Məhkəmə qərarları › İş №2-1(114)-250/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-250/2021

10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-250/2021 10.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı X3 nümayəndəsi (vəkili) X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarını hesablanması barədə 19.06.2020-ci il tarixli **********0088800 nömrəli qərarının ləğv edilməsi və 06 noyabr 2020-ci il tarixli dövlət büdcəsinə ödənilmiş 3735.60 manat məbləğində pulun geri qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 22.06.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 3286.89 manat vergi borcunun ödənilməsinə dair 23.06.2020-ci il tarixli **********5 nömrəli bildiriş göndərilmişdir. Bildirişlə razılaşmayan İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı cavabdeh tərəfindən tətbiq olunmuş 3286.89 manat vergi borcu əsassız və qanunsuz olduğu üçün bu borcun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona (VÖEN **********) 23.06.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 3286.89 manat o, cümlədən vergilər üzrə 3145.35 manat, faizlər üzrə 141.54 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən ona ünvanlanmış məktubda göstərilir ki, Azərbaycan Respublikası Maliyyə monitorinqi xidmətindən alınmış məlumata əsasən onun tərəfindən 22466.75 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 13200.00 USD məbləğində xarici valyuta əldə edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərarla razılaşmayaraq hesab edir ki, onun 22466.75 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 13200 ABŞ dolları məbləğində xarici valyuta əldə etməsinə görə vergi ödəməməlidir, yəni onun dövlətdən aldığı pensiya pulu hesabına qənaət edib topladığı Azərbaycan manatını banka müraciət edib xarici valyuta olan ABŞ dolları ilə mübadilə olunmasını xahiş etmiş və onun müraciəti təmin olunmuş və o bundan hər hansı gəlir əldə etməmişdir. Belə ki, mövcud valyuta məzənnəsinə görə Azərbaycan manatının xarici valyuta ilə mübadiləsi zamanı dövlət tərəfindən müəyyən edilmiş haqq ödənir və onun bankda mübadilə etdiyi pullar dövlətdən aldığı pensiya pullarıdır. O, uzun illər daxili işlər orqanlarında xidmət etmiş, hal-hazırda təqaüdçüdür və «Kapital Bank»ın Gəncə filialında pensiya hesabına topladığı 22466.77 manat pulu səhhəti ilə bağlı Türkiyə Respublikasına müayinə və müalicəyə getmək üçün ehtiyac yarandığından valyuta mübadiləsi edərək, 12700 ABŞ dolları almışdır. Lakin dünyanı bürüyən «Covid-19» pandemiyası ilə əlaqədar karantin rejiminə keçildiyi üçün o, heç yana gedə bilməmiş, bankdan aldığı təqaüd cədvəlinə görə onun həmin vəsaitə sahib olması mümkün olmuşdur. Bu bank tərəfindən tərtib olunmuş cədvəldən də görünür. Bundan əlavə o, həm də müharibə veteranıdır və 70 yaşı var. Ona cavabdeh tərəfindən bildirişlə müraciət edilmişdir ki, Azərbaycan manatının valyuta ilə mübadiləsinə görə götürdüyü valyutanın faizini 12 saylı Vergilər Baş İdarəsində dövlət büdcəsinə ödəsin, lakin o, pandemiya ilə bağlı karantin rejiminə düşməsi ilə əlaqədar cavabdehin çağırışına gedə bilməmişdir. «Kapital Bank»ın Gəncə filialında mübadilə etdiyi pul onun pensiya puludur və o başqa yolla pul əldə etməmişdir. Cavabdeh tərəfindən qeyd olunan əməliyyata görə borcun hesablanmasını qanunsuz sayaraq bildirir ki, Azərbaycan manatı ilə olan əmanətin xarici valyuta ilə mübadilə olunması üçün ödəniş bank tərəfindən həyata keçirilməli idi. Həmçinin o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təqaüdçüsü və müharibə veteranı olduğundan ona məxsus 009227 nömrəli vəsiqədə göstərilmişdir ki, vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Ona görə də cavabdeh onu həm maddi, həm də mənəvi cəhətdən ziyana salmışdır. Dəfələrlə ona tətbiq olunmuş verginin silinməsi üçün sənəd toplamağa vəsait, vergi orqanına, məhkəməyə gedib-gəlməyə vaxt sərf etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 73-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Əgər vətəndaş qənaət etdiyi əmanətini bankın özündə xarici valyutaya mübadilə etdirirsə və bundan ötrü vergi ödənişi dövlət büdcəsinə ödəmək öhdəliyi daşıyırsa, bu barədə əvvəlcədən xəbərdar edilməlidir, yaxud da ki, bankın özündə bu əməliyyat aparılan zaman dövlət büdcəsinə ödənilməli vergi tutulub bu barədə vətəndaşa məlumat verilməlidir. Ona görə də, vergi orqanının qərarını əsassız və qanunsuz hesab edərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək, «Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə» 19.06.2020ci il tarixli **********0088800 nömrəli qərarının ləğv edilməsi və 06 noyabr 2020-ci il tarixli dövlət büdcəsinə ödənilmiş 3735.60 manat məbləğində pulun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin 01.12.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş məlumata əsasən İddiaçı tərəfindən 13.03.2020-ci il tarixdə 22466.75 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 13200 ABŞ dolları məbləğində xarici valyuta əldə edildiyi müəyyən olunmuşdur. Bununla bağlı İddiaçı 01,04.2020-ci il tarixli **********107700 nömrəli məktubla qeyd olunan vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti və s.) borc, kredit və s.)) ilə bağlı ətraflı izahatın verilməsi üçün Baş idarənin inzibati binasına dəvət olunmuşdur. Lakin İddiaçı tərəfindən vergi orqanına əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim olunmamışdır. Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir 14 faiz dərəcə ilə vergiyə cəlb edilir. **********227300 saylı 05.06.2020-ci il tarixli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktuba əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən İddiaçı Baş idarənin **********088800 saylı 19.06.2020-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 3145.35 manat gəlir vergisi hesablamışdır. İddiaçı məhkəməyə ödəniş kartı üzrə çıxarış təqdim etmiş, həmin çıxarış əsasında pensiyası üzrə 29583.73 manat vəsaitin həmin karta mədaxil olunduğunu bildirmişdir. Bununla əlaqədar bildiririk ki, həmin çıxarışda 07.07.2017-07.07.2020-ci il aralığında İddiaçı kart hesabına mədaxil olan ümumilikdə 29583.73 manat vəsait göstərilmişdir. İddiaçının şəxsi tələbatını nəzərə alsaq, qeyd olunan çıxarış 3 il ərzində həmin vəsait ilə iddiaçının valyuta mübadiləsi həyata keçirməsi üçün 22466.75 manat vəsaitin toplanmasının sübutu kimi iştirak edə bilməz. Qeyd olunan verginin ödənilməsi İddiaçı tərəfindən təmin edilmiş, vergi ödəyicisi İddiaçı şəxsi hesab vərəqəsində 12,97 manat ödənilməmiş faiz borcu qalmışdır. Göründüyü kimi İddiaçı borcun ödənilməsini təmin etsə də, həmin borc məbləğini məhkəmədə mübahisələndirmişdir. İddiaçı dəqiqləşmiş ərizəsində həmçinin onun tərəfindən ödənilmiş vəsaitin geri qaytarılmasını da məhkəmədən xahiş etmişdir. İddiaçının cavabdehin qəbul etdiyi **********088800 saylı 19.06.2020-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə iddiası mübahisələndirmə haqqında iddianın predmetini təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Lakin iddiaçı mübahisələndirmə haqqında iddiasında onun tərəfindən ödənilmiş vəsaitin geri qaytarılması vəzifəsinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Buna görə də hesab edirik ki, iddiaçının iddiası bu hissədə mümkün sayılmamalıdır. İddiaçı 10.01.2021-ci il tarixdə öldüyü üçün onun hüquqi varis(lər)i müəyyən edilənədək məhkəmənin 01.02.2021-ci il tarixli 2-1(114)-250/2021 nömrəli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. X7 15.07.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı vərəsəsi olmasına dair ona Gəncə regional «ASAN xidmət» mərkəzinin notariat ofisinin notariusu tərəfindən 12.07.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyini bildirərək, onun İddiaçı hüquqi varisi müəyyən edilməsini və iş üzrə icraatın təzələnərək baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək iş məhkəmə baxışına təyin edilmişdir. İddiaçı X3 nümayəndəsi (vəkili) X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək məhkəməyə ünvanladıqları etiraz məktubu ilə eyni məzmunda izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gəncə regional «ASAN xidmət» mərkəzinin notariat ofisinin notariusu tərəfindən verilmiş 12.07.2021-ci il tarixli V-384/2021 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 10.01.2021-ci il tarixdə vəfat etmiş-İddiaçı vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı-X6r. - İş materiallarına əlavə edilmiş 26.10.2020-ci il tarixli **********754400 nömrəli müraciətin cavablandırılması barədə məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq 19.06.2020-ci il tarixdə **********088800 nömrəli Qərar ona göndərilmişdir. - İş materiallarına əlavə edilmiş 23.06.2020-ci il tarixli **********5 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, cavabdeh tərəfindən İddiaçı 3735.60 manat məbləğində vergi borcunun olması barədə bildiriş göndərilmşdir. - İş materiallarına əlavə edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə» 19.06.2020-ci il tarixli **********088800 nömrəli qərardan görünür ki, İddiaçı 2019-cu ilin bəyannamə hesab dövrünə 3145.35 manat vergi borcu hesablanmışdır. - İş materiallarına əlavə edilmiş 06.11.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Azərbaycan Beynəlxalq Bankının hökumət ödəniş portalı vasitəsi ilə dövlət büdəcəsinə 3735.60 manat məbləğində ödəniş etmişdir. - İş materiallarına əlavə edilmiş 07.07.2020-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı 07.07.2017-07.07.2020-ci illər ərzində kart hesabına 29.583.73 manat mədaxil olunub. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və iddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 22466.77 manat məbləğində valyuta mübadiləsi əməliyyatı aparılmış, tərəfindən konvertasiya olunmuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 16 və 33-cü maddələrinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmaqla 3145.35 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********088800 nömrəli, 19.06.2020-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun:- - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.4-cü maddəsinə müvafiq olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olumuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd edilən maddi hüquq normalarına görə, inzibati orqanın qəbul etdiyi aktı qiymətləndirərkən ilk olaraq onun inzibati icraat qaydalarına riayət edilib-edilməməsi yoxlanılmalı, başqa sözlə inzibati orqanının şəxsin hüququna müdaxiləsinin qanuni olubolmaması qiymətləndirilməlidir. Belə bir müdaxilə qanuni olduğu halda, inzibati orqan maddi-hüquqi əsaslardan çıxış etməklə inzibati icraatı aparmaq səlahiyyətinə malik olur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi orqanı valyuta mübadiləsi ilə bağlı iddiaçıya qeyd olunan vəsaitin əldə edilməsi ilə bağlı ətraflı izahatın verilməsi, habelə vergi orqanında aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyi, konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi, aylıq gəlirin növü və miqdarı, aylıq gəlirdən vergilərin ödənilməsi və ya tutulması qaydası və işin faktiki hallarından asılı olaraq digər zəruri olan məlumatlar araşdırılması və konkret hallar ilə bağlı təsdiqedici sənədlər əldə edilməsi üçün 23.06.2020-ci il tarixli **********5 nömrəli dəvət məktubu göndərməsini, həmçinin 26.10.2020-ci il tarixli **********754400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubu ilə iddiaçıdan bəyənnamənin təqdim olunması və kameral vergi yoxlamasının başa çatdırılması üçün yazılı izahatı və zəruri olan sənədlərin vergi orqanına təqdim edilməsini tələb etdiyini bildirmiş, lakin cavabdeh qeyd olunan məktubların poçt göndərişi ilə iddiaçının yaşadığı ünvana göndərilməsi və həmin məktubların iddiaçıya çatdırılması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bu hal onu deməyə əsas verir ki, vergi orqanı tərəfindən göndərilmiş məktub iddiaçıya təqdim olunmadığına görə onun tərəfindən əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim etməsi də mümkünsüz olmuş, buna baxmayaraq iddiaçı tərəfindən konvertasiya olunmuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, bir halda ki, iddiaçının tələb olunan sənədləri təqdim etmə imkanı ondan asılı olmayan səbəbdən mümkün olmamışdır, o halda vergi orqanı tərəfindən tələb olunan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilmədiyinə görə **********088800 nömrəli, 19.06.2020-ci il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın qəbul edilməsi qanunsuz olmuşdur. Yəni inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində heç bir araşdırılma aparılmamış (inzibati icraatın aparılmasına dair hər hansı bir sənəd etiraza əlavə edilməmiş və məhkəməyə təqdim olunmamışdır), iddiaçıya sənədlərin təqdim edilməsi üçün real şərait yaradılmamış, əlaqəli məlumatlardan istifadə edilməklə iddiaçının barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təqaüdçüsü kimi yüksək məbləğdə pensiya alır və Kapital Bank ASC-nin Gəncə filialı tərəfindən verilmiş 07.07.2017-07.07.2020-ci illərə dair ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı kart hesabına 29.583.73 manat pensiya ödənişi daxil olmuşdur. İddiaçı qeyd olunan şəkildə əldə etdiyi pul vəsaitini toplayaraq valyuta mübadiləsini həyata keçirmişdir. Bu baxımdan vergi orqanı tərəfindən iddiaçının vergiyə cəlb etməsi əsassız olmuşdur. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. - 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə» qəbul etdiyi 19.06.2020ci il tarixli **********088800 nömrəli qərarı ləğv edilməli, İddiaçı tərəfindən 06 noyabr 2020ci il tarixdə dövlət büdcəsinə ödənilmiş 3735.60 manat məbləğində pul vəsaiti geri qaytarılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68-70, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə» qəbul etdiyi 19.06.2020-ci il tarixli **********088800 nömrəli qərarı ləğv edilsin. İddiaçı tərəfindən 06 noyabr 2020-ci il tarixdə dövlət büdcəsinə ödənilmiş 3735.60 manat məbləğində pul vəsaiti iddiaçıya qaytarılsın. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar apelyasiya şikayəti verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar