Məhkəmə qərarları › İş №2-1(114)-245/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-245/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-245/2020 11.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Cəlalov Asəf Ələsgər oğlunun, Üçüncü şəxs Gəncə şəhər Baş Polis İdarəsinin etibarnamə üzrə nümayəndələri Əliyev Rövşən Kamal oğlunun və X1 iştirakları ilə İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs Gəncə şəhər Baş Polis İdarəsi) istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək xidmət dövrü ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə pul kompensasiyasının (xidmətdə olduğu sonuncu vəzifənin və xüsusi rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-2132/2019 nömrəli qərardadı ilə Gəncə şəhər Baş Polis İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Polis İdarəsində polis zabiti kimi xidmət etmişdir. Göstərilən xidmət dövründə qanunvericilikdə nəzərdə tutulan əsas məzuniyyətdən istifadə etməmişdir. xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək xidmət dövrü ərzində əsas məzuniyyətə getmək və əsas məzuniyyətdən geri qayıtmaq haqqında əmrlərdən çıxarışların surətlərini ünvanına göndərilməsi və xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək xidmət dövrü ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə pul kompensasiyasının (xidmətdə olduğu sonuncu vəzifənin və xüsusi rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) hesablanaraq ona ödənilməsi barədə göstəriş verilməsi xahişi ilə xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, lakin müraciətinə xx.xx.2019-cu il tarixli məktubla imtina cavabı verilmişdir. Bundan sonra eyni xahişlə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmiş, ərizəsinə xx.xx.2019-cu il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, 1990-1997-ci illərdə məzuniyyətdən istifadə edib-etməməsi barədə AR Daxili İşlər Nazirliyi tərəfindən Gəncə şəhər Baş Polis İdarəsnə göndərilmiş sorğuya onun həmin illərdə məzuniyyətdən istifadə edib-etməməsini təsdiqləyən müvafiq sənədlərin olmamasıdır. Cavabdehin imtinasını əsassız hesab etdiyindən hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Cəlalov Asəf Ələsgər oğlu məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs Gəncə şəhər Baş Polis İdarəsinin etibarnamə üzrə nümayəndələri Əliyev Rövşən Kamal oğlu və X3 iddia tələbinə etiraz edərək bildirmişlər ki, sənədlərin saxlanma müddətindən uzun müddət keçdiyindən, 1990-1997-ci illərdə iddiaçının məzuniyyətdən istifadə edib-etməməsinin müəyyən edilməsi mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 73 nömrəli Qərarının 1 nömrəli əlavəsinin 13-cü bəndinə əsasən 2000-ci ildən başlayaraq əməkdaşlara sonuncu vəzifə və rütbə maaşı əsasında məzuniyyətdən istifadə etmədiyi illərə görə təminat xərcliyi ödənilir, iddiaçı isə həmin dövrdə DİO-da xidmət etməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Həmçinin məhkəməyə Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunu təqdim edərək iddiaçıya pul kompensasiyasının hesablanmasını bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi nümayəndəsinin iştirakı məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2008-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. - İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1990-1997-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Polis İdarəsində polis zabiti kimi xidmət etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 027-47699C-3219 nömrəli məktubda qeyd edilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən daxil olmuş məktubda 1990-1997-ci illərdə məzuniyyətdən istifadə edib-etməməsini təsdiqləyən müvafiq sənədlərin olmadığı bildirilmiş, bu baxımdan ona pul kompensasiyasının ödənilməsi imkan xaricindədir. - Gəncə şəhər Baş Polis İdarəsinin iddiaıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 120- 2656-1220 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya istifadə edilməyən məzuniyyət illəri üçün pul kompensasiyası təxris olunduğu günə sonuncu vəzifə və rütbə maaşından hesablanmışdır. Yəni (11.8 oklad+4.4 rütbə=16.2) * 7 il=11.40 manat ödəniləcəkdir. Həmin vəsaitin ödənilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsində müraciət etməsi, yaxud ona məxsus ban hesabı barədə məlumat verilməsi xahiş olunmuşdur. Yuxarıda qeyd olunan sənədlərin məzmununa istinad edilir və onla məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X2 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Orqanılarında xidmət etdiyi xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il müddətədək olan vaxt ərzində istifadə etmədiyi məzuniyyət əvəzinə pul kompensasiyasının ödənilməsinin vəzifə kimi cavabdehin üzərinə qoyulmasına dair iddiası əsaslıdır. Belə ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il müddətədək xidmət zamanı məzuniyyətdən istifadə etməməsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən inkar olunmur (qeyd olunan halGəncə şəhər Baş Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 120-2656-1220 nömrəli məktubunda öz əksini tapır). Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin istirahət hüququ vardır. “Azərbaycan Respublikası X4nda Xidmətkeçmə haqqında" Əsasnamənin 76-cı maddəsinə əsasən X4 əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla hər il verilən əsas məzuniyyət növləri müəyyən edilir. Həmin Əsasnamənin 78-ci maddəsinə əsasən əsas məzuniyyət X4 əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Həmin Əsasnamənin 88-ci maddəsinə əsasən əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiya alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanunun 85.1-ci maddəsinə görə qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə əsasən dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, fiziki və hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Həmin maddənin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların, qüvvəsi geriyə şamil edilir. Həmçinin iddiaçının 1997-ci ildə daxili işlər oranlarından tərxis olunduğunu və müvafiq kompensasiya hüququnu nəzərdə tutan qanunun 2001-ci ildə qəbul edildiyi nəzərə alınaraq hesab edilir ki, iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini l aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göründüyü kimi, xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya həm xidmət müddətində və həm də xidmətdən sonra tələb edilə bilər. Odur ki, işin bu cür halında istifadə edilməmiş məzuniyyətin xidmətin əvvəlki illərinə görə tələb edilməsi üzrə müddət ötürülmüş hesab edilə bilməz. Buna görə də iddiaçının 1990-1997-ci illər ərzində xidmət zamanı istifadə etmədiyi əsas məzuniyyət əvəzinə pul kompensasiyasının ödənilməsinə dair tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək əzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi zallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tərəflərin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı iddiası əsaslı olduğundan təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etdiyi xx.xx.1990-cı ildən xx.xx.1997-ci il müddətədək olan vaxt ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə pul kompensasiyasının (sonuncu tutduğu vəzifənin və xüsusi rütbəsinin bu gün mövcud olan maaşları nəzərə alınmaqla) ona ödənilməsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etdiyi xx.xx.1990-cı ildən xx.xx.1997-ci il müddətədək olan vaxt ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə pul kompensasiyasının (sonuncu tutduğu vəzifənin və xüsusi rütbəsinin bu gün mövcud olan maaşları nəzərə alınmaqla) ona ödənilməsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar