Məhkəmə qərarları › İş №2-1(114)-2477/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2477/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2477/2023 22.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0529 nömrəli əmri ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.

2. Azərbaycan Respublikası Baş prokuroru tərəfindən yaradılmış istintaq qrupunun xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır.

3. İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi barədə Müdafiə Nazirliyinə müraciət etmiş və həmin Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 1/N-9591 saylı məktubu ilə ona bildirilmişdir ki, onun Azərbaycan Ordusunda həqiqi hərbi xidmət etməsi barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin ehtiyat zabit hazırlığı kursunu "Motoatıcı" ixtisası üzrə bitirdikdən sonra həmin tarixdən etibarən 2008-ci ilin aprel ayına qədər döyüş bölgəsində yerləşən hərbi hissədə xidmət etmişdir. 2010-cu ildən başlayaraq isə davamlı şəkildə döyüş bölgələrində yerləşən hərbi hissələrdə xidmətini davam etdirmiş, kapitan rütbəsinə qədər yüksəlmişdir. Lakin 2017-ci ilin mayında "Tərtər işi" ilə bağlı heç bir əsas və səbəb olmadan qanunsuz saxlanmış və sorğu-suala məruz qalmışdır. Bu prosesin nəticəsində xx.xx.2017- ci il tarixdə tam əsassız olaraq "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-ci maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Ona qarşı edilmiş bu qanunsuzluğa baxmayaraq 2020-ci il 16 oktyabr tarixində səfərbərliklə hərbi xidmətə yollanmış və Vətən Müharibəsində iştirak etmiş, Füzuli, Cəbrayıl, Şuşa istiqamətlərində döyüşlərdə iştirak edərək həmin rayonun işğaldan azad edilməsi üçün hərbi xidmət fəaliyyəti göstərmişəm. X1 iştirakla əlaqədar müvafiq medallarla təltif olunmuşdur. Ehtiyata buraxılması zamanı üzləşdiyi qanunsuluqlar ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsinin 11 yanvar 2022-ci il tarixli qərarı ilə qanunsuz saxlanıldığı üçün zərərçəkmiş şəxs qismində tanınmışdır. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə əmri qanunsuz və əsassız hesab etdiyi üçün zərərçəkmiş şəxs qismində tanınma qərarını aldıqdan dərhal sonra cavabdeh orqana 2022-ci ilin may ayında ərizə ilə müraciət etmiş, əmrin ləğv edilməsini və işə bərpa edilməsini xahiş etmişdir. Lakin cavabdehin xx.xx.2022-ci il tarixli 9591 saylı cavab məktubu ilə müraciətinə xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığından hərbi xidmətə bərpa olunmasının məqəsədəmüvafiq hesab edilmədiyi üçün imtina cavabı verilmişdir. O, qanunsuz olaraq ehtiyata buraxıldığından cavabdehin üzərinə əmrin ləğv edilməsi, işə bərpa edilməyim, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ona ödənilməsi vəzifəsi qoyulmalıdır.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4323/2023 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

8. İddiaçı məhkəməyə iddia ərizəsi ilə yanaşı buraxılmış müddətin bərpasına dair ərizə təqdim etmiş və ərizəni onunla əsaslandırmışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu və İnzibati Prosessual Məcəllə ilə inzibati aktın (əmrin) mübahisələndirilməsi üçün nəzərdə tutulmuş müddəti buraxmışdır. Lakin müddəti buraxma ondan asılı olmayan səbəbdən, faktiki olaraq müddəti buraxdığı dövrdə qarşısıalınmaz hal nəticəsində baş vermişdir. Belə ki, 2017-ci ilin mayında "Tərtər işi" ilə bağlı heç bir əsas və səbəb olmadan qanunsuz saxlanmış və sorğu-suala, işgəncələrə məruz qalmışdır. Sərbəst buraxıldıqdan sonra qısa bir müddət sərəncamda saxlanılmış və bu prosesin nəticəsində xx.xx.2017- ci il tarixdə tam əsassız olaraq "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-ci maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Həmin dövrdə ehtiyata buraxılması ilə razılaşmasa da, 2017-ci ilin may-iyun aylarında, o cümlədən sonrakı tarixlərdə elə bir vəziyyət yaranmışdı ki, bununla bağlı müraciət edib tələb etmək imkanı yox idi. Həm də bu xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair əmri məhkəmədə mübahisələndirməzdən əvvəl 2017-ci ilin may-iyun aylarında çoxsaylı hərbi qulluqçulara qarşı törədilmiş əməllərin araşdırılması lazım idi. xx.xx.2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin yenidən araşdırılmasına başlanılıb və bu məqsədlə birgə istintaq qrupu yaradılıb. Nəticədə Baş Prokurorluğun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin qərar ona 2022-ci ilin may ayında təqdim edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə əmrin ləğvi və işə bərpa tələbi ilə Müdafiə Nazirliyinə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə ona imtina cavabı verilmiş və bundan sonra məhkəməyə hazırkı tələblə müraciəti etmişdir. III. Prosessual məsələlər

9. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının mobil nömrəsinə Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.

10. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

11. İddiaçı məhkəmə iclasında iddia ərizəsini və müddətin bərpasına dair ərizəni müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

13. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisələndirilən inzibati akt – Azərbaycan Respublikası Müdafiə nazirinin 0529 nömrəli əmridir. Bu əmr isə 17 iyul 2017-ci il tarixlidir. İddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün yəni, 17 avqust 2017-ci il tarixdə bilmiş və iddiaçı isə məhkəməyə Azərbaycan Respublikası Müdafiə nazirinin 17 iyul 2017-ci il tarixli 0529 nömrəli əmrin mübahisələndirilməsi barədə ərizəni isə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. İddiaçı barəsində Azərbaycan Respulikası Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin mümkün sayılmaması barədə qəbul edilməsi xahiş edilmişdir.

Əsaslandırma hissəsi:

14. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır.

15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

16. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

17. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

18. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin Azərbaycan Respublikası Müdafiə nazirinin 17 iyul 2017-ci il tarixli 0529 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır və hazırda İddiaçı həmin əmri mübahisələndirir və bununla yanaşı həmin tələbdən doğan fakültativ tələblər - işə bərpa edilmə, itirilmiş illərin əmək stajına hesablanma və buraxılmış müddət üçün əmək haqqının ödənilmə tələblərini irəli sürür.

19. İddiaçının başlıca tələbi olan əmrin ləğvi tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir və bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir.

20. İddiaçının sözügedən əmrdən qəbul edildiyi və ona elan edildiyi vaxtdan məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

21. İddiaçı da müddəti ötürdüyünü qəbul edərək, iddia ərizəsinə müddətin bərpasına dair ərizə əlavə etmiş, lakin əmrin qəbul edildiyi xx.xx.2017-ci il tarixdən iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsasları təqdim etməmişdir.

22. Belə ki, iddiaçının müddətin ötürülməsinin səbəblərini onun 2017-ci ilin mayında "Tərtər işi" ilə bağlı heç bir əsas və səbəb olmadan qanunsuz saxlanaraq, sorğusuala, işgəncələrə məruz qalması, sərbəst buraxıldıqdan sonra qısa bir müddət sərəncamda saxlanılmış və bu prosesin nəticəsində xx.xx.2017- ci il tarixdə tam əsassız olaraq "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-ci maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması, həmin dövrdə bununla bağlı müraciət imkanının olmaması, həmin əmri məhkəmədə mübahisələndirməzdən əvvəl 2017-ci ilin may-iyun aylarında çoxsaylı hərbi qulluqçulara qarşı törədilmiş əməllərin araşdırılması zərurətinin olması, xx.xx.2021-ci il tarixdə qeyd edilən çoxsaylı hərbi qulluqçulara, o cümlədən ona qarşı törədilmiş cinayət əməllərinin yenidən araşdırılmasına başlanılması və nəticədə Baş Prokurorluğun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs qismində tanınması, həmin qərar ona 2022-ci ilin may ayında təqdim edilməsi, bundan sonra xx.xx.2022-ci il tarixdə əmrin ləğvi və işə bərpa tələbi ilə Müdafiə Nazirliyinə müraciət etməsi, xx.xx.2022-ci il tarixdə ona imtina cavabının verilməsi və bundan sonra məhkəməyə müraciəti etməsi ilə əsaslandırmışdır.

23. Məhkəmə iddiaçının həmin dəlillərini müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.

24. Lakin hazırkı işdə iddiaçının gətirdiyi arqumentlər sadalanan üzrlülük meyarlarına cavab vermir.

25. Hətta iddiaçının Azərbaycan Respublikası Baş prokuroru tərəfindən yaradılmış istintaq qrupunun xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmasına qədərki dövrdə iddia qaldırması üçün hüquqi imkanının olmaması barədə dəlili qəbul ediləcəyi halda belə, yenə də həmin tarixdən iddiaçı hüquqi müdafiə vasitələrindən qanunla müəyyən edilmiş müddətdə istifadə etməmiş və müddəti ötürmüşdür.

26. «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə görə: Bənd 161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Bənd 165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.

28. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.

29. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

30. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

31. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

32. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

34. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

35. Göründüyü kimi, iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür.

36. Məhkəmə onu da qeyd edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin tələbdən asılı olan, digər tələblər üzrə mümkünlük şərtlərinin yoxlanılmasına ehtiyac qalmamışdır.

37. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğvi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə:

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar