Məhkəmə qərarları › İş №2-1(114)-245/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-245/2025

29.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-245/2025 29.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X16 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X7 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X8 və X14) qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı ilə verilən JN 959A «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə göstərilən 0,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 01 nömrəli qərarı ilə onun mülkiyyətinə 0,06 hektar torpaq sahəsi verilmişdir. Bu barədə onun adına JN 959A KOD 50801004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə işlənmişdir. Şəhadətnamə hal-hazırda qüvvədədir və ləğv edilməmişdir. Torpaq sahəsindən uzun müddətdir ki, istifadə edirlər. Həmin torpaq sahəsinə çıxarış verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin ərizəsinin icrasından imtina edilmişdir. Əsas kimi göstərilmişdir ki, sürüşmə var və koordinatlar düzgün deyildir. Hesab edir ki, verilən imtina qanunsuzdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan verdiyi etiraz ərizəsində göstərmişdir ki, iddia ərizəsində qeyd olunan hallar araşdırılmışdır. Müəyyən edilmişdir ki, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında uyğunsuzluq vardır. Belə ki, faktiki torpaq sahəsinin xəritə materiallarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçının faktik torpaq sahəsi kompleks yerquruluşu (DWG) xəritəsinə əsasən X3 mülkiyyətinə verilmiş JN 960A KOD 50801004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə üst-üstə düşür. Həmin şəhadətnamə üzrə torpaq sahəsi xx.xx.2016-cı il tarixli, 4Ə-301 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 və sonuncunun adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərardadları əsasında X8 və X14 üçüncü şəxsi qismində işə baxılmasına cəlb edilmişlər. Daha sonra İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək JN 959A KOD 50801004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə göstərilən torpaq sahəsinin 474 kv.m. hissəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Əlavə olaraq göstərdi ki, sənəd üzrə torpaq sahəsinə çıxarış verilməsini istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, JN 959A KOD 50801004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə göstərilən torpaq sahəsinə çıxarış verilməsini istəyir. Həmçinin mütəxəssis rəyində göstərilən torpaq sahəsi ilə razıdırlar. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 etiraz ərizəsinin dəlillərini müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı sənəd üzrə olan torpaq sahəsindən istifadə etmir. Üçüncü şəxslər məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə görə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini «Torpağın mülkiyyətə verilməsinə dair» JN 959A KOD 50801004 saylı şəhadətnamə, cavabdeh orqanın verdiyi xx.xx.2023-cü il tarixli imtina məktubu, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il və xx.xx.2016-cı il tarixli çıxarışlar, «Torpağın mülkiyyətə verilməsinə dair» JN 960A KOD 50801004 saylı şəhadətnamə və mütəxəssis rəyi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları əsasında müəyyən edilmişdir ki, Xanlar rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2003-cü il tarixli, 01 saylı qərarı ilə İddiaçı 0,06 ha torpaq sahəsi verilmişdir. Bu barədə iddiaçının adına «Torpağın mülkiyyətə verilməsinə dair» JN 959A KOD 50801004 saylı şəhadətnamə işlənmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından ötrü cavabdeh orqana müraciət etmiş və onun ərizəsinin icrasından imtina edilmişdir. Əsas kimi göstərilmişdir ki, faktik torpaq sahəsi xəritə materiallarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi üst-üstə düşür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etdiyi dəlillər iddiaçının müraciətini təmin etməkdən imtinaya əsas ola bilməz. Belə ki, məhkəmə inzibati iş üzrə obyektiv nəticəyə gəlmək üçün mütəxəssis rəyi almışdır. Mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: İddiaçı adına tərtib olunmuş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-959A (kod- ********) saylı Şəhadətnamədə göstərilən 0.06 ha (600.0 kv.m) torpaq sahəsi həmin şəhadətnaməyə əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsidir. İddiaçı adına tərtib olunmuş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-959A (kod- ********) saylı şəhadətnamədə göstərilən 0.06 ha (600.0 kv.m) torpaq sahəsi, Xanlar rayonu X11 ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşunu planına və Göygöl şəhər bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla həyətyanı sahədir. Həmin həyətyanı torpaq sahəsinin 42.0 kv.m. hissəsi üzrə tikili mövcuddur. İddiaçı naturada təqdim etdiyi 478.0 kv.m torpaq sahəsi «Torpağın mülkiyyətə verilməsinə dair» JN-959A (kod-********) saylı şəhadətnamədə göstərilən 0.06 ha (600.0 kv.m) torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olundu. Əlavə olaraq qeyd edilir ki, İddiaçı naturada təqdim etdiyi 478.0 kv.m torpaq sahəsinin yerləşdiyi sahə, torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olaraq göstərilmişdir. İddiaçı adına tərtib olunmuş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-959A (kod- ********) saylı şəhadətnamədə göstərilən 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 126.0 kv.m hissəsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********89 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşmə halı aşkarlandı. Qeyd edilir ki, arxiv sənədlərinə əsasən, X4 adına qeydə alınmış **********89 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-960A (kod ********) saylı şəhadətnamənin olduğu aşkarlandı. İddiaçı naturada təqdim etdiyi 478.0 kv.m torpaq sahəsinin 452.0 kv.m hissəsi, ərazinin kompleks yerquruluşu layihəsinə istinadən JN-960A (kod-********) saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh orqanın imtinası işin hallarından da göründüyü kimi iddiaçının faktik istifadəsində olan torpaq sahəsinə münasibətdə olmuşdur. Həqiqətən iddiaçının naturada təqdim etdiyi 478.0 kv.m torpaq sahəsinin 452.0 kv.m hissəsi, ərazinin kompleks yerquruluşu layihəsinə istinadən JN-960A (kod-********) saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üstüstə düşür. Bu hal mütəxəssis rəyi ilə təsdiqin tapır. Lakin hazırda iddiaçı sənəd üzrə göstərilən torpaq sahəsi üzrə hüquqlarının qeydə alınmasını istəyir. Mütəxssis rəyi ilə müəyyən edilmişdir ki, sənəd üzrə torpaq sahəsinin 126 kv.m hissəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********89 reyestr nömrəli çıxarışa əsasən üçüncü şəxs X4 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bu hal iddiaçının nəzərinə çatdırılmış və iddiaçı öz növbəsində «Torpağın mülkiyyətə verilməsinə dair» JN-959A (kod-********) saylı şəhadətnamədə göstərilən torpaq sahəsinin 474 kv.m. hissəsi üzrə mülkiyyət hüquqlarının qeydə alınmasını istəmişdir. Həmin hissə üzrə isə torpaq sahəsinin üst-üstə düşməsi halı mövcud deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir. Nə qədər ki, mülkiyyət hüquqlarının qeydə alınması xahiş olunan 474 kv.m. torpaq sahəsi üzrə İddiaçı «Torpağın mülkiyyətə verilməsinə dair» JN-959A (kod-********) saylı şəhadətnaməsi mövcuddur, bu zaman «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.5-ci maddəsi iddianın təmin edilməsinə əsas verir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin Nizamnaməsi: Bənd 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək DƏDKR-in fəaliyyət istiqamətlərindən biridir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. «Torpağın mülkiyyətə verilməsinə dair» JN-959A saylı şəhadətnamədə göstərilən torpaq sahəsinin 474 kv.m. hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar