Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2486/2025 17.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinin bərpa edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus doğum akt qeydində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası Vardenis rayonun Pokrməzrə (Balaməzrə) kəndində anadan olmuşdur. Ancaq, doğumum haqqında şəhadətnaməsi olmadığına görə hərbi xidmətə getdiyi ərəfədə pasport almaq üçün Vardenis rayon Polis Şöbəsinin pasport masa bölməsinə müraciət etmişdir. Pasport Masa bölməsinin Yerəvan arxivinə müraciəti nəticəsində doğum akt qeydinin olmamasına görə ona ayı-günü qeyd edilməyən, 1960-cı ildə anadan olmağı qeyd edilən passport verilmişdir. 1988-ci ildə Ermənistan Respublikasından deportasiya olunduğu zaman Ermənistanda verilmiş pasportu da gətirmişdir. Həmin pasport əsasında da ona Azərbaycan Respublikasının vətəndaşı olmağına dair şəxsiyyət vəsiqəsi verilmişdir. 2015-ci ildə verilmiş vəsiqədə də doğum ayı və günü qeyd edilməmişdir. Ancaq, arvadı X1 ilə nikahı rəsmiləşdirilərkən, Ermənistan Respublikası Vardenis rayonu Pokrməzrə (Balaməzrə) kənd Soveti tərəfindən xx.xx.1984-cü ildə tərtib edilmiş İİ SL, 357250 №-li “Nikahın bağlanması haqqında şəhadətnamədə” doğum tarixi xx.xx.1960-cı il olması qeyd edilmişdir. Həmin nikah haqqında şəhadətnaməni əsas tutaraq cavabdehə- Cavabdehnə müraciət edərək doğum haqqında akt qeydində doğum tarixinin <<X.X.1960cı ildən xx.xx.1960-cı ilə düzəliş edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan qeyd olunan düzəlişin edilməsindən imtina etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 17 mart 2025-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edir: -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1960-cı ildə Ermənistan, Vardenis rayonunda doğulmuş və Şəmkir şəhəri, Çənlibel kəndində qeydiyyatdadır; -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-3245 nömrəli imtina məktubu; -iş materiallarına əlavə edilmiş İİ-СЛ № 357250 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, 10 yanvar 1960-cı il tarixdə Ermənistan SSR, Vardenis rayonunda doğulmuş İddiaçı ilə 20 may 1960-cı il tarixdə Ermənistan SSR, Vardenis rayonunda doğulmuş X1 10 fevral 1984-cü il tarixdə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 9 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir; -iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən göndərilmiş məhkəmə sorğusuna cavabdan görünür ki, xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuş vətəndaş İddiaçı doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. -iş materiallarına əlavə edilmiş Şəmkir rayon Polis Şöbəsi tərəfindən göndərilmiş məhkəmə sorğusuna cavabdan görünür ki, Vətəndaş AZE******** nömrəli Şəxsiyyət vəsiqəsinin Səyyar Asan 5 xidmətindən aldığına görə Şəmkir RPŞ-nin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin kartotekasında bu vəsiqəyə uyğun fərdi uçot kartoçkası aşkar olunmamışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1960-cı ildə Ermənistan SSR, Vardenis rayonunda doğulması İİ-СЛ № 357250 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamədə” öz təsdiqini tapmışdır və həmin sənəd əsasında iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi mümkündür. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının doğum akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum akt qeydinin bərpa edilərək, doğum tarixinin “xx.xx.1960-cı il” yazılması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2486/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2486/2025
17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver