Məhkəmə qərarları › İş №2-1(114)-248/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-248/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-248/2023 06.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinə qarşı məharət dərəcəsi qeyd edilməklə yeni “Məlumat vərəqi” tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, ilkin “Məlumat vərəqi”nin etibarsız hesab edilməsi və yeni yazılacaq “Məlumat vərəqi”də əvvəllər yazılmamış məharət dərəcəsi göstərilməklə yeni “Məlumat vərəqi”nin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1986-cı ildə anadan olmuş, xx.xx.2005-ci il tarixdə Tərtər Rayon Hərbi Komissarlığı vasitəsi ilə həqiqi hərbi xidmətə çagrılaraq Azərbaycan Respublikası Səhhəd Qoşunlarına hərbi xidmətə göndərilmişdir. Belə ki, xx.xx.2005-ci il tarixdən (əmr № 15) xx.xx.2006-cı 11 tarixədək (əmr № 184) AR SQ TTM-də manqa komandiri vəzifəsində həqiqi hərbi xidmətdə, xx.xx.2006-cı ildən (əmr № 306) xx.xx.2007-ci ilədək (əmr № 36) kursant olmuşdur. xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək AR SQ TTM-də həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2010-cu il tarixdən (əmr № 08-ƏÇ) xx.xx.2017-ci il tarixədək (əmr № 073-ƏÇ) N nömrəli hərbi hissədə manqa komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. N saylı hərbi hissənin tərkibində xidmətdə olarkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən 2016-cı ilin Aprel döyüşlərində fəal iştirak etmiş və eyni zamanda xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2017xx.xx.2017-ci il tarixlərdə AR SQ BKH-da, xx.xx.2017-ci il tarixdə isə AR MN Mərkəzi Hərbi Hərbi Komissiyasında müayinə və müalicədə olmuş və nəhayət “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “V” bəndinə əsasən xəstəliyə görə hərbi xidmətdən tərxis edilmişdir. AR MN MHHK-nın qərarına əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş, 24 yanvar 2018-ci ildən hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlildir və xx.xx.2019-cu ildən isə müharibə veteranıdır. Belə ki, 2010-cu ildən 2016-ci ilədək onun 2-ci dərəcə məharət dərəcəsi olmuş, 2016-ci ildə sıradan kənar edilmiş, lakin 2017-ci ilin oktyabr ayında yenidən məharət dərəcəsi imtahanı verməli olduğu halda ondan asılı olmayan səbəblər üzündən həmin imtahanı verə bilməmişdir. Məhz buna görə də onun məlumat vərəqi tərtib edilərkən digər qrafalar düzgün doldurulsa da məharət dərəcəsi yazılmamış, nəticədə də onun İİ qrup əlil kimi pensiyası az hesablanmış və bununla da sosial təminat hüquqları pozulmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin məhkəmə iclası 06 mart 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-25/2-8/764-2023 nömrəli etirazda iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 8/1281 nömrəli məktubu; - iddiaçıya məxsus AO ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti; - iddiaçı barəsində tərtib edilmiş MN-09468 nömrəli “Məlumat vərəqi”nin təsdiq edilmiş surəti; - iddiaçı barəsində tərtib edilmiş MN N nömrəli pul attestatının təsdiq edilmiş surəti; - iddiaçı barəsində tərtib edilmiş məharət dərəcəsinin uçot vərəqinin təsdiq edilmiş surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Naziriliyi N hərbi hissədə hərbi xidmət keçmiş, xidmət etdiyi müddətdə iddiaçıya məharət dərəcəsi verilmişdir. Ona sonuncu dəfə xx.xx.2015-ci il tarixdə 2-ci məharət dərəcəsi verilmişdir İddiaçı xx.xx.2017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “V” bəndinə əsasən xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hazırda məharət dərəcəsi göstərilməklə yeni “Məlumat vərəqi” tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5- ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 may 2016-cı il tarixli müvafiq nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən bu Əsasnamə, hərbi qulluqçulara məharət (tibbi hərbi uçot ixtisaslı hərbiqulluqçulara – ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi, məharət dərəcəsindən məhrum edilməsi qaydalarını müəyyən edir. Əsasnamənin 2-ci bəndinə əsasən şəxsi heyətin yüksək təlim və tərbiyəsini, silah, hərbi texnika və digərtexniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (atəş və start), idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aşağıdakı məharət dərəcələri verilir: 3-cü məharət dərəcəsi; 2-ci məharət dərəcəsi; 1-ci məharət dərəcəsi; usta məharət dərəcəsi (hərbi təyyarəçilərə, hərbi şturmanlara, hərbitəyyarəçi-təlimatçılara və hərbi şturman-təlimatçılara “snayper” dərəcəsi). Əsasnamənin 6-cı bəndinə əsasən Məharət dərəcəsinin artırılması üçün sınaqlara öz vəzifə borclarını vicdanlayerinə yetirən, malik olduğu məharət dərəcəsinin verilməsindən (sonuncu dəfə təsdiq edilməsindən) sonra keçən müddətdə tabelikdə olan şəxsi heyət arasında ölüm və şikəst olma halları olmayan (döyüş tapşırığının yerinə yetirilməsi və hərbi qulluqçunun təqsiri üzündən olmayan hallar istisna olmaqla), təlimin əsas fənləri üzrə “yaxşı” və “əla” qiymətlər alan, silahı və texnikanı ən azı “yaxşı” qiymətə bilən, onu saz və işlək vəziyyətdə saxlayan, son bir il müddətində silah və hərbi texnikanın istismarı zamanı öz təqsiri üzündən qəza (uçuşda məqbul olmayan hadisələr, aviasiya texnikasının zədələnməsi, uçuş qaydalarını pozma, səmtləşməni itirmə, təyin edilmiş meydançadan kənarda silah tətbiq etmə) və sınma hallarına (aviasiya texnikasının nazazlığı) yol verməyən, intizamlı hərbi qulluqçular buraxılırlar. Əsasnamənin 14-cü bəndinə əsasən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisnaolmaqla) məharət dərəcəsi aşağıda qeyd olunan müddətə verilir və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır: 2-ci məharət dərəcəsi – 1 il; 1-ci məharət dərəcəsi – 2 il; usta məharət dərəcəsi – 3 il. Qeyd olunan maddi hüquq normalarının işin faktiki hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, iddiaçının sonuncu xidmət yeri N nömrəli hərbi olmuşdur. Həmin hərbi hissə tərəfindən MN N nömrəli xx.xx.2017-ci il tarixli pul attestatında onun məharət dərəcəsinə görə pul əlavəsinin alması barədə hər hansı bir qeydiyyat olmamışdır. Odur ki, cavabdeh tərəfindən MN-09468 nömrəli “Məlumat vərəqi”ndə iddiaçının hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Həmçinin məharət dərəcəsinin uçotu vərəqindən görünür ki, iddiaçıya 2-ci məharət dərəcəsi xx.xx.2015-ci il tarixdə verilmiş, lakin Əsasnamənin tələbinə görə 1 ildən sonra 2016-cı ildə malik olduğu məharət dərəcəsinin təsdiqi üçün sınaqlarda iştirak etməmiş və məharət dərəcəsini təsdiq etdirməmişdir. İddiaçı sözügedən halı ondan asılı olmayan səbəbdən olmasını qeyd etsə də səbəbinin üzrlu olmasına dair hər hansı sübut təqdim etməmişdir. Beləliklə də, yuxarıd qeyd edilənlərə, məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunauyğun olmuş və İddiaçı hər hansı hüququnun pozulmasına səbəb olmamışdır. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinə qarşı məharət dərəcəsi qeyd edilməklə yeni “Məlumat vərəqi” tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinə qarşı məharət dərəcəsi qeyd edilməklə yeni “Məlumat vərəqi” tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar