Məhkəmə qərarları › İş №2-1(114)-2492/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2492/2025

07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2492/2025 07.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı evin qismən təmirinə çəkdiyi 30000 (otuz min) manatın cavabdeh orqandan alınıb ona verilməsi tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: “AZƏRDÖVLƏTLAYİHƏ” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xidməti məlumatda qeyd edilmişdir ki, Gəncə şəhəri, F.Əliyev küçəsi, 1-ci döngə, bina 14, mənzil 2-də yaşayan İddiaçı şikayət məktubuna əsasən “Azərdövlətlayihə” Dövlət Baş Layihə institutunun Gəncə filialının mütəxəssisləri tərəfindən mənzilə baxış keçirilib və aşağıdakılar müəyyən edilmişdir. Bina 1950-ci ildə 2 mərtəbəli, qismən zirzəmili, 8 mənzilli inşa olunmuşdur. Sonradan sakinlər tərəfindən binaya artırmalar əlavə olunmuşdur. İddiaçı məxsus olan mənzil tikilinin 1-ci mərtəbəsində 4 otaqdan, zaldan, kiçik anbardan, mətbəxdən, hamamdan və dəhlizdən ibarətdir. Mənzilin divarları mişarlanmış əhəngdaşlarından (qismən çay daşı), daxili səthi isə gəc materialı ilə suvaqlanmışdır. Arakəsmələr kərpicdən, örtüklər ağac konstruksiyalı, artırma olan sahələrin örtüyü monolit dəmir-betondan inşa edilmişdir. Otaqların döşəmələri ağac materialından, artırmalar olan sahələrdə isə betondandır. Otaqların daxili divarlarında çoxsaylı müxtəlif istiqamətli süvaq çatları və aşınmalar müşahidə olundu. Tavanların “ağac çiləkən ” üzrə gəc suvağında çatlar və qopmalar mövcuddur. Binanın tüstü bacasının hörgüsü dağılmış, mənzilin qaz sobalarının havalanması normal işlək vəziyyətdə deyildir. Artırma olan sahələrin beton tavanlarında nəmlik və aşınmalar müşahidə olundu. Beton döşəmə olan sahələrdə çat və qopmalar qeyd olundu. Hamamın divarları daxildən üzlənməmiş, aksesuarların bir hissəsi sınmışdır. Zirzəminin beton divarları və tavanları suvaqsızdır, beton döşəmələri qüsurludur. Artırmanın örtüyünün bir hissəsi profnastil vərəqlərlə örtülmüş və zədələnmiş vəziyyətdədir. Artırmanın digər hissəsi isə örtüksüzdür. Ev sahibi öz hesabına bir otaq divarını söküb, kərpiclə hörüb, gəclə suvayıb və 2 otağın divarlarını daxildən astar "alçı” ilə suvamışdır. Mənzildə 2 ədəd taxta qapı Q-1 (2,06x1,0 m) çıxarılıb, 2 ədəd taxta qapı Q-2 (2,64x1,34 m) sınıb və 2 ədəd qapı boşluğu QB (2,68x1,30 m) var. Mənzildə 2 ədəd plastik pəncərə P1 (1,50x2,13), P2 (1,60x2,0 m) zədələnib və şüşələri sınıb. 11 ədəd plastik pəncərə P3 (2,06x0,9-2əd), P4(1,55x1,75- 2əd), P5 (1,0x1,90-2əd), P6 (1,2x1,0-1əd), P7 (0,8x1,0-3əd) və P8 (0,40x1,40-1 əd) ev sahibi tərəfindən yenilənib. Mənzildə olan digər çatışmazlıqlar fiziki köhnəlmə ilə əlaqədardır. Mənzilin divarlarında və taxta tavanlarında olan çatlar, aşınmalar, qopmalar, pəncərələrin və taxta qapıların müəyyən etmək mümkün olmadı. Yuxarıda qeyd olunan qüsurların bərpasını vacib hesab edilir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli Ə-24/3- 169/3 nömrəli məktubu ilə müəyyən edilir ki, İddiaçı yaşadığı ev qismən ziyan çəkmiş mülklərin siyahısına salınmış və ona “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2343 №li Sərəncamına əsasən məişət əşyalarına dəymiş ziyanla bağlı 1000 (bir min) manat məbləğində vəsaitin bank vasitəsilə ödənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021 -ci il tarixli 25s nömrəli Sərəncamı ilə 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən İkinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən ünvan 1 ünvanında vətəndaş İddiaçı məxsus mənzilə zərər dəyməsi ilə yanaşı, mülki vətəndaşlara dəyən zərərin hesablanması ilə bağlı yaradılmış Komissiyanın fəaliyyətindən narazılıq barədə xx.xx.2022-ci il tarixli məktuba Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bildirilir ki, R. Əliyev ona məxsus fərdi yaşayış evinin tərtib olunmuş ilkin və təkrar baxış aktlarına əsasən təmiri ilə razılaşmayaraq heç bir əsas olmayan əlavə istəklər irəli sürmüş, dəymiş zərərlə hər hansı əlaqəsi olmamasına baxmayaraq, evinin tamamilə təmir olunmasını tələb etmişdir. “AZƏRDÖVLƏTLAYİHƏ” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2023-ci il tarixli məktubuna əsasən 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərin tikinti layihəsinin hazırlanması üçün sifarişçi təşkilat Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təyin edilmişdir. Bununla əlaqədar olaraq 26 oktyabr 2022-ci ildə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında İnstitutun mütəxəssisləri tərəfindən həmin ünvana təkrar baxış keçirilmiş və akt tərtib edilmişdir. Razılaşdırılmış təkrar texniki baxış aktı əsasında iş həcmləri müəyyənləşdirilərək smeta sənədləri hazırlanmış və sifarişçi təşkilata təqdim edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-ci il tarixli 5-1/1-Ə- 32-169/2023 nömrəli məktubuna əsasən "2020-ci il sentyabr ayının 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycarı Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2292 nömrəli Sərəncamının təmin edilməsi ilə bağlı" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə Dövlət Komissiyasının işinin təşkil edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi qrupları yaradılmışdır. İşçi qrup tərəfindən Gəncə şəhərində mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi sahəsində işlər aparılmışdır. Belə ki, yaşayış və ya qeyri-yaşayış sahələrinə ziyan dəymiş mülki əhalinin siyahısı hazırlanmış və siyahıya uyğun olaraq, müvafiq aktlar tərtib edilmişdir. Yaşadığı ev qismən ziyan çəkmiş evlərin siyahısına salınmış və xx.xx.2021-ci il tarixində iddiaçının iştirakı ilə akt tərtib edilsə də, iddiaçı texniki baxış aktını imzalamaqdan imtina etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 25s nömrəli Sərəncamı ilə 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir. İddiaçının cavabdeh orqana müracətinə, cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-670 nömrəli məktubla bildirilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üçün tərtib edilmiş akt üzrə təmiri işləri yaxın zamanda yekunlaşacağdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, Fərhad Əliyev küçəsi, 1-ci döngə, ev 14, mənzil 2-də yerləşən fərdi yaşayış evinin tam təmir edilməsinin, evin qismən təmirinə çəkdiyi 30000 (otuz min) manatın cavabdeh orqandan alınıb ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Vətən Müharibəsi başladıqdan sonra düşmən cəbhədəki məğlubiyyətin əvəzini mülki əhalidən almağa başlamışdır. Hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda yerləşən kənd, qəsəbə və şəhərlərimiz raket atəşinə tutulmaqla əhalimizə və dövlətimizə ciddi maddi və mənəvi zərər yetirmişdir. Gəncə şəhəri də, raket hücumuna məruz qalmış, onlarla şəhid, yaralı vermiş, yüzlərlə mülki infrastruktura ziyan dəyməklə müharibənin acısını dadmışdır. Gəncə sakini olaraq oda müharibənin fəsadlarından kənarda qalmamış, yaşayış evi zərər görmüşdür. Onun yaşadığı ərazi elə bir yerdir ki, atılan raketlər həmin ərazininin yaxınlığına düşmüşdür. xx.xx.2020-ci il tarixdə Qələbə parkına düşən raketdən mənzili ciddi xəsarətlər almış və tam qəzalı vəziyyətə düşmüşdür. Evində olan xəsarətlərlə bağlı aiddiyyatı orqanların əməkdaşları tərəfindən yerində baxış keçirilmiş və dəymiş ziyan hesablanmışdır. Aparılan araşdırma bir qurum tərəfindən deyil, bir neçə orqan tərəfindən tərtib edilmiş aktla öz təsdiqini tapmışdır. 2022-ci ilin mart ayında mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri. Fərhad Əliyev küçəsi, 1-ci döngə, ev 14, mənzil 2 “İnşaat Servis 2" MMC-nin əməkdaşları tərəfindən sökülməyə başladılmışdır. Söküntü işləri aşağıdakılardan ibarət olmuşdur: Evin otaqlarının döşəmələri, aynası, qapısı, pəncərələri və ara dranka preqoratqaları sökülmüşdür. Görülən iş isə yalnız 1 otağın döşəməsinin keyfiyyətsiz vurulması yekunlaşmışdır. Görülən işin keyfiyyətsiz olması ilə bağlı dəlili ondan ibarətdir ki, döşəməyə vurulan atmalar köhnə olan atmaların üzünə naşı ustalar tərəfindən vurulmuş, döşəmənin hər hansı dayanıqlığı olmamışdır. Bu gün 22 kv.metr olan döşəmənin üzərində yerimək sözün əsil mənasında təhlükədir. Döşəmə az qalır, əyilib yerə yatsın. Ayna və qapının əvəzində isə mənə 2400 (iki min dörd yüz) manat ödəniş etmişlər. Həmin vəsait əsasında ayna və qapımı qismən bərpa etsə də, 6 ədəd böyük qapı və 8 ədəd ayna sökülmüş vəziyyətdə qalmışdır. Səbəb kimi isə vəsaitin yetərli olmamasını qeyd edirlər. Bildirir ki, 5 nəfər ailə üzvülə qeyd olunan ünvanda yaşayır. Bu günədək evi yararsız vəziyyətdə qalmışdır. Özüdə evinin qismən təmirinə 30000 (otuz min) manat xərc çəkmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı yaşadığı ev qismən ziyan çəkmiş mülklərin siyahısına salınmış və ona “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2343 №li Sərəncamına əsasən məişət əşyalarına dəymiş ziyanla bağlı 1000 (bir min) manat məbləğində vəsaitin bank vasitəsilə ödənilməsi təmin edilmişdir.Həmçinin 6 oktyabr 2022ci ildə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında İnstitutun mütəxəssisləri tərəfindən həmin ünvana təkrar baxış keçirilmiş və akt tərtib edilmişdir. Razılaşdırılmış təkrar texniki baxış aktı əsasında iş həcmləri müəyyənləşdirilərək smeta sənədləri hazırlanmış və sifarişçi təşkilata təqdim edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən İkinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən ünvan 1 ünvanında vətəndaş İddiaçı məxsus mənzilə zərər dəyməsi ilə yanaşı, mülki vətəndaşlara dəyən zərərin hesablanması ilə bağlı yaradılmış Komissiyanın fəaliyyətindən narazılıq barədə xx.xx.2022-ci il tarixli məktuba Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bildirilir ki, R. Əliyev ona məxsus fərdi yaşayış evinin tərtib olunmuş ilkin və təkrar baxış aktlarına əsasən təmiri ilə razılaşmayaraq heç bir əsas olmayan əlavə istəklər irəli sürmüş, dəymiş zərərlə hər hansı əlaqəsi olmamasına baxmayaraq, evinin tamamilə təmir olunmasını tələb etmişdir. Göründüyü kimi, iddiaçı ona məxsus fərdi yaşayış evinin ilkin və təkrar baxış aktlarına əsasən təmiri ilə razılaşmamış, məhkəmə iclası zamanı evin təmir-bərpasına 30000 manat xərc çəkdiyini, cavabdeh qurum tərəfindən nəinki təmir-bərpa işlərinin aparıldığını əksinə evin daha pis hala salındığını qeyd etsə də, buna dair hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində həmçinin izahatında evin təmir-bərpasına 30000 manat xərc çəkdiyini qeyd etsə də, evin təmir-bərpasına 30000 manat xərc çəkməsi nəinki iddiaçının izahatında, həmçinin təqdim etdiyi sənədlərlə də sübut olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar