Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2496/2022 14.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmək haqqının 5 illik məbləği həddində ödənişin, kompensasiyanın və sığortanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2-ci Qarabağ Müharibəsində 44 günlük Vətən müharibəsində kəşfiyyatçı kimi əlil olduğuna görə, döyüş tapşırığını yerinə yetirərkən xəsarət aldığına görə ona əmək haqqının 5 illik məbləği həddində ödənişin, kompensasiyanın və sığortanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmək haqqının 3 illik məbləğində ödənişini aldığını qeyd edib əmək haqqının 2 illik məbləği həddində ödənişin, kompensasiyanın və sığortanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2-ci Qarabağ Müharibəsi yəni 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır, həmin döyüşlərdə yaralanmışdır və hal-hazırda bədəninin müxtəlif nahiyələrində qəlpə yaraları var. Eyni zamanda hər iki ayağından güllə yarası almış və əsasda sol ayağının diz nahiyyəsinə güllənin dəlib keçməsi nəticəsində ağır xəsarəti mövcuddur. Türkiyə Respublikasında müalicəsini davam etdirsə də, hələ də xeyri olmamışdır və ayağında çirk vermə davam edir. Həmçinin bildirir ki, o, kəşfiyyatçı olmuşdur və kəşfiyyat taborunda hərbi xidmət aparmışdır. Bildirir ki, kəşfiyyat tapşırığını yerinə yetirərkən və hərbi xidmət zamanı xəsarət almış, güllə yarası almış və bu səbəbdən də o, hərbi xidmətən təxris olmuş və ona aldığı xəsarətə görə əlilik dərəcəsi təyin edilmişdir. O, müddətdən artıq hərbi qulluqçu kimi kəşfiyyatçı olduğuna görə müqavilə əsasında xidmət aparırdı. Lakin qanunsuz şəkildə cavabdeh təşkilat ona 5 illik yox, 3 illik əmək haqqının göndərilməsini təmin etmiş və rəsmi qaydada ona cavab göndərmişdir ki, guya həmin qanunun 2.1-ci bəndinə əsasən ona yalnız 3 illik əmək haqqı kompensasiyası verilə bilər və bunu onunla əsaslandırmışdır ki, yaralanan və əlil olan şəxslərə 3 illik hədd ödənilir və şəhid olan şəxslərin ailələrinə isə 5 illik əmək haqqı məbləği ödənilir. Hesab edir ki, qanun icrası təmin olunmalıdır. Çünki birmənalı şəkildə qanunun özündə yazılır ki, xəsarət alan və şəhid olan əlil olan şəxslərə kəşfiyyatçılara birmənalı şəkildə əmək haqqının 5 illik müddəti kompensasiya şəkilində ödənilir. Ona görə də hesab edir ki, cavabdeh təşkilatın verdiyi rəsmi cavab qanunsuzdur, saxtadır və eyni zamanda əsassızdır, heç bir maddi hüquq normasına əsaslanmır və Azərbaycan Respublikası “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 21-ci maddəsi imperativ normadır və onun icrası cavabdeh təşkilat üçün məcburidir. Ona görə də hesab edir ki, iddia təmin edilməlidir və ona ödənilməyən geridə qalan 2 illik əmək haqqı kompensasiyası da ödənilməlidir və bu barədə vəzifə cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı 06 iyun 2022-ci il tarixli ərizə ilə N nömrəli hərbi hissəyə müraciət etmişdir. Müraciətə cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli, 180-24 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, xəsarət almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci maddəsi xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənildiyi qeyd edilmişdir. Həmçinin, iddiaçıya 3 illik pul təminatı məbləğində kompensasiyanın bank hesabına köçürüldüyü bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 14 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 15/1440 nömrəli məktubu, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin və hərbi biletin surətləri, xx.xx.2022-ci il tarixli, 215 nömrəli arayış, şəxsiyyəti təsdiq edən sənəd üzrə elektron məlumatın surəti, xx.xx.2022-ci il tarixli hesabdan çıxarış əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün olsa da yanaşı, mahiyyət baxımından əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklərlə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “.Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarının 2.2-ci maddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Qaydaların 2.4-cü maddəsinə əsasən kompensasiya ödənilməsi üçün xidməti vəzifələrinin icrası zamanı xəsatət alma (həlak olma) aşağıdakı halları nəzərdə tutur: - döyüş əməliyyatlarında iştirak zamanı; - hərbi nizamnamə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə borclarının yerinə yetirilməsi zamanı; - döyüş növbəsinin (döyüş xidmətinin) aparılması zamanı; - verilmiş əmr və tapşırıların yerinə yetirilməsi zamanı; - xidmət yerində olan zaman; - xidməti ezamiyyətdə olan zaman; - xidmət yerinə, müalicəyə gediş-gəliş zaman; - hərbi toplanışlar keçən zaman; - müvafiq qanunvericiliklə müəyyən edilmiş hallar istisna olunmaqla əsir düşmüş və girov götürülmüş zaman; - vətəndaşın həyatını, sağlamlığını, vicdanını və ləyaqətini müdafiə edən zaman; - hüquq mühafizə orqanlarına kömək edən zaman. İş materiallarında olan: Şəxsiyyəti təsdiq edən sənəd üzrə elektron məlumatın surətindən görünür ki, İddiaçı hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol baldırın yuxarı 1/3-nin dəlib keçən (xx.xx.2020), sağ baldırın aşağı 1/3-nin kor güllə yaralanmasına oynaqların kontrakturası, sol qamış sümüyünün sümük defektli oynaq daxili bitişmiş sınığı, sol diz oynağının osteroartozu və artrogen kontrakturası, sol aşıq baldır oynağının kontrakturası diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixli şəxsi hesabdan çıxarışdan görünür ki, İddiaçı üç illik pul təminatı məbləğində kompensasiya bank hesabına köçürülərək ödənilmişdir. Göründüyü kimi, iddiaçı mövcud qanunvericiliyə əsasən xidmət xidməti vəzifəsinin icrası zamanı xəsarət aldığına görə, o, üç illik pul təminatı məbləğində kompensasiyanı tələb etmək hüququna malik olmuş və həmin kompensasiya ona ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmək haqqının 5 illik məbləği həddində ödənişin, kompensasiyanın və sığortanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2496/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2496/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver