Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2475/2022 21.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili Vəkil, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qeyri-yaşayış obyekti üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Ə.Cəmil küçəsi ilə Gəncə çayı arasında olan boş sahədə yerləşən qeyri-yaşayış sahəsinin (Uşaq əyləncə mərkəzi) faktiki ölçüsünə uyğun qeydiyyata alınmaqla, həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 17 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Ə.Cəmil küçəsi ilə Gəncə çayı arasında olan boş sahədə Uşaq əyləncə mərkəzinin tikintisi üçün 0.70 ha torpaq sahəsi iddiaçıya təhkim edilmiş, eyni zamanda torpaq sahəsinin təhkim edilməsi aidiyyəti orqanlarla razılaşdırılmışdır. Bundan sonra, Uşaq istirahət və əyləncə mərkəzinin eskiz layihəsi Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, 683 nömrəli qərarı ilə təsdiq edilmişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsinin faktiki ölçüsünə uyğun qeydiyyata alınmaqla, həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin tikili 2012-ci ildə inşa edilmişdir, cüzi hissəsi isə son dövrlərdə başa çatdırılmışdır, ona görə də imtinada qeyd olunan icazə tələb olunmurdu. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı qeyri-yaşayış binası üzərində hüquqların qeydiyyata alınması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun sənədlər toplusunun tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 17 nömrəli sərəncamında sifarişçi tikintinin aparılması ilə əlaqədar təşkilatlarla razılaşdırdıqdan, Kəpəz bələdiyyəsi ilə torpaq münasibətlərini həll etdikdən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən torpaq sahəsinin plan ölçü sənədini aldıqdan və DƏDRX-də sifarişçinin torpaq üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra tikinti işlərinə başlaması qeyd olunmuşdur. Lakin torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd, tikintiyə icazə sənədi və istismara icazə sənədi ərizəyə əlavə edilməmişdir. Həmçinin, tikilinin faktiki ölçüləri ilə layihə üzrə ölçüləri arasında uyğunsuzluğun olduğu aşkar edilmişdir. Bu səbəbdən də iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 17 nömrəli sərəncamından görünür ki, Ə.Cəmil küçəsi ilə Gəncə çayı arasında olan boş sahədə Uşaq əyləncə mərkəzinin tikintisi üçün 0.70 ha torpaq sahəsi İddiaçı MMC-yə təhkim edilmişdir. -işə əlavə edilmiş Gəncə şəhərinin planından çıxarışdan görünür ki, xx.xx.2009-cu il tarixli, 17 nömrəli sərəncamından görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 17 nömrəli sərəncamına əsasən Ə.Cəmil küçəsi ilə Gəncə çayı arasında olan boş sahədə Uşaq əyləncə mərkəzinin tikintisi üçün 0.70 ha torpaq sahəsi İddiaçı MMC-yə təhkim edilməsi aidiyyəti orqanlarla razılaşdırılmışdır. -işə əlavə edilmiş Gəncə şəhərində Uşaq istirahət və əyləncə mərkəzinin eskiz layihəsindən görünür ki, sözügedən eskiz layihə Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2009-cu il tarixli, 683 nömrəli qərarı ilə təsdiq edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinnin xx.xx.2022-ci il tarixli, **********09 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Beləki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 17 nömrəli sərəncamı ilə ona təhkim edilmiş torpaq sahəsində qeyri-yaşayış binası inşa etmişdir və hazırki tələblə həmin əmlak üzərində olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə müvafiq çıxarışın verilməsini tələb etmişdir. Cavabdeh orqan isə qeyri-yaşayış binası üzərində hüquqların qeydiyyata alınması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun sənədlər toplusunun tam təqdim edilmədiyini, tikilinin faktiki ölçüləri ilə layihə üzrə ölçüləri arasında uyğunsuzluğun olduğunu əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Həmçinin qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 17 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Ə.Cəmil küçəsi ilə Gəncə çayı arasında olan boş sahədə Uşaq əyləncə mərkəzinin tikintisi üçün 0.70 ha torpaq sahəsi iddiaçıya təhkim edilmiş, eyni zamanda torpaq sahəsinin təhkim edilməsi aidiyyəti orqanlarla razılaşdırılmışdır. Bundan sonra, Uşaq istirahət və əyləncə mərkəzinin eskiz layihəsi Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, 683 nömrəli qərarı ilə təsdiq edilmişdir. Cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, sözügedən qeyri-yaşayış binasının inşası üçün müvafiq razılıq və sənədlər 2009-cu ildən artıq əldə edilmişdir və həmin tarixdən sonra onun inşasına başlanılmışdır, bu baxımdan sözügedən obyektin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zamanı həmin dövr üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb edilməsi yolverilməzdir. Belə ki, cavabdehin istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə aiddir. Lakin hazırda mübahisə obyekti olan daşınmaz əmlakın inşası həmin dövrdən əvvələ təsadüf edir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamışdır. Odur ki, iddiaçıya məxsus Gəncə şəhəri, Ə.Cəmil küçəsi ilə Gəncə çayı arasında olan boş sahədə yerləşən qeyri-yaşayış sahəsinin (Uşaq əyləncə mərkəzi) faktiki ölçüsünə uyğun qeydiyyata alınmaqla, həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri, Ə.Cəmil küçəsi ilə Gəncə çayı arasında olan boş sahədə yerləşən qeyri-yaşayış sahəsinin (Uşaq əyləncə mərkəzi) faktiki ölçüsünə uyğun qeydiyyata alınmaqla, həmin qeyri-yaşayış sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2475/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2475/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver