Məhkəmə qərarları › İş №2-1(114)-2488/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2488/2025

17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2488/2025 17.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Tərtər rayonu Poladlı bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Tərtər rayon Poladlı bələdiyyəsinin 25 noyabr 2007-ci il tarixli, 11 saylı qərarına əsasən kənd təsərrüfatına az yararlı torpaq sahəsindən 0,03 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2007-ci il tarixdə DT və XKnin Tərtər rayon torpaq şöbəsində 188 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş rəyə əsasən İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0.03 hektar olmaqla Poladlı Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla həmin məqsəd üçün satılması məqsədə müvafiqdir. A seriyalı 312582 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-ci il tarixdə 2315 nömrə ilə uçota alınmışdır. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-6465/2024 nömrəli imtina məktubundan görünür ki, torpaq sahəsinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi üzrə elektron kadastr məlumat bazasına və kompleks yerquruluşu xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olduğu müəyyən edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tərtər rayonu, Poladlı bələdiyyəsinin 25 noyabr 2007-ci il tarixli, 11 nömrəli qərar ilə Tərtər rayonu Bərdə-Ağdam şosse yolunun sağ tərəfində yerləşən sahibkarlıq məqsədi ilə ayrılmış 0,03 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.

1. TEKUİS-ə əsasən Tərtər rayonu Poladlı bələdiyyəsinin 25.11,2007-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı ayrılmış 0,03 ha torpaq sahəsinin mülkiyyət forması bələdiyyə, kateqoriyası kənd təsərrüfatı təyinatlı olmaqla, tikinti altında olan torpaq sahəsidir.

2. TEKUİS-ə əsasən həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmayıb.

3. Torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür. Faktiki istifadəsində olan və A № 312582 “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə İddiaçı ayrılmış 0,03 ha torpaq sahəsinin bir hissəsi X3 yolunun mühafizə zolağına düşür.

4. Qeydə alınması nəzərdə tutulan 0,03 ha torpaq sahəsinin hər hansı digər şəxslərin hüquqlarına toxunmur, üst-üstə düşmə yoxdur.

5. Faktiki istifadə edilən 0,11 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə edilir.

6. Faktiki 0,11 ha torpaq sahəsində bütövlüklə tikili (qeyri yaşayış), qeydə alınması nəzərdə tutulan 0.03 ha torpaq sahəsinin 267 kv.m hissəsində tikili (qeyri yaşayış) mövcuddur. 7.Tikilinin 267 kv.m hissəsi Tərtər bələdiyyəsinin X1 və A № 312582 “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən sahənin hüdudları daxilində yerləşib “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən sahədən kənarda tikilinin 0.0833 ha hissəsi yerləşir və sxem rəyə əlavə edilir.

8. Tərtər rayon Poladlı bələdiyyəsinin 25.11,2007-ci il tarixli 11 saylı qərarı ilə keçmiş DTvəXK-nın hazırladığı A№312582 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə İddiaçı kənd təsərrüfatı şərti yararsız torpaq sahəsindən sahibkarlıq məqsədilə Tərtər rayonu Bərdə-Ağdam şosse yolunun sağ tərəfində yerləşən 0,03 ha torpaq sahəsi icarəsinə verilmişdir.

9. İddiaçı faktiki istifadə etdiyi (naturada təqdim etdiyi) torpaq sahəsi Tərtər bələdiyyəsinin X1 qeyd edilən ərazi ilə uyğunluq təşkil etmir.

10. İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin (naturada təqdim etdiyi) 267 kv.m hissəsi ilə A № 312582 "Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən ərazinin hüdüdları daxilində yerləşir.

11. Faktiki istifadə edilən (naturada təqdim edilən) torpaq sahəsi A № 312582 torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş miqyas 1:500 uyğunluq təşkil etmir.

12. İddiaçı faktiki istifadə etdiyi (naturada təqdim etdiyi) torpaq sahəsinin 267 kv.m hissəsi Tərtər bələdiyyəsinin X1 qeyd edilən ərazinin koordinatları daxilində yerləşir.

13. A№ 312582 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi Tərtər bələdiyyəsinin X2 əsasında tərtib olunmuşdur.

14. Torpaq sahəsinə dair rəy, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, torpaqların elektron kadastrı uçotu (TEKUİS) informasiya sisteminə və A № 312582 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən hazırlanmışdır. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Tərtər rayonu Poladlı bələdiyyəsinin 25 noyabr 2007-ci il tarixli, 11 nömrəli qərar ilə Tərtər rayonu Bərdə-Ağdam şosse yolunun sağ tərəfində yeləşən sahibkarlıq məqsədi ilə on ayrılmış 267 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Tərtər rayon Poladlı bələdiyyəsinin 25 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı əsasında bələdiyyə torpağından 0,03 ha torpaq sahəsi iddiaçıya sahibkarlıq məqsədilə satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqısatqısına dair akt” bağlanmış, eləcə də alqı-satqı aktı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsində xx.xx.2007-ci il ci il tarixdə 188 nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olmasına istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən torpaq sahəsinin mülkiyyət forması bələdiyyə, kateqoriyası kənd təsərrüfatı təyinatlı olmaqla, tikinti altında olan torpaq sahəsi, torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmamış, torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür, 0,03 ha torpaq sahəsinin hər hansı digər şəxslərin hüquqlarına toxunmur, üst-üstə düşmür, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, torpaqların elektron kadastrı uçotu (TEKUİS) informasiya sisteminə və A № 312582 “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsaslanılmışdır. Məhkəmə rəydə qeyd edilmiş iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin (naturada təqdim etdiyi) 267 kv.m hissəsi ilə A № 312582 "Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən ərazinin hüdüdları daxilində yerləşməsi ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, Tərtər rayonu Poladlı bələdiyyəsinin 25 noyabr 2007-ci il tarixli, 11 nömrəli qərar ilə Tərtər rayonu Bərdə-Ağdam şosse yolunun sağ tərəfində yeləşən sahibkarlıq məqsədi ilə ona ayrılmış 267 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Tərtər rayonu Poladlı bələdiyyəsinin 25 noyabr 2007-ci il tarixli, 11 nömrəli qərar ilə Tərtər rayonu Bərdə-Ağdam şosse yolunun sağ tərəfində yerləşən sahibkarlıq məqsədi ilə İddiaçı ayrılmış 267 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar