Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2474/2021 23.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti) qarşı əmək müqaviləsinin etibarlı hesab edilməsi, əmək haqqının ödənilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (bundan sonra mətndə cavabdeh) (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti) qarşı iddia ərizəsi ilə 22.11.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinin etibarlı hesab edilməsi, əmək haqqının ödənilməsi və vurulmuş maddi ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, əmək haqqının ödənilməsi ilə bağlı mübahisələrə ümumi (rayon) məhkəmələr tərəfindən baxılmalı olduğundan iddiaçı həmin tələblə Gəncə İnzibati Məhkəməsinə deyil, cavabdehin hüquqi ünvanı üzrə ümumi (rayon) məhkəməyə müraciət etməlidir. Həmin mübahisə üzrə tərəflər arasında olan münasibətlər əmək hüquq münasibətləri ilə yaranan mübahisədir. Həmin münasibətlərin subyekti kimi işəgötürən və işçi çıxış edir. İşəgötürən üçün müəyyən üstün hüquqlar müəyyən edilməsinə baxmayaraq, bu tabeçilik inzibati əmək hüquq münasibətlərinin inzibati münasibətlər kimi qiymətləndirilməsinə əsas vermir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti) qarşı əmək müqaviləsinin etibarlı hesab edilməsi, əmək haqqının ödənilməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, həmin tələblə müvafiq ümumi (rayon) məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2474/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2474/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver