Məhkəmə qərarları › İş №2-1(114)-2492/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2492/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2492/2024 25.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Şəmkir rayon Yeni Həyat bələdiyyəsinə qarşı “vəzifəli şəxsin hərəkətlərinə qadağa qoyulması, sənədlərin ləğv olunması və qazma-tikinti işlərinin dayandırılması” tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Şəmkir rayon Yeni Həyat bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Şəmkir rayon Yenihəyat bələdiyyəsinin sədrinin vəzifəli şəxs olmaqla hərəkətlərinə qadağa qoyulması, bələdiyyə tərəfindən verilmiş sənədlərin ləğv olunması və hal-hazırda orada gedən qazma-tikinti işlərinin dayandırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun mərhum atası Binnət Süleymanova atasından qalmış və onun atasına məxsus olmuş 0.05 ha torpaq sahəsini qeyri-qanuni olaraq başqa şəxsə satmışdır. Həmin şəxslər vaxtı ilə atası Binnətə məxsus torpaq sahəsini küllü miqdarda pula sataraq qanuna zidd hərəkətlər etmişlər. Torpaq sahəsi özgəninkişlədirildiyi zaman torpağa mülkiyyət hüququ və yaxud həmin sahədən istifadə etmiş şəxslərin razılığı olması lazım olduğu halda gizlin olaraq sənədləşmə işləri aparılmış və nəticədə qanun pozuntusuna nail olmuşlar. Yeni həyat bələdiyyəsinin sədri qərar qəbul edərək, həmin torpaq sahəsini özgəninkiləşdirmişdir. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə iddiaçıya xx.xx.2024-cü il tarixli sərəncam göndərilərək, tələbdə hansı tarixdə hansı subyektin adına qeydə alınmış qeydiyyatın ləğvi, qazma-tikinti işlərinin hansı ərazidə getdiyinin dəqiq koordinatları göstərilmədiyindən bu tələb qeyri-müəyyən olduğundan iddia ərizəsində tələbinii dəqiq şəkildə qeyd edərək, məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim etməyi təklif edilərək yuxarıda qeyd edilən hal ətraflı şəkildə izah edilmiş və yol verilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Lakin həmin müddət daxilində iddiaçı tərəfindən sərəncama əməl edilməmiş, xətalar və çatışmazlıqlar aradan qaldırmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Göründüyü kimi, iddiaçının ərizəsi İPM-nin 46-cı maddəsinin tələblərinə cavab verməmişdir. Məhkəmə tərəfindən ona edilən yardıma baxmayaraq iddiaçı tərəfindən məhkəmənin göstərişləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şəmkir rayon Yeni Həyat bələdiyyəsinə qarşı “Şəmkir rayon Yenihəyat bələdiyyəsinin sədrinin vəzifəli şəxs olmaqla hərəkətlərinə qadağa qoyulması, bələdiyyə tərəfindən verilmiş sənədlərin ləğv olunması və hal-hazırda orada gedən qazmatikinti işlərinin dayandırılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar