/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2444/2022

19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2444/2022 19.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X7, X3 və X6) qeydiyyatdan çıxarılma tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X7, X3 və X4 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin mənzildə üçüncü şəxslər qeydiyyatdadır. Həmin şəxslərin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olması onun hüquqlarının pozulması ilə nəticələnir. İddiaçı həmin şəxslərin pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs X3 xx.xx.2022-ci il tarixdə məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərərək bildirmişdir ki, o, xx.xx.2005-ci il tarixdən Qazax rayonu, Canalı kənd sakini X8 ilə ailə həyatı qurmuş, xx.xx.2006-cı il tarixdə Qazax rayon VVAQ şöbəsində 175 nömrəli qeydlə nikaha daxil olmuş və xx.xx.2021 il tarixdə Qazax rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuşdur, həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X9 olmuşdur. ünvan 2 ünvanda 2006-cı ildə qeydiyyatdadır. Həmin mənzil nikah dövründə birgə əldə olunmuş əmlak hesab edilə bilər, eyni zamanda onun və övladının həmin mənzildə yaşamaq hüququ var. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş:- -AZ-İ 238989 nömrəli, xx.xx.2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmışdır. -Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 11-17/912 nömrəli arayışından görünür ki, X3 həqiqətən ünvan 2 ünvanda qeydiyyatda olmaqla, 2005-ci ildən həmin ünvanda yaşamışdır. -********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, X7, X3 və X2 şəhəri, N.Nərimanov yaşayış massivi, ev 1, mənzil 24 ünvanda qeydiyyatdadır. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 173-12403-1222 nömrəli məktubunun məzmunundan görünür ki, X7, X3 və X4 ünvan 2 ünvandan qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir. Beləliklə müəyyən olunur ki, üçüncü şəxslərdən X3 iddiaçının keçmiş arvadıdır. Deməli həmin şəxsin qeyd olunan mənzildən istifadə hüquqlarının olub-olmaması, eləcə də həmin hüquqa xitam verilməsi səlahiyyətli məhkəmə tərəfindən araşdırılmalı və qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Yekun nəticə olaraq qərar alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılır. Hazırki halda işin faktiki halları (tərəfin izahatı) ilə müəyyən olunur ki, üçüncü şəxsin mülkiyyətçi ilə ailə-hüquq münasibətlərinin mülki məhkəmə qaydasında araşdırılması, həmçinin həmin mənzilə dair onun istifadə hüquqlarına xitam verilməsi barədə hər-hansı qərar mövcud deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın X1 münasibətdə imtinası əsaslı olmuşdur. Bundan əlavə, yaranmış zərurətlə əlaqədar iddiaçının digər üçüncü şəxslərlə qohumluq münasibətlərinin olub-olmaması barədə məlumatın təqdim edilməsi məqsədilə iddiaçıya xx.xx.2022-ci il tarixli sərəncam göndərilmiş, iddiaçı sözügedən sərəncamı xx.xx.2022-ci il tarixdə almasına baxmayaraq müvafiq verməmiş, eyni zamanda məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Beləliklə, iddiaçıya iddianın qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilməklə yardım göstərilməsinə baxmayaraq onun tərəfindən qanunun bu tələblərinin yerinə yetirilməməsini məhkəmə onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməməsi kimi qiymətləndirir. Belə ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar