Məhkəmə qərarları › İş №2-1(114)-2500/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2500/2022

19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2500/2022 19.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X4) pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, X2 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Qeyd olunan mənzildə üçüncü şəxs qeydiyyatdadır. Üçüncü şəxs onun keçmiş gəlinidir və həmin mənzilə xəbəri olmadan qeydiyyata düşmüşdür. X3 qarşı evdən çıxarılma tələbinə dair Tovuz Rayon Məhkəməsində iddia qaldırmış və Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)-1975/2019 nömrəli qətnaməsinə əsasən iddiası təmin edilmiş, X2 mülkiyyətində olan mənzilindən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)-1975/2019 nömrəli qətnaməsi dəyişdiriləmədən saxlanılmışdır. İddiaçı həmin şəxsin pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Üçüncü şəxs məhkəməyə teleqramla müraciət edərək, xx.xx.2022-ci il tarixli və hazırki məhkəmə iclaslarının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə üçüncü şəxsin məhkəmə iclaslarının təxirə salınması ilə bağlı müraciətinə münasibətdə bildirir ki, sonuncu məhkəmə iclaslarına gəlməməsinin səbəbləri ilə bağlı sübut təqdim etməmişdir, bu hal isə məhkəmə icraatını yubatmaq niyətinin olduğunu deməyə əsas verir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)- 1975/2019 nömrəli qətnaməsindən görünür ki, X2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması qət edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-228/2021 nömrəli qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)-1975/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. -işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, X1 rayonu, Əlimərdanlı kəndi, ev 13, mənzil 1 ünvanında qeydiyyatdadır. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 185-6457Ə-3222 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır və iddiaçı ona məxsus mənzildə formal qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir; Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmçinin məhkəmə qeyd edir ki, üçüncü şəxsin ünvan 1 ünvandan çıxarılması ilə bağlı Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)-1975/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi var. Məhkəməyə ünvanlanmış teleqramdan da görünür ki, üçüncü şəxs faktiki olaraq ünvan 5 ünvanda yaşayır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X2 ünvan 1 ünvandan pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar