Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2476/2023 20.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi və bərpa tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, onun Cavabdeh Hərbi Tibb fakültəsinə və ya ödənişli əsaslarla Cavabdeh Tibb fakültəsinə (əvvəlki müalicə-profilaktika fakültəsi) bərpa olunması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı 2018/2-2019-cu tədris ilində Cavabdeh Hərbi Tibb Fakültəsinə 516 balla qəbul olmuşdur.
2. İİ kursun İ semestrindən İV kursun 8-ci semestrinə qədər (Topoqrafik anatomiya fənnindən-4 kredit, Operativ cərrahiyyə fənnindən-3 kredit, Patoloji fiziologiya-1-2 fənnindən 8 kredit, Patoloji anatomiya 1-2 fənnin-dən 8 kredit, Ümumi cərrahiyyə fənnindən-6 kredit, Ginekologiya fənnindən 3 kredit, Daxili xəstəliklər 1-2 fənnindən-10 kredit, Endokrinologiya fənnindən 3 kredit, Uşaq xəstəlikləri-1 fənnindən 4 kredit, Neyrocərrahlıq fənnindən 3 kredit, Oftalmologiya fənnindən 3 kredit, Ağ ciyər xəstəlikləri fənnindən 4 kredit, Psixiatriya fənnindən 5 kredit) ümumilikdə 16 fənndən 64 kredit akademik borcu qalmışdır. 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021-ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) kəsiri olan fənlərdən (Patoloji anatomiya-1, Patoloji fiziologiya-1, topoqrafik anatomiya) təkrar dinləmə dərslərinə göndərilmiş, lakin dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbi ilə həmin fənlərdən akademik borcu ödənilməmişdir.
3. "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə"nin 4- cü bölmə 9-cu maddəsinə əsasən Cavabdeh üzrə xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrlə Hərbi Tibb Fakültəsindən xaric edilmişdir.
4. İddiaçı Cavabdeh Hərbi Tibb fakültəsinə və ya ödənişli əsaslarla Cavabdeh Tibb fakültəsinə (əvvəlki müalicə-profilaktika fakültəsi) bərpa olunması ilə bağlı Cavabdehnə etdiyi müraciətinə həmin Universitetin xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, o, 2018/2019-cu tədris ilində Cavabdeh Hərbi Tibb Fakültəsinə 516 balla qəbul olmuşdur. İİ kursun İ semestrindən İV kursun 8-ci semestrinə qədər (Topoqrafik anatomiya fənnindən-4 kredit, Operativ cərrahiyyə fənnindən 3 kredit, Patoloji fiziologiya 1-2 fənnindən 8 kredit, Patoloji anatomiya 1-2 fənnindən 8 kredit, Ümumi cərrahiyyə fənnindən 6 kredit, Ginekologiya fənnindən 3 kredit, Daxili xəstəliklər 1-2 fənnindən 10 kredit, Endokrinologiya fənnindən 3 kredit, Uşaq xəstəlikləri-1 fənnindən 4 kredit, Neyrocərrahlıq fənnindən 3 kredit, Oftalmologiya fənnindən 3 kredit, Ağciyər xəstəlikləri fənnindən 4 kredit, Psixiatriya fənnindən 5 kredit) ümumilikdə 16 fəndən 64 kredit akademik borcu qalmışdır. O, 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021-ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) kəsiri olan fənlərdən (Patoloji anatomiya-1, Patoloji fiziologiya-1, topoqrafik anatomiya) təkrar dinləmə dərslərinə göndərilmiş, lakin dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbi ilə həmin fənlərdən akademik borcu ödəməmişdir. Onun təhsildə müvəffəqiyyətsizliyini və akademik borcu ödəmək istəyinin olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004-cü il tarixli 34 nömrəli əmri ilə tətbiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə"nin 4-cü bölmə 9-cu maddəsinə əsasən Cavabdeh üzrə xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrlə Hərbi Tibb Fakültəsindən xaric edilmişdir. Həmin Əsasnaməyə əsasən Hərbi Tibb Fakültəsindən xaric olunmuş tələbə və kursantlar yenidən fakültəyə bərpa oluna bilməzlər. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar'ına əsasən ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Onun qəbul balı Müalicə-profilaktika və stomatologiya fakültələrinin qəbul balından (609) aşağıdır. II. Məhkəmədə icraat
5. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Cavabdeh Hərbi Tibb fakültəsindən xaric olunmağının tələbənin hüquqlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 348 nömrəli qərarına, Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 5/2 nömrəli qərarına, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın Avropaya inteqrasiyası üçün Elm və Təhsil sahəsində apardığı islahatlara zidd olduğunu və qyeri-qanuni olduğunu nəzərə alaraq onun Cavabdeh Tibb fakültəsinə (əvvəlki müalicə-profilaktika fakültəsi) bərpa olunmağına köməklik edilməsi (Tibb fakültəsi Hərbi Tibb fakültəsi ilə eyni ixtisasdır, ixtisasdəyişikliyi olmadığına görə onun universitetə qəbul olduğu ildəki keçid balı nəzərə alınmalıdır) barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildə 516 balla Cavabdeh Hərbi Tibb Fakultəsinə qəbul olmuşdur. 1-ci kursun payız semestrində anatomiya 1-dən bir kəsiri olmuşdur. 1-ci kursun yay semestrində anatomiya 1-dən imtahan verərək həmin kəsiri ləğv etmişdir. Buna baxmayaraq sonradan ona Hərbi Tibb Fakültəsi tərəfindən tibbə aid əsas fənlərdən dərslərdə iştirak etməyə qəti qadağalar qoyulmuş və sonra da həmin fənlərdən imtahanlara buraxılmamışdır. 1 və ya 3 semestr sonra həmin fənlərdən, bir neçə dəfə də ödəniş əsasında dərslər keçirilib və sonra imtahan vermişdir. xx.xx.2021-ci il tarixdə ağır avtoqəzaya uğramışdır. Avtoqəza nəticəsində ağır torakoabdominal travma, qaraciyərin sağ payının cırılması, daxili qanaxma, sağ kürək sümüyünün yerini dəyişən sınığı, qapalı kəllə-beyin travması, sol təpə nahiyənin cırılmış yarasına görə xx.xx.2021-ci il tarixdə təcili əməliyyat-laparotomiya, qaraciyərin yarasının tikilməsi, qanaxmanın dayandırılması, qarın boşluğunun sanasiya və drenajı, yaranın birincili cərrahi işlənməsi, sağ yuxarı ətrafın immobilizasiyası olunmuşdur. Başqa heç bir kəsiri olmadığı halda iştirak etməyinə qadağalar qoyulmuş və 1, 2 və ya 3 semest sonra əlavə təyin edilmiş dərslərin bəzisində avtoqəzadan sonra səhhətində yaranan problemlərlə əlaqədar iştirak edə bilməmişdir. Tibbə aid əsas fənlərdən vaxtında dərslərdə iştirak etməyinə icazə verilmədiyinə görə 4-cü kursun sonunda 64 kredit akademik borcu qalmışdır. 4-cü kursun sonunda Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Hərbi-Həkim Komissiyasında şəhadətlənərkən onun xx.xx.2021-ci ildə avtoqəza nəticəsində çox ağır torako-abdominal travma, qapalı kəlləbeyin travması, sağ kürək sümüyünün yerini dəyişən sınığı, qaraciyərin sağ payının cırılması, sol təpə nahiyəsinin cırılmış yarasına görə xx.xx.2021-ci il tarixdə təcili əməliyyat-Laparotomiya, qaraciyərin yarasının tikilməsi, daxili qanaxmanın dayandırılması, qarın boşluğunun sanasiya və drenajı, yaranın 1-cili cərrahi işlənməsi, sağ yuxarı ətrafın immobilizasiya olunması, sağ gözündə çapıq və bulanıqlıq, görmənin zəifləyərək 100%dən 40%-ə düşməsinin aşkar olunmasına baxmayaraq, burnun xarici deformasiyası, burun çəpərinin əyriliyi, xarici tənəffüs funksiyasının pozulması, fibroqastroduodenoskopiya zamanı ezofaqiteritematoz qastrit, qastroezofaqial reflyuks aşkar olunmasına baxmayaraq və heç əsgər də olmadığı halda 3-cü (zabit) qrafası ilə şəhadətləndirilmiş və "Hərbi xidmətə yararlıdır" yazılmışdır. Həkimlərin rəyləri MN-nin MHP-nın rəisinə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə, yəni 5-ci kursun əvvəlində ona qarşı çox haqsızlıq edilərək, tələbə hüquqları kobud pozularaq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 348 saylı qərarına tam zidd olaraq onu Cavabdeh Hərbi-Tibb Fakultəsindən və eləcə də Cavabdehndən xaric ediblər. Belə ki, universitetdən xaric olunmağı üçün Hərbi Tibb Fakültəsindən Milli Müdafiə Universitetinin rektoruna təqdimat yazılmış, sonra həmin təqdimat Cavabdeh rektoruna göndərilmişdir. Səbəb kimi onu göstəriblər ki, 64 kredit akademik borcu olmuş, akademik borcu ödəmək üçün bəzi əlavə dərslərdə iştirak etməmiş, guya akademik borcu ödəmək istəyi olmamış və ona görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2004-cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş "Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə"nin 4-cü bölmə 9-cu maddəsinə əsasən Cavabdeh üzrə xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrlə Hərbi Tibb Fakültəsindən xaric edilmişdir. Əslində 64 kredit akademik borcun yaranması səbəbi o olmuşdur ki, 1-ci kursun yaz semestrində, 2-ci kursda, 3-cü kursda və 4-cü kursda əsas tibbə aid fənlərdən öz dərslərində vaxtında onun iştirak etməyinə icazə verilməmiş, həmin dərslərdə iştirakı qəti qadağan edilmişdir. Bu səbəbdən də akademik borc yaranmışdır. xx.xx.2021-ci il tarixdə onun ağır avtoqəzaya uğrayaraq ağır əməliyyat keçirməyi, kəlləbeyin travması almağı ümumiyyətlə heç nəzərə alınmamış, ondan akademik borcu ödəmək istəyi olub-olmaması haqqında heç bir izahat alınmayaraq onun akademik borcu ödəmək istəyi olmaması haqqında Hərbi Tibb Fakültəsi tərəfindən yalan məlumat verilmişdir. Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 34 nömrəli əmrini əsas götürərək xx.xx.2022-ci il tarixdə tələbə universitetdən necə xaric edilə bilər ki, 2004-cü ildə Azərbaycan Respublikası hələ "Boloniya" bəyannaməsinə qoşulmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5592/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
9. Məhkəmənin hüquqi yardımına əsasən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh üzrə xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrin ləğv edilməsini və onun Cavabdeh Tibb fakültəsinə və ya ödənişli əsaslarla Cavabdeh Tibb fakültəsinə (əvvəlki müalicə-profilaktika fakültəsi) bərpa olunmağını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
10. İddiaçının nümayəndəsi (atası) X1 ərizəsi əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir.
11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. İddiaçı və cavabdehin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişləri göndərilmiş, Elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçıya göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.
13. İddiaçı məhkəmə iclasında atası olan nümayəndəsi ilə təmsil olunmuş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
14. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
15. İddiaçının nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 2018/2019-cu tədris ilində Cavabdeh Hərbi Tibb Fakültəsinə 516 balla qəbul olmuşdur. İİ kursun İ semestrindən İV kursun 8-ci semestrinə qədər (Topoqrafik anatomiya fənnindən-4 kredit, Operativ cərrahiyyə fənnindən 3 kredit, Patoloji fiziologiya-1-2 fənnindən 8 kredit, Patoloji anatomiya 1-2 fənnindən 8 kredit, Ümumi cərrahiyyə fənnindən 6 kredit, Ginekologiya fənnindən 3 kredit, Daxili xəstəliklər 1- 2 fənnindən 10 kredit, Endokrinologiya fənnindən 3 kredit, Uşaq xəstəlikləri-1 fənnindən 4 kredit, Neyrocərrahlıq fənnindən 3 kredit, Oftalmologiya fənnindən 3 kredit, Ağciyər xəstəlikləri fənnindən 4 kredit, Psixiatriya fənnindən 5 kredit, 16 fənndən 64 kredit akademik borcu qalmışdır. Tələbə 2020/2021-ci tədris ilinin yaz semestrində (xx.xx.2021ci il tarixli 141/T nömrəli əmrlə), 2021/2022-ci tədris ilinin payız və yaz semestrlərində (xx.xx.2021-ci il tarixli 506/T nömrəli və xx.xx.2022-ci il tarixli 88/T nömrəli əmrlərlə) kəsiri olan fənlərdən (Patoloji anatomiya-1, Patoloji fiziologiya-1, topoqrafik anatomiya) təkrar dinləmə dərslərinə göndərilmiş, lakin dərslərdə iştirak etmədiyi üçün dərsə davamiyyətsizlik səbəbi ilə həmin fənlərdən akademik borcu ödəməmişdir. Tələbənin təhsildə müvəffəqiyyətsizliyini və akademik borcu ödəməyə istəyinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004-cü il tarixli 34 nömrəli əmri ilə tətbiq edilmiş “Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə”nin 4-cü bölmə 9-cu maddəsinə əsasən Cavabdeh üzrə xx.xx.2022-ci il tarixli 4/T nömrəli əmrlə Hərbi Tibb Fakültəsindən xaric edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 21 yanvar 2004-cü il tarixli 34 nömrəli əmri ilə tətbiq edilmiş “Cavabdeh Hərbi Tibb Fakültəsi haqqında Əsasnamə” nin 4-cü bölmə 9-cu maddəsinə əsasən Hərbi Tibb Fakültəsindən xaric olunmuş tələbə və kursantlar yenidən fakültəyə bərpa oluna bilməzlər.
Əsaslandırma hissəsi:
17. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
18. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
19. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
20. Məhkəmə ilk öncə qeyd edir ki, iddia ərizəsində cavabdeh qismində Cavabdeh qeyd edilmişdir.
21. Halbuki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatında inzibati orqan kimi qeyd edilməmişdir.
22. Həmçinin, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
23. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmayan mübahisə olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
24. Cavabdeh orqan tərəfindən məhkəməyə göndərilmiş sənədlərdə olan xx.xx.2018-ci il tarixli 3 saylı fərdi müqavilədən görünür ki, Cavabdeh ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan (İddiaçı) arasında müqavilə bağlanmış və həmin müqavilə üzrə tərəflər öz üzərlərinə hüquq və vəzifələr götürmüşlər.
25. Həmin müqaviləyə görə: Bənd 2.2. Ali təhsil müəssisənin təhsilalandan təhsil müddətində bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini, habelə ali təhsil müəssisənin qayda və tələblərinə riayət edilməsini tələb etmək hüququ vardır. Bənd 2.3. Təhsilalanın semestr ərzində fənn üzrə ayrılmış ümumi auditoriya saatlarının 20%-dən çoxunun, praktik və seminar dərslərdə tam iştirak etməsindən asılı olmayaraq, mühazirə saatlarının 40%-nin buraxılması hallarında təhsil müəssisəsinin onu həmin fəndən imtahana buraxmamaq hüququ vardır (qeyd olunan göstəricilər universitetin Elmi Şurası və Rektoryanı Şuranın qərarları ilə tənzimlənir). Bənd 2.4. Təhsilalan aşağıdakı öhdəlikləri öz üzərinə götürür: 2.4.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı daxilində təhsilini müvəffəqiyyətlə başa çatdırmaq; 2.4.2. Ali təhsil müəssisəsinin daxili intizam və davranış qaydalarına riayət etmək; ... 2.4.4. Ali təhsil müəssisəsinin təyin etdiyi müddət ərzində seçdiyi ixtisas üzrə tədris planları və proqramlarını yerinə yetirmək.
26. Göründüyü kimi, hazırkı mübahisə tərəflər arasında təhsilalanın təhsil aldığı universitet arasında fərdi müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi ilə əlaqədar yaranmışdır, yəni iddiaçı tədris planlarını və proqramlarını yerinə yetirməmiş, davamiyyətsizlik göstərərək təhsilini müvəffəqiyyətlə başa çatdırmamışdır ki, bu da cavabdehin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə deyildir və belə mübahisələrə mülki məhkəmə icraatı qaydasında rayon (şəhər) məhkəmələri tərəfindən baxılır.
27. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüququ, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.
28. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.
30. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
31. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıya izah edilir ki, onun hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva