Məhkəmə qərarları › İş №2-1(114)-249/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-249/2021

08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-249/2021 08.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı vəkili X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx xxxxxxx 2020-ci il tarixli, **********435700 nömrəli qərarı ilə İddiaçı 2019-cu il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 6475,28 manat hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx xxxxxxx 2020-ci il tarixli, **********546400 nömrəli qərarı ilə İddiaçı 2020-ci il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 1353,03 manat hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra mətndə 12 saylı Ərazi Vergilər Baş İdarəsi) xx xxxxxx 2020-ci il tarixli məlumatın təqdim olunması barədə məktubunda qeyd olunur ki, vergilərin hesablanmasına əsas, təqdim edilmiş bəyənnamələrdə yaranmış uyğunsuzluqlar olmuşdur. Belə ki, bəyənnamənin xərclər hissəsində qeyd edilən, Vergi Məcəlləsinin 108-ci maddəsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı xərclərin qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq sənədlərlə təsdiqini tapmadığı müəyyən edilmiş və aşkar edilmiş kənarlaşmalara uyğun olaraq kameral qaydada vergilər hesablanmışdır. Sözügedən hər iki qərar vergi ödəyicisi tərəfindən eyni hesabat dövrü (2019-cu il gəlir vergisi) üzrə təkrar təqdim edilmiş dəqiqləşdirilmiş bəyənnamələr üzrə kameral qaydada əlavə vergilər hesablanmaqla çıxarılmışdır. İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********5700 nömrəli və xx.xx.2020-ci il tarixli, **********546400 nömrəli qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq şeben, qırma-daş və sair məhsullar istehsal edir. 12 saylı Ərazi Vergilər Baş İdarəsi ona xx.xx.2020-ci il tarixli **********5700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla 2019-cu il üzrə 6475.28 manat, xx.xx.2020-ci il tarixli **********546400 saylı qərarla isə 2020-ci il üzrə 1353.03 manat əlavə gəlir vergisi hesablamışdır. Ondan sadələşdirilmiş vergi tutulmalı olduğu halda kiminsə qərəzi ilə vergi qanunvericiliyinə zidd olaraq kameral qaydada hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin 10 nəfərdən çox işçisi varsa, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Onun 10 nəfər işçisi olmadığından sadələşdirilmiş vergi hesablayıb dövlət büdcəsinə ödəmiş, borclu qalmamışdır. Lakin cavabdeh ona sadələşdirilmiş vergi əvəzinə gəlir vergisi hesablamış, özü də vergini xərcləri çıxmadan bütün dövriyyə məbləği üzrə hesablamışdır. O, büdcəyə hesablanmalı olan bütün sadələşdirilmiş vergini hesablayıb büdcəyə ödəmişdir. Odur ki, vergi orqanı tərəfindən ona gəlir vergisi hesablana bilməzdi. Bu halda cavabdeh idarə tərəfindən Vergi Məcəlləsinin 24.0.2-ci və 36.2-ci maddələrinin tələbləri pozulmuşdur. Halbuki həmin Məcəlləyə əsasən vergi orqanı yoxlama zamanı hərtərəfli yoxlama aparmalı və vergi ödəyicisinin xeyrinə olan halları da araşdırmalıdırlar. Məntiq var, vergi orqanı tərəfindən kameral qaydada yoxlama aparılırdısa və gəlir vergisi hesablanırdısa, onda hansı səbəbdən yalnız gəlir tərəfi qeyd olunur, xərc tərəfi nəzərə alınmırdı. Onun ilin əvvəlinə 120.000 manat dəyərində mal qalığı olmuşdur. Vergi orqanının uyğunsuzluq məktubunda da bu qalıq qeyd olunmuşdur. Eyni zamanda 2019-cu ildə əməliyyatları aparmaq üçün əlavə mal-materiallar almışdır. Onda hansı səbəbdən vergi orqanı həmin halları nəzərə almamışdır? Şikayət etdiyi qərarların özlərindən də aydın şəkildə görünür ki, cavabdeh idarə qanunları pozaraq, vergi ödəyicisinin xeyrinə olan halları göstərməmişdir. Onun fəaliyyətində gəlirlər məlumdur. Gəlir məlum olduğu üçün hesablama Vergi Məcəlləsinin 67.3 və 67.4-cü maddələrinə uyğun olaraq aparılmalı idi, lakin qanuna uyğun olmayan qaydada aparılmışdır. Göründüyü kimi, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin heç bir tələbi gözlənilməmiş, vergi orqanı tərəfindən ona vergilər qərəzli şəkildə hesablanaraq vergi orqanı tərəfindən artıq hərəkətliliyə yol verilmişdir. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, mübahisələndirilən qərarlarla iddiaçıya 2019cu və 2020-ci illlər üzrə gəlir vergisi hesablanmışdır, iddiaçı tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə 2019-cu və 2020-ci illər üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannamələri təqdim edilmişdir. Təqdim edilmiş bəyannamələrdə yaranmış uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə iddiaçıya xx.xx.2020-ci il tarixli **********851700 saylı “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmiş, İddiaçı yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim edilməsi tövsiyə edilmişdir. Dövriyyə məlumatlarındakı mövcud olan uyğunsuzluqların səbəbi gəlir vergisinə cəlb edilməli olan müvafiq gəlirlərinin olmasına baxmayaraq iddiaçı tərəfindən təqdim edilmiş 2019-cu və 2020-ci illər üzrə gəlir vergisi bəyannaməsi məlumatlarında dövriyyənin əks olunmaması olmuşdur. İddiaçı tərəfindən yaranmış uyğunsuzluğun aradan qaldırılması təmin edilməmiş və həmin dövrlər üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannamələri təqdim edilməmişdir. Buna görə tərəfimizdən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********435700 nömrəli və xx.xx.2020-ci il tarixli **********546400 nömrəli qərarlarla 2019-cu və 2020-ci illər üzrə gəlir vergisi üzrə hesablama aparılmışdır. Bütövlükdə iddia tələbinin təkzibi və tərəflərindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********435700 nömrəli və xx.xx.2020-ci il tarixli **********546400 nömrəli qərarların qanuniliyi ilə bağlı qeyd edirik ki, iddiaçı vergi qanunvericiliyinə zidd olaraq vergitutma metodunu düzgün seçməmiş və ödəməli olduğu tədiyyə üzrə vergini hesablayıb dövlət büdcəsinə ödəməmişdir. Qüvvədə olan vergi qanunvericiliyi vergi ödəyicisinin hansı halda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olmadığını dəqiq müəyyən etmişdir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olmamışdır. Bununla bağlı həm yuxarı inzibati orqan, həm də cavabdeh inzibati orqan tərəfindən İddiaçı müraciələri əsasında müvafiq cavab məktubları göndərilmişdir. Tərəflərindən vergi orqanında mövcud elektron məlumat bazasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının malların pərakəndə satışının həyata keçirilməsini təsdiq edən hər hansı uçot vahidi mövcud olmamış və malların satışı elektron qaimə faktura əsasında aparılmışdır. Göründüyü kimi, iddiaçının fəaliyyət istiqamətinə münasibətdə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verən hər hansı göstərici müəyyən edilməmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən il ərzində vergi ödəyicisinin ümumilikdə 127124 manat dövriyyəsi olmuşdur. Mövcud elektron məlumat bazasına əsasən 2019-cu il üzrə vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura əsasında 129527,50 manat dəyərində malların təqdim edildiyi məlum olmuşdur. 2020-ci il üzrə vergi ödəyicisinin bəyan etdiyi dövriyyəsi 27248 manat olmaqla, elektron qaimə-faktura ilə təqdim etdiyi malların dəyəri ilə eynilik təşkil etmişdir. Bununla bağlı müəyyən edilmişdir ki, iş üzrə iddiaçı tərəfindən 2019-cu ilin 1-ci rübündən 2020-ci ilin 1-cü rübü də daxil olmaqla olan dövr üzrə qaimə-faktura ilə rəsmiləşdirilmiş əməliyyatların həcmi qeyd olunan dövrlər üzrə bəyan edilmiş əməliyyatların həcminin 100 faizini təşkil etmişdir. Qeyd olunur ki, kameral vergi yoxlaması məhz həmin dövrləri əhatə etmişdir. Sadalanan işin hallarından, eləcə də iddiaçının fəaliyyəti üzrə tətbiq edilməli normaların mənasından bilindiyi kimi cavabdeh haqlı olaraq iddiaçının tədiyyəsini düzgün müəyyən etmişdir. İddiaçının əməliyyatlarının elektron qaimə fakturalarla topdan qaydada həyata keçirilməsi, pərakəndə həyata keçirilməsi ilə bağlı hər hansı sübutun mövcud olmadığı işin təkzibedilməz əsaslarıdır. Həmçinin iddiaçı tərəfindən aparılmış əməliyyata gəlir vergisinin tətbiq edilməsini dərk etmiş, bununla bağlı vergi orqanına cari gəlir vergisinin bəyannaməsini təqdim etmişdir. Hətta iddia ərizəsindən də görmək olar ki, iddiaçı gəlir verginin ödəyicisi olmasını qəbul edir. İddiaçı ərizəsində həmçinin Vergi Məcəlləsinin tələblərinə əsasən 10 nəfər işçisi olmadığından sadələşdirilmiş vergini hesablayıb dövlət büdcəsinə ödədiyini qeyd etmişdir, bununla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Normanın məzmunundan da görünür ki, istehsal fəaliyyətini həyata keçirən şəxslərin 10 nəfərdən az işçisi olarsa, həmin şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər. Lakin iddiaçı istehsal fəaliyyəti ilə məşğul olmadığından qanunvericiliyin qeyd edilən norması onun barəsində tətbiq edilə bilməz. Gəlir vergisinin vergitutma bazasını vergi ödəyicisinin bütün gəlirləri ilə həmin gəlirin əldə edilməsi nəticəsində çəkilmiş xərclər arasında yaranan mənfəət təşkil edir. Gəlir vergisi hesablanarkən nəzərə alınan xərclər vergi ödəyicisinin ciddi və qanunauyğun şəkildə apardığı mühasibatlığın, gəlirlərin, eləcə də xərclərin uçotunun aparılması nəticəsində formalaşır. Vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin vergiyə cəlb edilən gəlirinin tərkibində həmin gəlirin əldə edilməsi ilə bağlı yalnız rəsmi sənədlərdə əks olunmuş xərclər nəzərə alınır. Bu baxımdan iddiaçının onun çəkdiyi xərclər nəzərə alınmadan gəlir vergisinin hesablaması ilə əlaqədar dəlili əsassızdır. Qeyd edilməlidir ki, iddiaçı fəaliyyəti üzrə müəyyən xərclər çəkdiyini bildirsə də, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərin nədən ibarət olmasını əsaslandırmamış, bu halı təsdiq edən rəsmi sənədləri kameral vergi yoxlaması nə vergi orqanına, nə də məhkəməyə təqdim etməmişdir. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması” Qaydalarına uyğun formada aparılmaması ilə bağlı iddiaçının dəlili də digər dəlillər kimi əsassızdır. Qeyd edilməlidir ki, vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirin birbaşa müəyyən edilmədiyi hallarında sözügedən qərar tətbiq edilir. İş materiallarına nəzər salaraq, eləcə də qanunvericiliyə əsasən qeyd edilir ki, hazırkı işdə NK-nın 55 saylı qərarının tətbiqi mümkünsüzdür. Göründüyü kimi bu qərar vergi ödəyicisinin gəlirini birbaşa müəyyən etmək olmadıqda, həmçinin xərc sənədinin bir qisminin mövcud olduğu halda tətbiq edilir. Yəni xərclərin bir qismi rəsmi sənədlərlə əks olunmadığına görə xərci birbaşa müəyyən etmək mümkün olmur. Bu halda sözügedən qərar tətbiq edilir. Lakin hazırkı işdə qeyd edilməlidir ki, iddiaçının gəlirin əldə edilməsi ilə bağlı çəkmiş olduğu xərclərini sübut edəcək rəsmi xərc sənədləri mövcud deyil. Belə olan halda iddiaçının gəlir vergisinə cəlb edilən mənfəəti müəyyən edilmiş və cavabdeh haqlı olaraq onun fəaliyyəti üzrə NK-nın xx.xx.2001-ci il tarixli 55 nömrəli Qərarını tətbiq etməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə aparılmış kameral vergi yoxlaması vergi qanunvericliyinin müddəaları gözlənilməklə həyata keçirilmişdir. Qeyd edilməlidir ki, mübahisələndirilən hər iki inzibati aktlar Vergi Məcəlləsinin tələblərinə əsasən 30 iş günü ərzində aparılmış kameral vergi yoxlaması əsasında tərtib edilmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində dəqiqləşdirilmiş bəyannamələr təqdim edilmiş, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində 30 iş günü müddəti gözlənilməklə vergi orqanının hərəkətləri tam qanuni və əsaslı olmuşdur. İddiaçı vəkili X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz etdi və tərəflərindən təqdim olunmuş etirazın dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmiş, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx xxxxxxx 2020-ci il tarixli, **********435700 nömrəli və xx xxxxxxx 2020-ci il tarixli, **********546400 nömrəli qərarların qanuniliyinin yoxlanılmasıdır. İş materiallarında olan “Fiziki şəxsin vergi uçotu haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış, ona ********** nömrəli VÖEN verilmiş və əsas fəaliyyət növü kimi çınqıl və qumun hasilatı qeyd edilmişdir. İş materiallarında olan «Vergi ödəyicisi tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə» məlumatdan görünür ki, təqdim edilən elektron qaimə fakturadan məlum olur ki, iddiaçının fəaliyyət növü kimi çınqıl və qum hasilatı müəyyən edilsə də, xx.xx.2020-ci il tarixdə dəyəri 4500 manat olan peyin, xx.xx.2019-cu il tarixdə dəyəri 500 manat olan 100 l həlledici, xx.xx.2019-cu il tarixdə, dəyəri 5000 manat olan 15 kub.m olan torpaq işləri, xx.xx.2019-cu il tarixdə dəyəri 300 manat olan 2 ton sement, xx.xx.2019-cu il tarixdə dəyəri 90 manat olan 2 ədəd Ford kilid, xx.xx.2019-cu il tarixdə dəyəri 240 manat olan 40 l karovka yağı, xx.xx.2019-cu il tarixdə dəyəri 60 manat olan 2 dəst prokladka, xx.xx.2019-cu il tarixdə dəyəri 28 manat olan 4 ədəd ford germetika, xx.xx.2019-cu il tarixdə dəyəri 150 manat olan 2 ədəd Ford karovka perşevni podsipnik və s. xidmətlər üzrə qeyd olunan məbləğlər «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 nömrəli Regional Avtomobil yollarının yaşıllaşdırılması və ekologiyası» MMC-yə ödənilmişdir. İddiaçı tələbində 10 nəfərdən az işçisi olmaqla sadələşdirilmiş vergi ödəyicisi kimi nəzərə alınmalı və bu əsasla gəlir vergisi ödəməkdən azad edilməli olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. - 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. - 37.4-cü maddəsinin 2-ci hissəsinə əsasən kameral vergi yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzürlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəlirləri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. - 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. - 16.1.11-7. pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi təqdim olunmuş vergi bəyannamələrində və iddia tələbində iddiaçının qum-çınqıl istehsalı fəaliyyəti və topdan deyil, pərakəndə satışla məşğul olması qeyd edilsə də, iş materiallarında olan qaimə fakturalardan məlum olur ki, iddiaçı qum, çınqıl, qırmadaş fəaliyyəti ilə yanaşı, istehsal fəaliyətinə aid olmayan malları – peyin, torpaq işləri, ford peqosu və s. təqdim etmişdir. Bundan başqa, iddiaçının fəaliyyət növü olan qum-çınqıl istehsalı «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikası Qanununun əlavəsinin 11-ci bəndinə əsasən lisenziya alınmasını tələb edən sahə kimi müəyyən edilmiş, lakin iddiaçının bu cür lisenziya almasını təsdiq edən sübut istər inzibati orqana, istərsə də məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən pərkəndə satışla bağlı məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 16.1.11-7-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisinin alıcıların onların tələblərinə əsasən nəzarət kassa aparıtının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək tələbi də nəzərə alınmamış, iddiaçının kassa aparatından istifadəsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının fəaliyyəti düzgün olaraq inzibati orqan tərəfindən topdan satış kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 218.5.9-cu maddəsinə əsasən topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik deyil. - 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik deyil. - 218.6.2-ci maddəsinə bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2019-cu ilin birinci rübündən 2020-ci ilin birinci rübü də daxil olmaqla olan dövr üzrə qaimə-faktura ilə rəsmiləşdirilmiş əməliyyatların həcmi qeyd olunan dövrlər üzrə bəyan edilmiş əməliyyatların həcminin 100 faizini təşkil etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər: Məhkəmə qeyd edir ki, vergi dövlətin ən önəmli gəlir qaynağı olmaqla dövlət suverenliyinin əsas təzahür formalarından biridir. Vergilərdən qazanılan vəsaitlər dövlətdə müxtəlif məqsədlər üçün istifadə olunur. Onlara müharibə xərcləri, qanunların həyata keçirilməsi, ictimai nizam-intizamı qoruyub saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur, tenderlər və s. həyata keçirmə, ictimai işlər və dövlətin saxlanılmasını aid etmək olar. O cümlədən vergilərdən əldə olunan gəlir xalqın rifahına və ictimai xidmətlərə sərf edilir ki, bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, sosial təminat, ictimai nəqliyyat, enerji təchizatını sadalamaq olar. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin İİ 4 hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında da qeyd edilmişdir ki, “vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir”. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Bütün qeyd olunanlar vergilərin dövlət büdcəsinə vaxtında ödənilməsinin təmin edilməsini labüd edir. Göründüyü kimi, vergiləri vaxtında ödəmək vergi ödəyicisinin vəzifəsi olduğu kimi, onların tam və vaxtında ödənilməsinə nəzarət etmək də vergi orqanlarının vəzifəsidir. Vergi orqanlarının qeyd olunan vəzifələrinin həyata keçirilməsi üçün vergi qanunvericiliyində vergilərin tam və vaxtında ödənilməsinin təmin edilməsi üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********435700 nömrəli, xx.xx.2020-ci il tarixli, **********546400 nömrəli qərarlar qəbul edilərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edildiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli, **********435700 nömrəli, xx.xx.2020-ci il tarixli, **********546400 nömrəli qərarların ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar