Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-250/2020 13.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsi) qarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, 1970-1974-cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və bu əsasla pensiya hüququnun yarandığı gündən indiyədək verilməmiş əmək pensiyası fərqinin hesablanaraq birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü ildə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən 1970-1974-cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı ali təhsil müddəti onun ümumi iş stajına daxil edilməmiş və bununla da onun sosial təminat hüquqları pozulmuşdur. İddiaçı qeyd olunan təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və bu əsasla pensiya hüququnun yarandığı gündən indiyədək verilməmiş əmək pensiyası fərqinin hesablanaraq birdəfəlik ona ödənilməsi ilə bağlı DSMF-nin Tərtər rayon şöbəsinə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçıya Fondun 190 nömrəli qaynar xəttinə müraciətinə əsasən pensiya təyin edilmişdir, pensiya əmək kitabçasına əsasən təyin edilmiş, 2006-cı ilədək 31 il 03 ay, 2006-cı ildən sonra isə 7 il 11 gün sosial sığorta stajı hesablanmışdır. Hazırda təhsil illəri də sosial sığorta stajına daxil ediləcəyi təqdirdə “Əmək pensiyaları haqqında” Qanununa əsasən keçmiş dövrə görə pensiya fərqi 36 aydan artıq hesablana bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubunun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” qanununun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına hesablanması nəzərdə tutulmadığına görə onun pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. - İddiaçı məxsus Ю 295871 nömrəli, xx.xx.1974-cü il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1970-1974-cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunda “riyaziyyat” ixtisası üzrə təhsil almışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, İddiaçı məxsus Ю 295871 nömrəli, xx.xx.1974-cü il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, o, həqiqətən 1970-1974-cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. Məhkəmə qeyd olunan diplomu mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunun 1-ci maddəsinin v) bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. İddiaçının 1970-1974-cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Təqdim edilmiş sənədlərdən və araşdırmanın nəticəsindən görünür ki, iddiaçıya pensiya təyinatı 190 nömrəli qaynar xəttə müraciəti əsasında təyin edilmişdir və cavabdehin nümayəndəsinin izahatından da görünür ki, həmin halda iddiaçının yalnız əmək kitabçasında olan qeydlər əsas götürülmüşdür. Belə olan halda iddiaçının təhsil illərinin sosial sığorta stajına hesablanmaması onun aldığı pensiya məbləğinə təsir edən haldır. Həmçinin qeyd edilməlidir ki, cavabdehin nümayəndəsinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad edərək təhsil müddətinin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə yaranmış pensiya fərqinin ən çoxu üç il üçün əvvəlki tarixə ödənilə bilməsi ilə bağlı mülahizəsi də əsaslı hesab edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 10 mart tarixli 543-vqd nömrəli qanunun 1.103-cü bəndinə görə 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi qanunun istinad olunan müvafiq maddəsi 2017-ci il tarixli dəyişikliklə əlavə edilmiş, iddiaçı isə xx.xx.2014-cü ildə pensiya hüququ qazanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Buna görə də hazırki mübahisə üzrə pensiya fərqinin hesablaması hissəsi iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olmuş qanunvericilik normalarına əsasən həll edilməlidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı məxsus Ю 295871 nömrəli, xx.xx.1974-cü il tarixli diplomda sonuncunun 1970-1974-cü illərdə təhsil aldığı müddətin əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi və bu əsasla pensiya hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən indiyədək verilməmiş əmək pensiyası fərqinin hesablanaraq birdəfəlik ona ödənilməsiöhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-250/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-250/2020
13.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver