Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2451/2023 13.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X6 X1 cavabdeh X3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X6 X1 (bundan sonra mətndə - Agentlik) cavabdeh X3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizsəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası ETSN-in Dövlət Ekspertiza İdarəsi tərəfindən "xxxx" MMC-yə xx.xx.2017-ci il tarixdə 5 il müddətinə 00990 nömrəli Dağ-mədən ayırması aktı verilmişdir.
2. xx.xx.2022-ci il tarixdə Tərtər rayonu “Tərtərçay” qum-çınqıl yatağında yoxlama aparılmış və ərazidə "xxxx" MMC tərəfindən Dağ-mədən ayırması aktı olmadan qanunsuz qum-çınqıl hasilatının aparılması müəyyən olunmuşdur. Nəticədə "xxxx" MMC-nin baş mühəndisi X4 tərəfindən İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmiş və bu barədə “İnzibati xəta haqqında” MN ******* nömrəli xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur.
3. “İnzibati tənbeh vermə haqqında” MN ******* nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə X3 İXM-in 228-ci maddəsinə əsasən müvafiq icazə sənədi olmadan hasilat işlərinin aparılmasına görə 2500 manat cərimə tətbiq edilmişdir.
4. Agentliyin əməkdaşlarının tərtib etdiyi etdiyi xx.xx.2022-ci il tarixli 000064 saylı akta əsasən "xxxx" MMC-yə məxsus karxana sahəsinə baxış keçirilən zaman Dağ-mədən ayırma aktının müddətinin bitməsinə baxmayaraq "xxxx" MMC-də baş mühəndis vəzifəsində işləyən X4 tərəfindən qanunsuz olara hasilat işlərinin davam etdirilməsi nəticəsində 2530 m3 həcmində olan qum-çınqıl hasilatı aparılması müəyyən edilmişdir.
5. İddiaçı Agentlik cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 8855 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınaraq X2 üzrə Dövlət Fondunun hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, "2020-2022-ci illər üçün Tədbirlər planı"na uyğun olaraq Agentlik tərəfindən yataqlara baxış keçirilən zaman X4 tərəfindən qanunsuz olaraq 2530 m3 qum-çınqıl hasil edildiyi aşkar edilmişdir. Qanunsuz hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 239 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər"ə uyğun olaraq 8855 manat hesablanmışdır.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
9. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
10. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Tərtər rayonu “Tərtərçay” qum-çınqıl yatağında cavabdeh tərəfindən qanunsuz olaraq 2530 m3 qum-çınqılın hasil edilməsinə görə təbiətə dəymiş 8855 manat maddi ziyanın ödənilməsi tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.
11. Halbuki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
12. İddiaçı Agentlik cavabdeh tərəfindən “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasına görə həmin sahədə səlahiyyətli inzibati orqan kimi inzibati icraat aparmalı və icraatın yekununda inzibati akt qəbul etməli olduğu halda, bunu etməmiş və inzibati mübahisənin predmeti olmayan tələblə məhkəməyə müraciət etmişdir.
13. Belə ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi. Maddə 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Maddə 82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi.
14. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş X6 X1 Nizamnaməsinin 1.1-ci bəndinə görə, Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə (bundan sonra - müvafiq sahə) xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirir.
15. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.
16. Göründüyü kimi, iddiaçının cavabdehdən təbiətə dəymiş ziyanın tutulmasına dair tələbi inzibati məhkəmə icraatında baxılan inzibati mübahisənin predmeti ola bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.
17. İddiaçı Agentliyə izah edilməlidir ki, o, inzibati orqan kimi cavabdehin “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaqla yerin təkindən qanunsuz istifadəsi ilə bağlı inzibati icraat qaydasında fəaliyyət həyata keçirməli (inzibati icraat aparmalı) və nəticəsindən asılı olaraq inzibati akt qəbul etməlidir. Aparılmış icraatın yekununda təbiətə dəymiş ziyanın ödənilməsi barədə inzibati akt qəbul ediləcəyi halda, tələbin icraya yönəldilməsi barədə qərar (inzibati orqanın özü tərəfindən) qəbul edilməlidir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçı Agentliyə izah edilsin ki, o, inzibati orqan kimi cavabdehin “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmaqla yerin təkindən qanunsuz istifadəsi ilə bağlı inzibati icraat qaydasında fəaliyyət həyata keçirməli (inzibati icraat aparmalı) və nəticəsindən asılı olaraq inzibati akt qəbul etməli, aparılmış icraatın yekununda təbiətə dəymiş ziyanın ödənilməsi barədə inzibati akt qəbul ediləcəyi halda isə, tələbin icraya yönəldilməsi barədə qərar qəbul etməlidir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva