Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2473/2022 24.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı borcun silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə ödədiyi 48 manat sosial sığorta ödənişinin yanlış olaraq 143300 saylı hesab əvəzinə 121400 hesaba ödənilməsini nəzərə alıb, ona sosial sığorta ödənişinə görə hesablanmış borcun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün Dövlət Sosial Müdafiə fonduna sosial sığorta ödənişi edir. Lakin, 2010-cu ilin yanvar ayında mağazasında oğurluq olduğundan, həmçinin 2010-cu ilin fevral ayında mağazası başqa şəxslər tərəfindən yandırıldığından mağazada olan bütün əmlakı məhv olmuşdur. Həmin vaxtdan da ziyana düşdüyündən sosial sığorta ödənişini vaxtında edə bilməmiş, sosial sığorta ödənişinə görə borcu yaranmışdır. Azərbaycan Respublikasının Prezidentinin “Məcburi dövlət sostal sığorta sahəsində bocların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli Qanunun 3.0.2-ci maddəsi ona izah edilmişdir ki, qanuna əsasən sosial sığorta ödənişi üzrə yaranmış borcdan 48 manat ödəniş etsə qalan borcu silinəcəkdir. Ona görə də xx.xx.2018-ci il tarixdə Azərpoçt MMCnin X4 müraciət edərək, Dövlət Sosial Müdafiə Fonduna olan borcunun 143300 saylı hesaba ödənilməsini xahiş etmiş, lakin, həmin vaxt texniki səhv olaraq ödədiyi sosial sığorta ödənişi 121400 saylı hesaba ödənilmişdir. Ödəniş etdikdən sonra artıq qalan borcunun silindiyini hesab etmişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, ödədiyi məbləğ səhv hesaba köçürülmüşdür. Ona görə də, Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon Şöbəsinə müraciət edib ona köməklik etmələrini xahiş etmişdir. Onlar köməklik edəcəklərini bildirsələr də, sonradan sosial sığorta ödənişləri Vergi İdarəsinə keçdiyindən ona heç bir köməklik göstərilməmişdir. Ona görə də əsassız olaraq Dövlət Sosial Müdafiə Fonduna 3556 manat borc hesablanmışdır. İddiaçı qeyd olunan əsaslardan borcun silinməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o sosial sığorta borclarını həmişə DSMF-nin rayon şöbəsinin əməkdaşı Ağayar adlı şəxsə vermişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixə 0703 fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 1539,90 manat, maliyyə sanksiyası üzrə 545,97 manat və 0100 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünə görə məcburi dövlət sosial haqqı üzrə 399,55 manat, maliyyə sanksiyası üzrə 12,09 manat borcunun olduğunu və Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli, 1042-VQ saylı qanununa müvafiq olaraq İddiaçı 01 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş 0703 (Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə) fəaliyyət növü üzrə 213,93 manat və 0100 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növü üzrə 12,09 manat maliyyə sanksiyaları 09 noyabr 2018-ci il tarixdə tam şəkildə silindiyini qeyd olunmuşdur. Vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən 01 yanvar 2019-cu il tarixə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan vərəqədə 399,55 manat MDSS, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqədə 1539,90 manat MDSS və 332,04 manat penya borcu Dövlət Sosial Müdafiə Fondundan saldo şəklində ötürülmüşdür. Vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqədə 2019-cu ilin 1-ci rübü üzrə 132,00 manat, 2019-cu ilin 2-ci rübü üzrə 162,00 manat, 2019-cu ilin 3-cü rübü üzrə 183,00 manat, 2019-cu ilin 4-cü rübü üzrə 225,00 manat, 2020-ci ilin 1-ci rübü üzrə 375,00 manat, 2022-ci ilin 2-ci rübü üzrə 150,00 manat, 2020-ci ilin 3-cü rübü üzrə 112,50 manat, 2020-ci ilin 4-cü rübü üzrə 112,5 manat, 2021-ci ilin 1-ci rübü üzrə 150,00 manat, 2021-ci ilin 2-ci rübü üzrə 112,50 manat, 2021-ci ilin 3-cü rübü üzrə 150,00 manat, 2021-ci ilin 4-cü rübü üzrə 150,00 manat, 2022-ci ilin 1-ci rübü üzrə 135,00 manat, 2022-ci ilin 2-ci rübü üzrə 180,00 manat və 2022-ci ilin 3-cü rübü üzrə 135,00 manat olmaqla cəmi 2464,50 manat İddiaçı tərəfindən vergi orqanına təqdim etdiyi MDSS bəyannamələrə əsasən hesablama aparılmış və 806,00 manat ödəniş edilmişdir. Şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixə vergilər üzrə 1,26 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqədə 3198,40 manat MDSS, 907,16 manat penya, muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan vərəqə üzrə 107,55 manat MDSS və icbari tibbi sığorta haqqı üzrə 8,95 manat olmaqla ümumilikdə dövlət büdcəsinə və müvafiq fondlara 4223,32 manat İddiaçı borcu vardır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********671100 nömrəli iddiaya etirazdan və şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixə vergilər üzrə 1,26 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqədə 3198,40 manat MDSS, 907,16 manat penya, muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan vərəqə üzrə 107,55 manat MDSS və icbari tibbi sığorta haqqı üzrə 8,95 manat olmaqla ümumilikdə dövlət büdcəsinə və müvafiq fondlara 4223,32 manat borcu vardır. -surəti işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, xx.xx.2018-ci il tarixdə İddiaçı tərəfindən 48,00 AZN məbləğ 121400 nömrəli hesaba ödənilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********598300 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək, sosial sığorta borcunun silinməsini tələb etmiş, cavabdeh isə bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Sosial sığortda haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli Qanunu ilə “Sosial sığortda haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 9-1.1-ci maddəyə əsasən 1 yanvar 2019-cu il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Eyni zamanda həmin Qanunla “Sosial sığortda haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əlavə edilmiş son abzasa əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli fərmanın 4.4-cü bəndinə əsasən həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində orqan dedikdə, Azərbaycan Respublikası Vergilər Nazirliyi nəzərdə tutulur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. “Həmin Qanunun 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. Həmin Qanunun 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Cavabdeh qurumun təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçının xx.xx.2018-ci il tarixə 0703 fəaliyyət növünə görə məcburi dövlət sosial sığorta haqqı üzrə 1539,90 manat, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 545,97 manat və 0100 fəaliyyət növünə görə məcburi dövlət sosial haqqı üzrə 399,55 manat, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 12,09 manat borcu olmuşdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq iddiaçının 01 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş 0703 fəaliyyət növü üzrə 213,93 manat və 0100 fəaliyyət növü üzrə 12,09 manat maliyyə sanksiyaları tam şəkildə silinmişdir. Bundan əlavə vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən 01 yanvar 2019cu il tarixə muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan vərəqədə 399,55 manat MDSS, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqədə 1539,90 manat MDSS və 332,04 manat penya borcu Dövlət Sosial Müdafiə Fondundan saldo şəklində ötürülmüşdür. Vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqədə 2019-cu ilin 1-ci rübündən 2022-ci ilin 3-cü rübü də daxil olmaqla cəmi 2464,50 manat MDSS hesablanmışdır. Bundan əlavə iddiaçı tərəfindən 806,00 manat ödəniş edilmişdir. Həmçinin şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixə iddiaçının vergilər üzrə 1,26 manat, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə vərəqədə 3198,40 manat MDSS, 907,16 manat penya, muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan vərəqə üzrə 107,55 manat MDSS və icbari tibbi sığorta haqqı üzrə 8,95 manat olmaqla ümumilikdə dövlət büdcəsinə və müvafiq fondlara 4223,32 manat borcu vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.2018-ci il tarixdə 48,00 manat məbləği 143300 nömrəli hesab əvəzinə 121400 nömrəli hesaba ödəməsi, həmçinin məhkəmə iclasında izahatında sosial sığorta borclarını DSMF-nin rayon şöbəsinin əməkdaşı Ağayar adlı şəxsə şəxsən təqdim etməsi sosial sığorta borcunun ödənilməsi kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2473/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2473/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver