Məhkəmə qərarları › İş №2-1(114)-2459/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2459/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2459/2021 23.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qazax rayon Notariat ofisinə (üçüncü şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qazax rayon İcra və probasiya şöbəsi və Həmişəyeva Təranə Əşrəf qızı) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qazax rayon Notariat ofisinə (üçüncü şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qazax rayon İcra və probasiya şöbəsi və Həmişəyeva Təranə Əşrəf qızı) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən verilmiş 12 iyun 2015ci il tarixli icra qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs Həmişəyeva Təranə Əşrəf qızı ilə arasında 22 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qazax Rayon Notariat Ofisinin təsdiqi ilə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən üçüncü şəxs X1 bir il ərzində 50000 (əlli min) manat aldığı pulu geri qaytarmalı idi. Üçüncü şəxs Həmişəyeva Təranə Əşrəf qızı kredit müqaviləsində olan öhdəliyi bir il ərzində yerinə yetirmədiyi üçün 12 iyun 2015-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qazax Rayon Notariat Ofisi tərəfindən icra qeydi verilmişdir. Bundan başqa, Qazax Rayon Məhkəməsində üçüncü şəxs Həmişəyeva Təranə Əşrəf qızına qarşı 50000 (əlli min) manat pul tələbinə dair iddia qaldırmış, iddiası Qazax Rayon Məhkəməsi 11 aprel 2017-ci tarixli qiyabi qətnaməsi ilə təmin edilmişdir. Bir əmələ görə bir icra vərəqəsi olmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qazax Rayon Notariat Ofisini tərəfindən verilmiş 12 iyun 2015-ci il tarixli icra qeydinin ləğv olunmasını istəyir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. İlkin olaraq məhkəmə icra qeydinin ümumiyyətlə inzibati icraatın predmeti olan inzibati akt olub-olmamasının araşdırılmasını zəruri hesab edir. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. “İnzibati icraat haqqında” Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair 13.06.2013-cü il tarixli qərarı). Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə icra qeydi yuxarıda qeyd edilənlərə əsasən inzibati akt üçün nəzərdə tutulan xüsusiyyətlərə malik olmadığından inzibati akt hesab edilə bilməz və müvafiq olaraq onun ləğv edilməsinə dair inzibati iddia da mümkün sayıla bilməz. Bundan başqa məhkəmə hesab edir ki, digər araşdırılmalı olan məsələ iş üzrə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olmasının müəyyənləşdirilməsidir. Belə ki, mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır və mübahisə ilə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməli, iddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 2-ci bəndinə əsasən icra qeydi notarius tərəfindən aparılan notariat hərəkətlərindən biridir. İddiaçının hazırkı iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Qazax rayon Notariat ofisini göstərsə də, iddiaçının irəli sürdüyü tələb mülki hüquq münasibətlərinə aiddir. Belə ki, iddia ərizəsinə əsasən ləğv olunması barədə tələb irəli sürülmüş icra qeydi iddiaçı ilə üçüncü şəxs arasında 22.04.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi əsasında aparılmışdır. Həm iddia ərizəsinin məzmunundan, həm də, iddia ərizəsinə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 17.12.2019-cu il tarixli 2(104)-255/2019 nömrəli qətnaməsindən görünür ki, icra qeydi aparılan kredit müqaviləsi məhkəmə qaydasında mübahisələndirilmiş və iddia tələbi təmin edilmişdir. İddiaçı isə tələbində bir əmələ görə bir icra vərəqəsinin olmasını əsas gətirib icra qeydinin ləğv edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Cavabdeh Qazax rayon Notariat ofisinin iddiaçıya ünvanladığı 13.10.2021-ci il tarixli 1053 nömrəli məktubundan görünür ki, Qazax rayon İcra şöbəsinin 21.06.2017-ci il tarixli, 75 nömrəli məktubuna əsasən icra qeydi üzrə borclunun pul vəsaiti və əmlakı olmadığından, eləcə də borc müqaviləsi üzrə məhkəmə qətnaməsi qəbul edildiyindən icra qeydinin icrasının davam etdirilməsi mümkün olmadığı müəyyən edilmiş, yəni icra qeydi üzrə heç bir icra tədbiri görülməmiş və icra qeydinin icrası dayandırılmışdır. Göründüyü kimi, hazırkı iddia ərizəsi inzibati orqan olan Qazax rayon Notariat ofisinə qarşı yönəlsə də, iddia tələbinin mahiyyəti mülki hüquq sferasına aid olmaqla iki fiziki şəxs arasında bağlanmış müqavilə üzrə yaranan öhdəlikləri ehtiva edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 224-cü maddəsinə əsasən notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. Ona görə də, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qazax rayon Notariat ofisinə (üçüncü şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qazax rayon İcra və probasiya şöbəsi və Həmişəyeva Təranə Əşrəf qızı) qarşı icra qeydinin ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmamalıdır. Sonda məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması və inzibati məhkəmə icraatı qaydasında baxılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən icraatda qənaət prinsipi və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. - 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qazax rayon Notariat ofisinə (üçüncü şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qazax rayon İcra və probasiya şöbəsi və Həmişəyeva Təranə Əşrəf qızı) qarşı icra qeydinin ləğv edilməsinə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar