Məhkəmə qərarları › İş №2-1(114)-2482/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2482/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2482/2023 17.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür.

2. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli Д-İ 011026 nömrəli diploma əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi ixtisası üzrə əyani təhsil almışdır.

3. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixli 170-05 nömrəli əmrlə xx.xx.1979-cu il tarixdən Bakı şəhəri M.N.Qədirli adına klinik hövzə xəstəxanası birillik internatura keçmək üçün terapevt-həkim təyin edilmiş, xx.xx.1980-ci il tarixli 30 nömrəli əmrlə internatura bitdiyi üçün xx.xx.1980-ci il tarixdən vəzifəsindən azad edilmiş, xx.xx.1980-ci il tarixli 197 nömrəli əmrlə Ağdam rayonu Qaradağlı kənd xəstəxanasında terapevt-həkim vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci il tarixli 89 nömrəli əmrlə vəzifəsindən azad edilib xx.xx.1985-ci il tarixdən 1.0 maaşla Əfətli kənd həkim ambulatoriyasına baş həkim vəzifəsinə keçirilmişdir.

4. İddiaçıya məxsus xx.xx.2001-ci il tarixli ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Bakı şəhəri M.N.Qədirli adına klinik hövzə xəstəxanası birillik internatura keçmək üçün terapevt-həkim, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Ağdam rayonu Qaradağlı kənd xəstəxanasında terapevt-həkim, xx.xx.1985-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ağdam rayonu Əfətli kənd xəstəxanasında baş həkim, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Ağdam rayonu Mahrızlı kənd xəstəxanasında terapevt-həkim işləmişdir.

5. Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2022-ci il tarixli 113 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Ağdam rayonu Əfətli və Mahrızlı xəstəxanalarında həkim işləmiş və 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002-ci illlərdə bütün aylar, 2003-cü ildə isə sentyabr ayınadək əmək haqqı almışdır.

6. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək, bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının, diplomunun surətlərinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 17 il 6 ay 21 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Qarabağ regional filialının xx.xx.2022-ci il tarixli aktlarına və həmin tarixli xidməti məktubuna əsasən əmək kitabçasının surətində qeyd olunmuş Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri işğal zonasında qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2023-cü il tarixli 12 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ağdam rayonu Qaradağlı kənd xəstəxanasının xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək olan arxiv sənədləri və Ağdam rayon Əfətli kənd xəstəxanasının xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan arxiv sənədləri filiala təhvil verilmədiyi üçün filialda mühafizə olunmur. Ona görə də İddiaçı işləməsi barədə heç bir məlumat vermək mümkün olmamışdır.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İcbari Tibi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsinin Ağdam rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 426 nömrəli məktubunda bildirilmişdir ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin arxivində əsli saxlanılan 01 yanvar 1991-ci il tarixli “Tarifikasiya siyahısı”nda qeyd olunan məlumatlara əsasən vətəndaş İddiaçı həmin tarixdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Əfətli kənd ambulatoriyasında baş həkim vəzifəsində işləmiş, 01 yanvar 1991-ci il tarixədək 10 (on) il 3 (üç) ay fasiləsiz iş stajına malik olmaqla, ümumilikdə 11 (on bir) il 2 (iki) ay əmək stajına malik olmuş, həmin dönəmin dövriyyədə olan pul vahidi ilə 240 (iki yüz qırx) rubl vəzifə maaşı, sahə həkimi fəaliyyət göstərdiyi üçün vəzifə maaşına 40% yəni 96 (doxsan altı) rubl əlavə olunmaqla 1 əmək haqqı vahidi məbləğində ümumilikdə 336 (üç yüz otuz altı) rubl əmək haqqı almışdır. 23 iyul 1993-cü il tarixdə Ağdam şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfində işğal olunduğu üçün həmin dönəmdə Ağdam şəhərində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasının arxiv sənədləri, o cümlədən yuxarıda qeyd olunan “Tarifikasiya siyahısı”nda göstərilən 1980-1991-ci illər və sərəncamda qeyd olunan 08 oktyabr 1980-ci il tarixdən 23 iyul 1993-cü il tarixədək olan müddət ərzində vətəndaş İddiaçı işə qəbul edilmə və işdən azad edilməsi barədə əmrlər, həmçinin, həmin dönəmin əmək haqqı cədvəlləri fors-major şəraitdə işğal zonasında qaldığından həmin sənədlərin hal-hazırda məhkəməyə göndərilməsi mümkün deyidir.

9. Məhkəmənin sorğusuna Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-31/2-654/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qaradağlı sahəsi və Qasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qaradağlı kəndi 2020-ci ildə işğaldan azad olunmuşdur. Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qaradağlı və Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Əfətli kəndi işğal olunmamışdır. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixə kimi Bakı şəhəri M.H.Qədirli adına klinik hövzə xəstəxanasında birillik internatura keçmək üçün terapevt-həkim, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ağdam rayon Qaradağlı kənd xəstəxanasında terapevt-həkim, xx.xx.1985-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi Ağdam rayon Əfətli kənd xəstaxanasına baş həkim, xx.xx.2001ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi Ağdam rayon Mahrızlı kənd xəstaxanasına terapevt-həkim işləməsinə dair iş illərinin sosial sığrta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə doğulmuşdur. Sosial sığorta stajı da imkan verdiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin Filialın 18 mart 2023-cü il tarixli 3-17-1/2-A-59681/2023 saylı məktubu ilə ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Cavabdeh təşkilat imtinaya əsas kimi əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmamasını göstərmişdir. Cavabdeh orqanın bu imtinasını yuxarıda qeyd edilən sübutlara əsasən əsassız hesab edir. Belə ki, o, xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu il tarixə kimi Azərbaycan Tibb Universitetində təhsil almışdır. Ona məxsus əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surəti onun xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixə kimi Bakı şəhəri M.H.Qədirli adma klinik hövzə xəstəxanasında birillik internatura keçmək üçün terapevt-həkim, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ağdam rayon Qaradağlı kənd xəstəxanasında terapevt-həkim, xx.xx.1985-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi Ağdam rayon Əfətli kənd xəstaxanasına baş həkim, xx.xx.2001 -ci il tarixdən xx.xx.2004cü il tarixə kimi Ağdam rayon Mahrızlı kənd xəstaxanasına terapevt-həkim işlədiyini təsdiq edir. Azərbaycan Respublikası Dövlət X6 tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli 113 nömrəli arayışdan görünür ki, o, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, və 2003-cü illərdə Ağdam rayon X1 və Mahrızlı kənd xəstaxanalarında həkim işləmişdir. Şərh edilmiş sənədlərdən göründüyü kimi, ümumilikdə 30 ildən çox iş stajı mövcuddur ki, bu fakt ona tam olaraq yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Ona görə də cavabdeh Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona pensiya təyin edilməsindən imtina etməsinə dair dəlilləri tamamilə əsassızdır. Belə ki, arxiv sənədlərinin işğal zonasında qalması və əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənməməsi onun təqsiri deyil. Onun əlində 30 illik iş stajını təsdiq edən sənədlər var. Beləliklə göstərilənlərə əsasən hesab edir ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixə kimi Bakı şəhəri M.H.Qədirli adına klinik hövzə xəstəxanasında birillik internatura keçmək üçün terapevt-həkim, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixə kimi Ağdam rayon Qaradağlı kənd xəstəxanasında terapevt-həkim, xx.xx.1985-ci il tarixdən xx.xx.2001 -ci il tarixə kimi Ağdam rayon Əfətli kənd xəstaxanasına baş həkim, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi Ağdam rayon Mahrızlı kənd xəstaxanasına terapevthəkim işləməsinə dair iş illərinin sosial sığrta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.

22. Həmin məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Qaradağlı kənd xəstəxanasında, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Əfətli kənd xəstəxanasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

25. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı əmək kitabçasının, diplomunun surətlərinə əsasən onun sığorta stajı 17 il 6 ay 21 gün olduğundan onun müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçı fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı mövcud deyildir. Həmçinin, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, sığorta stajı 17 il 6 ay 21 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial stajına malik deyil. Beləliklə, xx.xx.1980-xx.xx.1993-cü illər Ağdam rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin əmr kitabları və əmək haqqı cədvəlləri işğal zonasında qaldığından həmin dövrlərin araşdırılması mümkün olmadığı üçün ona pensiya təyinatının aparılması mümkün olmamışdır.

26. Cavabdehin nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli Д-İ 011026 nömrəli diplomun təsdiqli surəti; - İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli və xx.xx.2001-ci il tarixli ******* nömrəli əmək kitabçalarının təsdiqli surəti; - Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2022-ci il tarixli 113 nömrəli arayışı; - Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2023-cü il tarixli 12 nömrəli məktubu; - Azərbaycan Respublikası İcbari Tibi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsinin Ağdam rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 426 nömrəli məktubu; - Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-31/2-654/2023 nömrəli məktubu; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu; - Tarifikasiya siyahısı. Əsaslandırma hissəsi:

Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

29. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri işğal zonasıda qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsinin mümkün olmaması və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

30. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.

31. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

33. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

34. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

35. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

37. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.

38. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021-ci il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

39. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.

40. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Bakı şəhəri M.N.Qədirli adına klinik hövzə xəstəxanası birillik internatura keçmək üçün terapevt-həkim (11 ay 22 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Ağdam rayonu Qaradağlı kənd xəstəxanasında terapevt-həkim (4 il 6 ay 29 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ağdam rayonu Əfətli kənd xəstəxanasında baş həkim (15 il 7 ay 26 gün), xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Ağdam rayonu Mahrızlı kənd xəstəxanasında terapevt-həkim (3 il 8 ay 27 gün) işləmişdir.

41. Bundan əlavə, xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi ixtisası üzrə əyani təhsil aldığı müddəti də vardır ki, o da nəzərə alınan zaman iddiaçının sığorta stajının 30 il 9 ay 14 gün olması müəyyən edilir.

42. Məhkəmə iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Qaradağlı kənd xəstəxanasında və xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Əfətli kənd xəstəxanasında əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.

43. Həmçinin, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

44. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

45. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X8) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

46. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (xx.xx.1996-xx.xx.2006-cı illər) həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edilir.

47. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

48. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan əmr kitablarının və əmək haqqı cədvəllərinin işğal zonasında qalması, buna görə də həmin dövlərin araşdırılmasının mümkün olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.

49. Eyni zamanda, məhkəmənin sorğusuna Azərbaycan Respublikası İcbari Tibi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsinin Ağdam rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 426 nömrəli cavab məktubunda bildirilmişdir ki, ”Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin arxivində əsli saxlanılan 01 yanvar 1991-ci il tarixli “Tarifikasiya siyahısı”nda qeyd olunan məlumatlara əsasən vətəndaş İddiaçı həmin tarixdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Əfətli kənd ambulatoriyasında baş həkim vəzifəsində işləmiş, 01 yanvar 1991-ci il tarixədək 10 (on) il 3 (üç) ay fasiləsiz iş stajına malik olmaqla, ümumilikdə 11 (on bir) il 2 (iki) ay əmək stajına malik olmuş, həmin dönəmin dövriyyədə olan pul vahidi ilə 240 (iki yüz qırx) rubl vəzifə maaşı, sahə həkimi fəaliyyət göstərdiyi üçün vəzifə maaşına 40% yəni 96 (doxsan altı) rubl əlavə olunmaqla 1 əmək haqqı vahidi məbləğində ümumilikdə 336 (üç yüz otuz altı) rubl əmək haqqı almışdır. 23 iyul 1993-cü il tarixdə Ağdam şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfində işğal olunduğu üçün həmin dönəmdə Ağdam şəhərində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasının arxiv sənədləri, o cümlədən yuxarıda qeyd olunan “Tarifikasiya siyahısı”nda göstərilən 1980-1991-ci illər və sərəncamda qeyd olunan 08 oktyabr 1980-ci il tarixdən 23 iyul 1993-cü il tarixədək olan müddət ərzində vətəndaş İddiaçı işə qəbul edilmə və işdən azad edilməsi barədə əmrlər, həmçinin, həmin dönəmin əmək haqqı cədvəlləri fors-major şəraitdə işğal zonasında qaldığından həmin sənədlərin hal-hazırda məhkəməyə göndərilməsi mümkün deyidir.

50. Məhkəmə qeyd edir ki, 01 yanvar 1991-ci il tarixli Tarifikasiya siyahısında İddiaçı adının qarşısında iş stajı 11 il 2 ay kimi qeyd edilmişdir ki, onun da əmək fəaliyyətinə xx.xx.1979-cu il tarixdən başladığı nəzərə alındığı zaman, həqiqətən də xx.xx.1991-ci il tarixədək işləməsi təsdiq olunur ki, bu da dolayısı ilə iddiaçının əmək kitabçasında məlumatların mötəbər olmasına dəlalət edir.

51. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur.

52. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

53. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

54. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

55. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Qaradağlı kənd xəstəxanasında və xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Əfətli kənd xəstəxanasında işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar