Məhkəmə qərarları › İş №2-1(114)-2507/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2507/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2507/2021 24.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı döyüşlərdə iştirak etmə və şəhid olma faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək atası X1 1990-cı il tarixdən 1992-ci ilədək Xocalı rayon özünümüdafiə dəstəsinin (817 nömrəli hərbi hissənin) tərkibində torpaqların azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsi və şəhid olması faktını təsdiq edib qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X3 1990-cı il tarixdən 1992-ci il tarixədək Xocalı rayon özünümüdafiə dəstəsinin (817 nömrəli hərbi hissənin) tərkibində torpaqların azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu faktı məhkəməyə gətirəcəyi şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən mümkün sayılmamalıdır. Belə ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İlk növbədə məhkəmə hazırkı iddia ərizəsində “faktın müəyyən edilməsi” ilə bağlı qeyd edir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi özəl hüquq münasibətlərini tənzimləyən hüquq normalarına əsasən ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, qeyd olunan tələbə inzibati icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Bundan başqa, iddia ərizəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin maraqlı şəxs kimi qeyd edilməsi ilə bağlı iddiaçının nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 27-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərdir. Həmin Məcəllədə ərizəçi və maraqlı şəxs kimi prosessual status müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçının hüquqi marağını mərhum atası X2 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil edir. Ona görə də, məhkəmə nəzərə alır ki, belə olduğu halda qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir və iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35.1. maddələri). Qanunda inzibati orqana öncədən müraciət edilməsi şərti yalnız İPM-in 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün nəzərdə tutulsa da, həmin şərt prinsip etibarilə İPM-in 34-cü maddəsinə müvafiq olaraq qaldırılan öhdəliyin icrası haqqında iddiaya da aiddir, çünki burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 9cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddiaçının ilkin olaraq mərhum atası X2 şəhid adı verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və ya Azərbaycan Respublikası Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə müraciət etməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmadığından, yəni ilkin olaraq şəhid adı verilməsi ilə bağlı müvafiq inzibati orqana müraciət edilmədiyindən Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı iddiaçıya yardım edilməklə ağlabatan müddət təyin edilməsinə lüzum yoxdur. Belə ki, tələblə cavabdeh inzibati orqana ilkin müraciət olunması məhkəməyədək olan icraatdır və iddianın xüsusi mümkünlük şərti kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı döyüşlərdə iştirak etmə və şəhid olma faktının müəyyən edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar