Məhkəmə qərarları › İş №2-1(114)-2451/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2451/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2451/2021 09.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, xidmətə bərpa, xidmətə bərpa edilənə qədər əmək haqqının və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Müdafiə nazirinin 30.12.2019-cu il tarixli 01N nömrəli əmrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, 50-ci motoatıcı briqadanın (050 nömrəli hərbi hissə) Kadrlar bölməsi rəisinin köməkçisi baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 10.11.2021-ci il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə nazirinin 30 dekabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi, xidmətə bərpa ilə əlaqədar Müdafiə Nazirliyinin aidiyyətli vəzifəli şəxslərinə müvafiq sənədlərin hazırlanması, məcburi iş buraxmaya görə 2020-ci ilin 04 yanvar tarixindən xidmətə bərpa edilənə qədər əmək haqqının ödənilməsi, qeyri-qanuni hərəkətləri nəticəsində 10000 (on min) manat məbləğində dəymiş mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin məhkəməyə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinə qarşı tərəfindən iddia qaldırılarkən qanunvericiliklə müəyyən edilmiş prosessual müddət bir neçə üzrlü səbəblərdən buraxılmışdır. Buraxılmış iddia müddətinin üzrlü səbəbləri aşağıdakılardır: 04 yanvar 2020-ci il tarixdə hərbi hissənin şəxsi heyətin siyahısından çıxarıldıqdan sonra təxminən 2020-ci ilin fevral və mart aylarında ailə üzvlərinin səhhətindəki problemlər, əməliyyat keçirməsi və xəstəlikdən sonrakı dövr; dünyada koronavirusun yayıldığı bir vaxtda 2020-ci ilin fevral ayından ölkədə də COVİD-19 virusu geniş yayılmış, pandemiya elan olunaraq hökümətin qərarı ilə Nazirlər Kabineti yanında xüsusi qərargah yaradılıb fəaliyyətə başlamış, müxtəlif qadağalar və məhdudiyyətlər bir çox sahələrdə tətbiq edilməyə başlamışdır; 2020-ci ilin iyun-iyul aylarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinə daxil olaraq müraciət ünvanlamış, bir ay və daha artıq müddət cavab gözləmiş, lakin heç bir cavab daxil olmamışdır; 12 iyul 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca şiddətli döyüşlər başlamış, bir neçə gün döyüşlər davam etmiş, bir müddət gərginlik davam etmiş, bilavasitə heç bir döyüş əməliyyatlarında iştirak etməsə də, döyüşlər zamanı şəhid olan hərbi qulluqçular, həmçinin yüksək rütbəli zabitlər, eləcə də mülki əhali arasında da olan itkilər onu narahat etmiş və daim gərginlik vəziyyətində saxlamışdır; 27 sentyabr 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsi zamanı kadr zabiti və 17 il təqvim hesabı ilə xidmətdə olduğuna, əsl vətənpərvər insan və peşəkar hərbi qulluqçu olduğuna görə keçirdiyi hisslər və olduğu psixoloji durum. İddiaçı məhkəmə iclasında iddia ərizəsini və prosessual müddətin bərpasına dair ərizəni müdafiə etdiyini bildirərək prosessual müddətin bərpasına dair ərizənin və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilən özünə məxsus EZ ******* nömrəli hərbi biletin 6və 11-ci səhifələrinin surətindən görünür ki, İddiaçı 30.12.2019-cu il tarixli 01N nömrəli əmr əsasında hərbi hissəsnin siyahısından çıxarılıb, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı tərəfindən təqdim edilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” ASAN Xidmət tərəfindən verilən elektron arayışdan görünür ki, vətəndaş İddiaçı həqiqətən 31.07.2002-20.06.2006, 20.06.2006-22.06.2007, 20.06.2007-30.12.2019-cu il tarixlərdə həqiqi hərbi xidmət keçmiş, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Arayış 26.07.2021-ci il tarixdə çap edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan 23.08.2021-ci il tarixli 1/Ə-16083 nömrəli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 30.12.2019-cu il tarixli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İddiaçı əmrin qəbul edildiyi 30.12.2019-cu il tarixdən iddia müddətinin ötürülməsini üzrlü hesab edərək əsas kimi 2020-ci ilin fevral və mart aylarında ailə üzvlərinin səhhətindəki problemləri, COVİD-19 pandemiyası ilə bağlı məhdudiyyətləri, 2020-ci ilin iyun-iyul aylarında Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı müraciətin cavabsız qalmasını, 2020-ci ilin iyul ayında baş vermiş Tovuz hadisələrini və 27 sentyabr 2020-ci il tarixdə başlayan 44 günlük Vətən müharibəsini göstərmişdir. Məhkəmə iddiaçının prosessual müddətin bərpasına əsas kimi qeyd etdiyi dəlillərə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən nə özünün, nə də ailə üzvlərinin səhhəti ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etməsinə maneə yaradacaq hər hansı sənəd və ya digər sübutlar təqdim edilməmişdir. Bundan başqa, COVİD-19 pandemiyası ilə bağlı elan olunmuş karantin rejimində isə vətəndaşların məhkəmələrə müraciət etməsinə, məhkəmə qərarlarını əldə etməsinə, eləcə də iddia ərizələrini təqdim etməsinə maneə olmamışdır. İddiaçının hazırkı tələblə məhkəməyə müraciət etdiyi dövrdə də Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi qüvvədədir. Bununla yanaşı iddiaçı 2020-ci ilin iyul ayındakı Tovuz hadisələri və 44 günlük Vətən müharibəsi zamanı hərbi əməliyyatlarda iştirak etmədiyini özü də etiraf etmiş, həmin hadisələrin onun psixoloji durumuna təsir etməsini göstərmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının buraxılmış prosessual müddətin ötürülməsinə səbəb kimi göstərdiyi ən sonuncu dəlili 44 günlük Vətən müharibəsidir ki, iddiaçı hazırkı tələblə məhkəməyə məhz Vətən müharibəsinin bitməsindən bir il sonra, 10.11.2021-ci il tarixdə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün iddiaçının gətirdiyi dəlillər heç bir halda üzrlü səbəb kimi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosessual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair digər əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən, xidmətə bərpa, xidmətə bərpa edilənə qədər əmək haqqının və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi üzrə mümkünlük şərtlərinin yoxlanılması zərurəti aradan qalxmışdır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, xidmətə bərpa, xidmətə bərpa edilənə qədər əmək haqqının və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar