Məhkəmə qərarları › İş №2-1(114)-247/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-247/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-247/2020 04.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü il tarixdən Gədəbəy rayonunun Novosarotovka kəndi ərazisində fəaliyyət göstərmiş 1-ci X2 Batalyonunda atıcı kimi xx.xx.1993-cü il tarixədək erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. Qeyd olunanlar qərargah rəisi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 2/174 nömrəli arayışla öz təsdiqini tapmışdır. Lakin müharibə veteranlarına vəsiqə verilən zaman onun adı həmin siyahıya salınmamışdır. İddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2019-cu il tarixli, 11/4632 nömrəli iddia ərizəsinə münasibətdə qeyd edilmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin döyüş aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmişsə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişsə, hərbi xidmətdən qanuni əsaslarla ehtiyyata və ya istefaya buraxılmışsa və bu barədə dəlillərə malikdirsə cavabdeh onun tələbini təmin olunmasına etiraz etmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019cu il tarixli, 1/Ə-1096 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün onun döyüşlərdə iştirakını təsdiq edən sənədlərin Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən müvafiq komissiyaya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərarın qəbul oluna biləcəyi bildirilmişdir. -İddiaçı məxsus xx.xx.1987-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətində olan qeydlərdən görünür ki, sonuncu xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək hərbi xidmətdə olmuşdur. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində saxlanılan İddiaçı məxsus qeydiyyat kartasında olan qeydlərdən görünür ki, sonuncu 1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur. -1-ci X2 Batalyonunun qərargah rəisi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 2/174 nömrəli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək 1-ci X2 Batalyonunda atıcı vəzifəsində xidmətdə olmuşdur. -Qazax Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 19HP3939 nömrəli məktubunun surətindən görünür ki, 1991-1993-cü illərdə hərbi xidmət etmiş İddiaçı barəsində Qazax Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X1 Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddianın mümkünlük məsələsinə qiymət verərkən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli, 1/Ə-1096 nömrəli məktubu imtina xarakterli olmasa da, hazırki iddia ilə bağlı cavabdehin məhkəməyə göndərdiyi xx.xx.2019cu il tarixli, 11/4632 nömrəli iddia ərizəsinə münasibətdə o, artıq iddia ilə bağlı öz hüquqi mövqeyini bildirmişdir. Odur ki, məhkəmə cavabdehin hazırki iddia ilə bağlı mövqeyini imtina kimi qəbul edərək iddiaya mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən də göründüyü kimi iddiaçının qeyd etdiyi dövrdə hərbi xidmətdə olması ona məxsus hərbi biletdə, eləcə də qeydiyyat kartasında öz təsdiqini tapmamışdır. Bundan əlavə, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək xidmət etməsi müvafiq arayışda öz əksini tapsa da qanuni əsaslarla ehtiyyata buraxılması barədə məlumat (əmr) yoxdur. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunması üçün kifayət qədər əsaslar mövcud olmadığından iddia təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar