Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-25/2024 30.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun iş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1957-ci ildə anadan olmuş və 01 may 2022-ci il tarixdə ona yaşa görə müavinət təyin edilmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi və sosial sığorta stajının əmək pensiyama hesablanması ilə əlaqədar olaraq Bərdə regional «ASAN xidmət» mərkəzinə ərizə və sənədlərlə müraciət etmiş, lakin onun ərizəsi nəzərə alınmamış, iş stajı haqqında Bərdə Rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il tarixli 89 nömrəli dövlət arxiv arayışında, Xocalı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 04 nömrəli dövlət arxiv arayışında onun stajı barədə göstərilən məlumatlar DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təsdiq edilməmiş və nəzərə alınmamışdır. İddiaçı müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ilkin iddia tələbi “xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “Xanlar” müstəqil kiçik müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus sənədlərin arxivdə aşkar edilməməsinə dair Qarabağ regional filialı tərəfindən xx.xx.2022 tarixdə akt tərtib olunub, iddiaçının isə iş materiallarında olan, eyni qurumdan aldığı əməkhaqqı cədvəllərinə dair arxiv arayışı xx.xx.2022-ci il tarixlidir. İddiaçının təqdim etdiyi arxiv arayışının blankında arxiv qurumunun ünvanı ünvan 1a arxiv qurumunun ünvanı Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi qeyd olunub. Xocalı rayon Dövlət arxivi 2018-ci ilin aprel ayınadək Bərdə şəhəri Nizami küçəsi 105 saylı liseydə yerləmiş, artıq 4 ildir ki Goranboy rayonu üzrə qeyd olunan ünvanda fəaliyyət göstərir. Qarabağ regional filialı tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli qarşlıqlı yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisəyə məxsus əməkhaqqı cədvəlləri Xocalı rayon Dövlət arxivinə təhvil verilməmişdir. Lakin müəssisə tərəfindən tərtib edilmiş şəxslərlə hesablaşma kitabında iddiaçının 1999-2006-cı illər üzrə əməkhaqqı aldığı göstərilmişdir. Qeyd edilən hesablaşma kitabına diqqət yetirdikdə kitabın rekvizitlərində əmrin nömrəsi, tarixi, əmrin adı və qısa məzmunu və kim tərəfindən hazırlandığı göstərilsə də, kitabda İddiaçı də daxil olmaqla bir neçə nəfərə əməkhaqqı verilməsi barədə sonradan, primitiv şəkildə qeydlər aparılmışdır. Qeydlərin aparıldığı hesablaşma kitabı müəssisənin rəhbəri və mühasibi tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Həmçinin, həmin hesablaşma kitabının rekvizitlərindən məlum olur ki, kitab latın qrafikalı əlifba ilə tərtib olunmuş, lakin kitabda qeydlər kiril əlifbası ilə aparılmışdır. Əlavə olaraq, vətəndaşların adları əvvəlcə latın qrafikalı əlifba ilə yazılmış, sonradan qaralama edilərək kiril qrafikalı əlifbaya düzəldilmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus əmək kitabçasının və təqdim edilmiş arayışların saxtalaşdırıması ehtimalı olduğundan aşkarlanmış faktlara hüquqi qiymət verilməsi üçün müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş və toplanmış materiallar əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Nəticədə İddiaçı Cinayət Məcəlləsinin 32.4 313 və 320.2-ci maddələri ilə Xocalı Rayon Dövlət Arxivinin müdiri X4 isə Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət işi xx.xx.2023-cü il tarixdə baxılmasından ötrü aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(021)- 128/2023 nömrəli hökmü ilə iddiaçı və arxiv müdirinin təqsiri tam sübuta yetirilmişdir. Hökm xx.xx.2023-cü il tarixdə qüvvəsini almış və icraya yönəldilmişdir. Qeyd olunanalardan da göründüyü kimi hazırlanmış əmək kitabçasındakı qeydlərin cavabdeh tərəfindən əsaslı olaraq sosial sığorta stajına daxil edilməyərək əmək pensiyasının təyin olunmaması qanunauyğun olmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 88 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək müxtəlif vaxtlarda ayrı-ayrı müəssisələrdə işləməsi qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 89 nömrəli arxiv arayışında İddiaçı 1979-1991-ci illərdə Kələntərli kolxozunda işləməsi və əmək haqqı alması bildirilir. -işə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 07 nömrəli arayışında İddiaçı sentyabr 1991-ci ildən mart 1998-ci ilədək işləyərək əmək haqqı alması qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Xocalı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 04 nömrəli arxiv arayışında İddiaçı 1999-2006-cı illərdə işləyərək əmək haqqı alması qeyd edilmişdir. -DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(021)- 128/2023 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına, CM-nin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə iş stajını təsdiq edən sənədlərlə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının ümumi iş stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğuna görə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -22.2-ci maddəsinə görə sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının:- -3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının hərbi xidmət illəri də daxil olmaqla xx.xx.2006-cı il tarixədək cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı 21 il 3 ay təşkil edir. İddiaçının mübahisələndirilən iş stajı isə xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xocalı rayonu “Xanlar” müstəqil kiçik müəssisəsində olan dövrdür. Mübahisələndirilən dövrlə bağlı məhkəmə qeyd edir ki, 1999-2006-cı illərə dair iddiaçı tərəfindən əldə edilərək təqdim edilmiş sənədlərin saxta olması Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(021)-128/2023 nömrəli hökmü ilə təsdiq edilmiş və aiddiyyəti şəxslər bu sənədlərin hazırlanmasında və əldə edilməsində təqsirli bilinərək müvafiq cəzaya məhkum edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajına dair təqdim etdiyi sənədlər mötəbər hesab edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının ümumilikdə 21 il 3 ay sığorta stajının olması müəyyən olunur ki, qeyd olunan müddət qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajından azdır və bu staj ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyil. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina ilə bağlı hərəkətləri əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-25/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-25/2024
30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver