Məhkəmə qərarları › İş №2-1(114)-2497/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2497/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2497/2022 01.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı X2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Komissiyasına qarşı maddi zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus Hunday Soloris markalı, A 284 MK 18С dövlət nömrə nişanlı minik maşınına vurulmuş maddi zərərin əvəzi olaraq 11652 manatın ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Hunday Soloris markalı, A 284 MK 18C dövlət nömrə nişanlı minik avtomobilinin arxa və yan tərəflərinə top və ya qrad mərmisi düşmüş və nəticədə 11652 manat ziyan dəymişdir. Avtomobilə zərər vurulması faktı Yerli Komissiya tərəfindən yoxlanılmış və təsdiq edilmişdir. X7 üzvləri tərəfindən avtomobilə dəymiş zərər az qiymətləndirilmişdir. İddiaçı avtomobilinə vurulmuş real zərərin ödənilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. İddiaçının nümayəndəsi X3 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, avtomobil qardaşına məxsusdur, ötən il qardaşı həmin avtomobillə Rusiyaya getmiş və qayıtmamışdır, avtomobil isə artıq təmir olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş AZ Avtovaz Texniki Xidməti Sənaye Ticarət Birliyi Tərtər Texniki Xidmət Sahəsinin xx.xx.2021-ci il tarixli, 95 nömrəli arayışında qeyd olunmuşdur ki, Hunday Soloris markalı, A 284 MK 18С dövlət nömrə nişanlı minik avtomobilinə ümumilikdə 11652 manat zərər vurulmuşdur. -işə əlavə edilmiş Tərtər Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli, 1390 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində iddiaçıya məxsus avtomobilə maddi zərər vurulmuş, həmin zərər 1600 manat qiymətləndirilərək ödənilmişdir. Hazırda isə iddiaçı həmin məbləğin vurulmuş real zərərdən az olduğunu iddia edərək, zərərin əvəzi kimi 11652 manat ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 6 noyabr 2020-ci il tarixli, 2292 nömrəli sərəncamının 1-ci bəndinə əsasən 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılmışdır. Komissiyanın tərkibinə isə Azərbaycan Respublikasının Baş naziri, onun müavini, Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentinin köməkçiləri, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasının xarici işlər naziri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəAzərbaycan Respublikasının Baş prokuroru daxil edilmişdir. Sözügedən komissiyaya 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, qiymətləndirmənin nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılmış və 4-cü bəndində isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi həvalə olunmuşdur. Maddi zərərin əvəzinin ödənilməsində məqsəd şəxsin mümkün qədər hadisə baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından ibarətdir. Maddi zərərin zənn edilən pozuntu və ya pozuntular nəticəsində baş verdiyini göstərmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı mümkün olduğu halda sadəcə zərərin mövcudluğunu deyil, həm də onun miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməlidir. Məhkəmənin müəyyənləşdirdiyi məbləğ zərərin tam hesablanmış miqdarını əks etdirir. Buna baxmayaraq, faktiki zərəri dəqiq hesablamaq mümkün olmadıqda, öz sərəncamında olan faktlara əsaslanaraq təqribi məbləği də müəyyən edə bilər. Məhkəmə iş materiallarını, həmçinin iddiaçının nümayəndəsinin izahatını nəzərə alaraq qeyd edir ki, sözügedən avtomobil ölkə xaricində olduğundan faktiki zərərin məbləğini müəyyən etmək üçün ekspertə təqdim edilməsi qeyri-mümkündür, bu səbəbdən də dəymiş ziyanı müəyyən etmək mümkün deyil. Həmçinin məhkəmə avtomobilə vurulmuş ziyan barədə AZ Avtovaz Texniki Xidməti Sənaye Ticarət Birliyi Tərtər Texniki Xidmət Sahəsinin arayışında müəyyən edilmiş məbləğin real və ağlabatan olmadığını qeyd edir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan avtomobilə vurulmuş zərərə görə müvafiq həcmdə kompensasiya ödənilmişdir və istinad olunan qanunvericiliyin tələblərinə əsasən, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Komissiyasına qarşı maddi zərərin ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar