Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2481/2025 24.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı qeydiyyatın ıəğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı üçüncü şəxs X1 onun xüsusi evindən qeydiyyatının ləğv edilməsi tələbinə dair ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: I. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X1 onun xüsusi evindən qeydiyyatının ləğv edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, gəlini X2 üç ildir ki, oğlu Qasımov Elnurdan məhkəmə yolu ilə boşanıb və onun yaşayış yeri məlum deyil. Ona görə də üçüncü şəxs X1 onun xüsusi evindən qeydiyyatının ləğv edilməsini xahiş etmişdir.
3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək, iddia ərizəsinin forma və məzmun baxımından İPM-in tələblərinə uyğun olmadığı, belə ki, ərizədə tələbin yönəldiyi cavabdeh orqanın göstərilmədiyi, eyni zamanda tələbin konkret olmamaqla, qeyri-müəyyən ifadə edildiyi, tələbinin X1 ona məxsus olan Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, 2-ci döngə, ev 12 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması ilə bağlı olduğu, həmin tələbə cavab verməli orqanın isə Gəncə Şəhər Baş Polis İdarəsinin olduğu bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
4. Sözügedən sərəncam iddiaçının ərizəsində göstərdiyi ünvana göndərilmiş və xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən şəxsən imza edilməklə qəbul edilmişdir.
Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsinə görə, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi.
8. Həmin maddəyə uyğun olaraq iddiaçıya bildirilir ki, iddia ərizəsi forma və məzmun baxımından İPM-in tələblərinə uyğun deyildir. Belə ki, ərizədə tələbin yönəldiyi cavabdeh orqan ərizədə göstərilməmişdir. Eyni zamanda tələb konkret olmamaqla, qeyrimüəyyən ifadə edilmişdir.
9. İş materialları ilə müəyyən edilir ki, iddiaçının tələbi X1 ona məxsus olan Gəncə şəhəri, Sevil Qazıyeva küçəsi, 2-ci döngə, ev 12 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması ilə bağlıdır və həmin tələbə cavab verməli orqan isə Gəncə Şəhər Baş Polis İdarəsidir.
10. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək, tələbin düzgün qeyd edildiyi və cavabdehin göstərildiyi dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ona təklif olunmuş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
11. Sözügedən sərəncam iddiaçının ərizəsində göstərdiyi ünvana göndərilmiş və xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən şəxsən imza edilməklə qəbul edilmişdir. Lakin ötən müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.
12. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
13. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
14. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva