Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-250/2023 20.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrini X3 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı müalicə edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrini X3 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun müalicə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun 181-saylı Hərbi Hissəsində xidmət edərkən, müvafiq döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar aldığı xəsarətə görə 2-ci qrup əlil kimi ehtiyata buraxılmışdır. Son zamanlar, boyun hissəsində kəskin ağrıların əmələ gəlməsi ilə əlaqədar Goranboy Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, xəstəxanada ona bildirdilər ki, bu ağrılarla əlaqədar, boyun nahiyəsinin MRT müayinəsi lazımdır, ona X1 MRT müayinəsi üçün göndəriş verildi. Bu müayinədən sonra iddiaçının boyun nahiyəsində C3-4 diskində C4-5 diskində 2mm ölçüdə həmçinin C5-6 diskdə sağa meyilli posterior geniş əsaslı 2.5 mm ölçüsündə protruiziya aşkarlandı. İddiaçı MRT müayinəsi ilə birlikdə Goranboy rayon Mərkəzi Xəstəxanasına gəlmiş və bu MRT müayinəsinə əsasən müalicə olunmasını tələb etmişdir. Lakin onun səhhətində yaranmış problemlərlə bağlı müalicə olunmağını tələb etsə də Goranboy Rayon Mərkəzi Xəstəxanası nə onu müalicə etmiş, nə də digər tibb müəssisələrində müalicəsi üçün göndərişlər vermişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onu bu ilin aprel ayında 2 dəfə xəstəxanaya dəvət edərək müayinə etdilər, lakin müalicəyə cəlb etmədilər. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı şizofreniya xəstəsidir, həmin xəstəliyə görə ona dərmanlar verilir. Onurğasında olan problemlə bağlı MRT müayinəsi aparılmışdır. Müayinədən sonra müalicə almaq üçün xəstəxanaya gəlməsi üçün dəfələrlə müraciət edilsə də, xəstəxanaya gəlməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə “hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş İddiaçı xx.xx.2022-ci il tarixli onurğanın boyun nahiyəsinin MRT müayinəsindən görünür ki, fəqərə cisimlərinin hündürlüyü və siqnal intensivliyi təbiidir, fəqərə cisimlərinin künclərində sivriləşmələr mövcuddur, travmaya bağlı dəyişiklik qeyd olunmadı, onurğanın boyun hissəsində vertebral kanalın stenozu izlənilmir, boyun nahiyəsində onurğa beyninin trayektoriyası və forması anatomik normaya uyğundur, müayinə sahəsində onurğa beyninin lokal ocaqlı patologiyasına rast gəlinmir, disklərin hündürlüyü saxlanmışdır, C3-4, C4-5 və C5-6 disklərin T2 MR siqnalında zəifləmə (dehidrasiya) izlənilir, C3-4 diskdə posterior santral yerləşimli 2 mm ölçüsündə protruizya qeyd edilir, neyroforamenlər açıqdır, C4-5 diskdə posterior geniş əsaslı 2 mm ölçüsündə protruizya qeyd edilir, neyroforamenlər açıqdır. C5-6 diskdə sağa meyilli posterior geniş əsaslı 2.5 mm ölçüsündə protruizya qeyd edilir, sağ neyroforamen cüzi daralmışdır, digər fəqərəarası disklərin protruziyası yaxud yırtığı əlamətləri müşahidə edilmir, paravertebral yumşaq toxumalarda patologiya aşkarlanmır. -surəti işə əlavə edilmiş Goranboy Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 81 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Goranboy RMX-nın həkim müayinəsindən keçmiş və ona “DZ: M51.4, L3-L4, L4-L5 disklərdə qabarmalar. L5-S1 diskdə sol paromedikal subartikulyar foreal disk səviyyəli ekstruziyası - 6mm. C3-C4 diskdə -2mm protrusiya. C5-C6 diskdə -2.5 mm protrusiya. Radikulopatiya” diaqnozu təyin edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərnamədən görünür ki, İddiaçı müvafiq ərizəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında qəbul edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz 2-ci dərəcə əlildir, xx.xx.2023-cü il tarixdə Goranboy RMX-nın həkim müayinəsindən keçmiş və ona “DZ: M51.4, L3-L4, L4-L5 disklərdə qabarmalar. L5- S1 diskdə sol paromedikal subartikulyar foreal disk səviyyəli ekstruziyası - 6mm. C3-C4 diskdə -2mm protrusiya. C5-C6 diskdə -2.5 mm protrusiya. Radikulopatiya” diaqnozu təyin edilmişdir. İddiaçı həmin diaqnoza əsasən müalicə edilməsini tələb etsə də, cavabdeh orqan tərəfindən onun müraciətinin təmin edilməsi ilə bağlı hərəkətsizlik göstərilmişdir. Hazırki iddia ilə iddiaçı müalicə edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublıkası Konstitusiyasının 41-ci maddəsinin İ hissəsinə görə hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edilməsi və bu sahədə yaranan digər münasibətlərin tənzimlənməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:- -1.0.1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. -1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. -1.0.7-ci maddəsinə əsasən tibbi reabilitasiya - orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemidir. -4.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. -6.1-ci maddəsinə əsasən dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. -6.4-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. -29-cu maddəsinə əsasən əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dərman preparatları, tibbi xidmət, ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi, həmçinin protez-ortopediya məmulatları, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla) ilə təmin olunurlar. -35.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsi ilə bağlı tədbirlər dövlət, yerli özünüidarəetmə orqanları və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir. -35.2-ci maddəsinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarına ayrılan büdcə təxsisatları daxilində həyata keçirilir. “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublıkasının Qanununun 14-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada əlillərin dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, güzəştli şərtlərlə apteklərdən dərman almaq və sanatoriya-kurort müalicəsi ilə növbədə təmin olunmaq hüququ vardır. Göründüyü kimi, əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələri müvafiq qanunvericilik aktlarında öz təsdiqini tapmışdır. İş materialları ilə təsdiq olunur ki, iddiaçının cavabdeh orqanda müayinəsi nəticəsində ona müvafiq diaqnoz qoyulmuşdur və hazırda onun müalicəsi zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında müayinədən sonra müalicə almaq məqsədilə xəstəxanaya gəlməsi üçün iddiaçıya dəfələrlə müraciət edildiyini bildirsə də, cavabdehin bu arqumentini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçının müalicəsi ilə bağlı cavabdeh orqan tərəfindən aşkar hərəkətsizlik göstərilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının ona qoyulmuş diaqnoza uyğun müalicə edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68, 69, 75, 81-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ona qoyulmuş diaqnoza uyğun müalicə edilməsi öhdəliyi cavabdeh Tibbi Ərazi Bölmələrini X3 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-250/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-250/2023
20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver