Məhkəmə qərarları › İş №2-1(114)-252/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-252/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-252/2022 25.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi və alınmayan ayların pensiyasının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasına qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ikinci dərəcə əlilliyinin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və almadığı aylar üzrə pensiya məbləğinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli Qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur. xx.xx.2006-cı il tarixdə sol döşünün süd vəzi cərrahiyyə yolu ilə Gəncə şəhəri Onkologiya xəstəxanasında kəsilmiş, həkimlər tərəfindən cərrahiyyə əməliyyatı zamanı sinir sistemi zədələndiyindən mütəmadi olaraq Onkologiya xəstəxanasında müalicə olunmuşdur. Sinir sitemindəki ağrıların ağırlaşması ilə bağlı 2011-ci ilin iyil ayının 12-də Gəncə şəhəri A.Səhhət adına xəstəxananın nevrologiya şöbəsinə müraciət edərək stasionar müalicə almış, xx.xx.2011-ci ildə xəstəxanadan buraxılmışdır. Daha sonra da sinir ağrılarının şiddətləndiyi üçün xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi və xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi yenidən stasionar müalicə olunmuşdur. Xəstəliyi ilə bağlı həkimlər məni Gəncə şəhərindəki Tibbi Sosial Ekpert Komissiyasına yönləndirdilər. 2012-ci ilin yanvar ayının 15-də TSEK-dan həkim komissiyasından keçirilmiş və ona ümumi xəstəliklərlə bağlı 2- ci qrup əlillik dərəcəsi təyin edilmişdir. O, xəstəliyi ilə bağlı hər il xəstəxanada müayinə və stasionar müalicə olunmuşdur. Sonuncu dəfə 2016-cı ilin yanvar ayının 25-də 5 il müddətinə ikinci qrup əlillik təyin edilmiş, həmin beş il müddətində hər ildə bir dəfə həkim müayinəsində olmaqla, stasionar müalicədə olmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh orqan 2021-ci ilin yanvar ayının 15-nə onu növbəti komissiyaya dəvət edərək ona bildirmişlər ki, sistemdə problem olduğundan əlilliyin təyin olunub, olunmaması ilə bağlı telefon vasitəsi ilə cavab veriləcəkdir. O, Gəncə şəhəri Kəpəz rayon Həkim Məsləhət komissiyasından xx.xx.2021-ci il tarixdə keçmiş və həmin komissiya tərəfindən ona həmin tarixli, 0452003AAJL7 nömrəli bildiriş (Forma 88) verilmişdir. Buna baxmayaraq cavabdeh orqan ona Forma 88-in natamam doldurulduğu bildirərək, 3-cü dəfə xx.xx.2021-ci il tarixdə ona cavab vermişlər ki, xəstəliyin diaqnozu ilə əlaqədar Akademik M.Qasımov adına Respublika Kliniki Xəstəxanasında ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür. Ona görə də Gəncə şəhər Səhiyyə İdarəsindən göndəriş alaraq Akademik M.Qasımov adına Respublika Kliniki Xəstəxanasında ixtisaslaşmış müayinədə olmuş və 21 avqust 2021-ci il tarixdə onun xəstəliyi ilə bağlı əvvəllər həkimlər tərəfindən təyin edilmiş diaqnoz təsdiqlənmişdir. Akademik M.Qasımov adına Respublika Kliniki Xəstəxanasından aldığı xəstəlik vərəqəsini də əlavə edərək Forma 88-i təkrar Tibbi-Sosial Ekspert Komissiyasına göndərsələr də xx.xx.2021-ci il tarixdə ona yenidən imtina verilmişdir ki, Baş Nevropatoloqun rəyi vacibdir. Ona görə də Gəncə şəhər Səhiyyə İdarəsindən yenidən göndəriş alaraq Bakı Klinik Tibb mərkəzinə və Akademik M.Qasımov adına Respublika Kliniki Xəstəxanasına getsə də ona belə qurumun olmadığı bildirilmişdir. Həmin xəstəlikdən əlavə həm də sol ayağında, eləcə də onurğasında əyrilik var və bu müvafiq sənədlərdə öz əksini tapır. Bu xəstəliklərlə əlaqədar və yaşına görə işləmək imkanı yoxdur. 4 uşaq anasıdır. O, cavabdehin xəstəliyi ilə bağlı 2-ci qrup əlilliyinin ləğv edilərək pensiyasının dayandırılmasını əsassız və qanunsuz hesab edir. İş üzrə şifahi məhkəmə baxışı iclası 25 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərişin surəti, xəstənin ambulator-stasionar tibbi kartasından çıxarışın surəti, stasionar tibbi kartasından çıxarışların surəti, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli göndəriş vərəqələri, TSEK-in xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli cavabları, xx.xx.2016-cı il tarixli müayinə olunan şəxs barədə məlumatın surəti, 009251 nömrəli arayışın surəti, 36700 nömrəli məsəhət vərəqi və 31 avqust 2022-ci il tarixli, T 386/2022 nömrəli ekspert rəyi əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 31 avqust 2022-ci il tarixli, T 386/2022 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin son göndərişində qeyd edilən "vertebrobazilyar arterial sistem sindromu, baş beyin qan dövranının vertebrobazilyar arteriyası hövzəsində xroniki tez-tez pozulması, ensefalopatiya İİ mər., kəllədaxili hipertenziya, boyun fəqərələrinin yayılmış osteoxondrozu, kökcük ağrı sindromları, vegeto-damar paroksizmal krizlərlə, kəskin ifadəli asteno-nevrotik sindrom" diaqnozu nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün deyil. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AzərbaycanRespublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verənKomissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.7-ci maddəsinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi və alınmayan ayların pensiyasının ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin bərpa edilməsi və alınmayan ayların pensiyasının ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar