Məhkəmə qərarları › İş №2-1(114)-252/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-252/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-252/2024 13.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu, Hacallı kəndində yerləşən Samux rayon M.F.Axundov adına “yem-toxumçuluğu” sovxozunun əmək kollektivinin xx.xx.1992-ci il tarixli yığıncağının 01 nömrəli protokoluna əsasən fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayon M.F.Axundov adına “yemtoxumçuluğu” sovxozunun əmək kollektivinin xx.xx.1992-ci il tarixli yığıncağının 01 nömrəli protokoluna əsasən ona Samux rayonu, Hacallı kəndində fərdi yaşayış evinin tikilməsi üçün 0.12 ha torpaq sahəsi verilmişdir. Həmin sahədən hal-hazıda da istifadə edir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də imtina cavabı verilmişdir. İddiaçının vəkili məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş iddiçıya məxsus əmək kitabçasında olan qeydlərdən görünür ki, iddiaçı 1984-1994-cü illərdə Samux rayon M.F.Axundov adına “yem-toxumçuluğu” sovxozunda materiallar üzrə mühasib vəzifəsində işləmişdir. -işə əlavə edilmiş Samux rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 61 nömrəli arxiv arayışında bildirilir ki, Samux rayon M.F.Axundov adına yemçilik-toxumçuluq təsərrüfatının xx.xx.1993-cü il tarixli, 115 saylı əmrinə əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi verilmişdir, adı 57-ci sırada qeyd edilmişdir. - surəti işə əlavə edilmişSamux rayon M.F.Axundov adına sovxozun əmək kollektivinin xx.xx.1992-ci il tarixli yığıncağının nəticələrinə dair vəsatətdən görünür ki, torpaq sahəsi ayrılması nəzərdə tutulan şəxslərin siyahısında iddiaçının adı 57-ci sırada qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Samux rayon M.F.Axundov adına “yem-toxumçuluğu” sovxozunun əmək kollektivinin xx.xx.1992-ci il tarixli yığıncağının 01 nömrəli protokolundan görünür ki, sovxoza məxsus torpaq sahəsindən 169 nəfərə, hər birinə 0.12 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-cü il tarixli bildirişindən görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8860/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində bildirilir ki, Samux rayonu, Hacallı kəndində naturada təqdim edilmiş torpaq sahəsi 0.12 ha təşkil edir. Həmin torpaq sahəsinin 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza məlumatlarına istinadən hər-hansı fiziki şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsfdiq edən sənədlərdə göstərilən sahələrlə üst-üstə düşmə halı aşkarlanmadı. Sahənin üzərində tikili mövcud deyil, üzərində və hava məkanında kommunikasiya xəttləri müşahidə olunmadı, ərazinin kompleks yerquruluşu layihəsinə istinadən bələdiyyə balansında olan həyətyanı məqsədlər üçün nəzərdə tutulan sahədir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya Samux rayon M.F.Axundov adına “yem-toxumçuluğu” sovxozunun əmək kollektivinin xx.xx.1992-ci il tarixli yığıncağının 01 nömrəli protokol qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün Samux rayonu, Hacallı kəndində 0.12 ha torpaq sahəsi verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənəd təqdim edilməməsi əsası ilə imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan torpaq sahəsi səlahiyyətli orqanın müvafiq qərarı ilə iddiaçıya satılmış və iddiaçı həmin torpaq sahəsindən faktiki olaraq istifadə edilir. Cavabdehin imtinasının əsası kimi torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənəd təqdim edilməməsi qeyd olunmuşdur. Qeyd edilməlidir ki, qeydə alınması tələb olunan torpaq sahəsinin sərhədləri, koordinatları, faktiki istifadə vəziyyəti, təyinatı, mənsubiyyəti və kommunikasiya xəttlərinin mühafizə zonasına düşüb-düşməməsi mütəxəssis tərəfindən tədqiq edilmiş və müsbət rəy verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Samux rayonu, Hacallı kəndində yerləşən, Samux rayon M.F.Axundov adına “yemtoxumçuluğu” sovxozunun əmək kollektivinin xx.xx.1992-ci il tarixli yığıncağının 01 nömrəli protokoluna əsasən fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar