Məhkəmə qərarları › İş №2-1(114)-2512/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2512/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2512/2022 03.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı yaşa görə sosial müavinətin hüququ yarandığı tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilən yaşa görə sosial müavinətin yenidən hesablanıb aylıq 180 manatdan cəmi 6480 manat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 59 yaşı tamam olan zaman yaşa görə sosial müavinət almaq hüququ yaranmışdır. Goranboy rayon DSMF onun müraciətini sistemdən gizlətmiş, onu get-gələ salmış və nəhayət 62 yaşına çatanda, yəni xx.xx.2019-cu ildə ona sosial müavinət təyin edilmişdir. İddiaçı yaşa görə sosial müavinatın yenidən hesablanıb verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu bunadan imtina etmışdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 59 yaşından müavinətin ödənilməsini tələb edir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçının 62 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdə yaşa görə sosial müavinət təyin olunmuş və xx.xx.2022-ci il tarixdən 180 manata çatdırılaraq ödənilməkdədir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 7.0.2-сi maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qanunun xx.xx.2020-ci il tarixinədək qüvvədə olan (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmədən öncəki) redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) nəzərdə tutulmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Seriya AZE 13211791 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. -AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının Goranboy rayon qəbul şöbəsinin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, iddiaçıya 62 yaşı tamam olduğu gündən, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə müavinət təyin edilmiş, lakin “Sosial müavinətlər haqqında” qanuna əsasən 59 yaşdan sonrakı 3 illik məbləğin təmin edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya 62 yaşından, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı hazırda onun hüququnun 59 yaşından yarandığını iddia edərək həmin tarixdən sosial müavinətin aylıq 180 manat hesablanaraq ödənilməsini tələb etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə görə, sosial müavinətlər– bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 1.0.2-ci maddəsinə görə əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -4.0.1.2-ci maddəsinə əsasən yaşa görə müavinət aylıq müavinət kimi müəyyən edilmişdir -7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. -10.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Göründüyü kimi qanunda yaşa görə müavinət almaq üçün şəxsin 1) əmək qabiliyyətinin olmaması; 2) əmək pensiyası hüququnun olmaması; 3) işləməməsi şərti müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsindən isə görünür ki, Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Yuxarıda qeyd olunanlardan görünür ki, qanunverici əmək pensiyası yaşı ilə yaşa görə sosial müavinətin yaş hədlərini eyniləşdirmişdir. “Əmək pensiyaları haqqında” Qanunun qeyd hissəsinə əsasən yaşa görə sosial müavinət hüququ qadınlar üçün xx.xx.2017-xx.xx.2018-ci il tarixində 60 yaş 06 ay həddində müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İddiaçının 60 yaş 06 ayı isə xx.xx.2018-ci il tarixdə tamam olmuş, yəni yaşa görə sosial müavinət almaq hüququ həmin tarixdən yaranmışdır. Məhkəmə iddiaçının yaşa görə sosial müavinətin 180 manat hesbalanmaqla ödənilməsi ilə bağlı isə aşağıdakıları qeyd edir: “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 168 №-li Fərmanı ilə yaşa görə sosial müavinətin məbləği 73 manat, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 №-li Fərmanı ilə yaşa görə sosial müavinətin məbləği 130 manat, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1496 №-li Fərmanı ilə yaşa görə sosial müavinətin məbləği 180 manat müəyyən edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qismən əsassız olmuş, belə ki, iddiaçıya yaşa görə sosial müavinət 60 yaş 6 ayı tamam olduğu vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq müvafiq dövrlərə uyğun qanunvericilik aktlarına əsasən hesablanmaqla ona ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdən yaşa görə sosial müavinətin müvafiq dövrlər üçün müəyyən edilmiş məbləğdə ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar