Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2479/2023 06.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə-iddiaçı) xx.xx.1961-ci il tarixdə Ağdam rayonun Rzalar kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 54 nömrəli əmrilə 4-cü batalyonda sürücü işləyən iddiaçı UAZ 469 markalı maşını ilə birlikdə operativ hissənin zabitinə təhkim edilmiş, xx.xx.1992-ci il tarixli, 75 nömrəli əmrlə vəzifə borcunu vicdanla yerinə yetirdiyi üçün starşina rütbəsi verilmişdir. İddiaçıya məxsus hərbi biletdəki məlumatlara əsasən o, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş, Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə-cavabdeh) müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-1741 nömrəli məktubla döyüş əməliyyatları aparılan zaman hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi yaşadığı və işlədiyi Ağdam rayonunda Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, sürücü işlədiyi kolxozda kolxozun maşını ilə hərbi hissəyə təhkim olunmuşdur. Hərbi hissənin əmri ilə hərbi hissəyə daxil olmuş və hərbi hissənin əmri ilə də xidmətdən azad olunmuşdur. Bu barədə onun hərbi biletində qeydlər öz əksini tapmışdır. Əvvəllər də bir neçə dəfə veteran vəsiqəsi almaq məqsədilə müraciət etsə də, ona cavab verilməmişdir. İddiaçı doğulub böyüdüyü Ağdam uğrunda ölüm-dirim savaşına atılmışdır. Həmişə Ağdamda yaşamış və yaşamışdır. İddiaçı veteran vəsiqəsi almışdır. Onun hərbi biletində hərbi hissəyə daxil olmağı və hərbi hissədən xaric olması hərbi hissə komandanlığının möhür və imzasıyla əks olunmuşdur. Dəfələrlə müraciət etməsinə baxmayaraqmən müharibə veteranı vəsiqəsi almamış və ala bilmir. Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, müharibədən əvvəl kolxozda işləmişdir, taxıl istehsalına, aclıq olmasın deyə xx.xx.1992-ci ildən sonra özü kolxoza qayıtmışdır. Həmin zaman onun hərbi biletini yazıb qaytardılar. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2023-cü il tarixli, 3-25-11/2-2344/2023 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında bildirmişdir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9- dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqlar müvafiq komissiyaların rəyinə əsasən verilir». Cavabdeh hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Döyüş əməliyyatları aparılan zaman hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. "Müharibə veteranı" adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (təxris olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə "Qeyd" hissəsi əlavə olunmuşdur. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına cavabdehin xx.xx.2023-cü il tarixli, 4/3-1741 imtinası, iddiaçıya məxsus hərbi biletin surəti, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-25-11/2-2344/2023 etirazı, xx.xx.2023 tarixli 4/2-1329 nömrəli məktubu, əmrdən çıxarış əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsidir. İddiaçının hərbi biletində onun hərbi xidməti, döyüş bölgəsində iştirakı ilə bağlı qeydlər olsa, həmin qeydlər müvafiq arxiv arayışları, müvafiq əmrlərlə öz təsdiqini tapmamışdır. Göründüyü kimi, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2479/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2479/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver