Məhkəmə qərarları › İş №2-1(114)-2520/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2520/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2520/2022 17.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1974-cü ilin iyul ayında Gədəbəy rayonunun Gərgər kəndindəki “Sovet Ermənistanı” kolxozunda sahə gözətçisi işinə qəbul olunmuş, 1976-cı il may ayında həqiqi hərbi xidmətə getməyilə bağlı işdən azad olunmuşdur. xx.xx.1976-cı il tarixdə həqiqi hərbi xidmətə getmiş, xx.xx.1978-ci il tarixdə ordudan tərxis olunmuşdur. xx.xx.1979-cu il tarixdə Gədəbəy rayonunun Gərgər kəndindəki “Sovet Ermənistanı” kolxozuna yenidən traktor sürücüsü işinə qəbul olunmuş, xx.xx.1981-ci il tarixdə işdən azad olunmuşdur. xx.xx.1982-ci il tarixdə Gədəbəy rayon kənd təsərrüfatı istehsal toxum-məmulat birliyində buldozer traktoruna sürücü işinə qəbul olunmuş, xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixdə Gədəbəy rayonunun Gərgər kəndindəki “Sovet Ermənistasnı” kolxozuna traktor sürücüsü işinə təyin olunmuş, xx.xx.1986-cı il tarixdə işdən azad olunmuşdur. Həmin vaxtı işlədiyi müəssisə iki hissəyə ayrıldığına görə xx.xx.1986-cı il tarixdə Gədəbəy rayon kənd təsərrüfatı istehsal texniki təminat birliyinə traktor sürücüsü təyin olunmuş, xx.xx.2005-ci il tarixdə işdən azad olunmuşam. Gədəbəy rayon kənd təsərrüfatı istehsal texniki təminat birliyində traktor sürücüsü işləyə-işləyə 2000-ci ilin aprel ayının 17-də Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində Gədəbəy rayon Saratovka Meşəbəyliyi üzrə traktor sürücüsü işinə təyin olunmuş, xx.xx.2016-cı il tarixdə işlətdiyi traktor istismardan silindiyinə görə işdən azad edilmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.1981-ci il tarixində tərtib olunmuş ******* nömrəli əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən iddiaçının sosial sığorta stajı 15 il 3 ay 28 gün təşkil edir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Fondun 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2018-ci 163 saylı arayışında qeyd olunan 1974-1976-ci illərdə Gərgər kənd kolxozunun əmr və şəxsi hesab kitabları, eyni zamanda xx.xx.2019-cu il tarixli 390 sayli arxiv arayışında qeyd olunan 2000-2002-ci illərdə X4 və Bərpa Müəssisəsinin əmr kitabları arxivdə aşkarlanmamışdır. Bundan əlavə iddiaçının əmək kitabçasında xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Gərgər kənd “Sovet Ermənistanı” südçülük sovxozunda işlədiyi qeyd edilsə də iddiaçının əmək kitabçası xx.xx.1981-ci il tarixdə tərtib edilmişdir. Buna baxmayaraq xx.xx.1972-ci ildə qüvvəyə minmiş və həmin dövrdə qüvvədə olmuş AR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün açılır. Qeyd olunanları nəzərə аlaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün (15 il 3 аy 28 gün) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 229 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1979-1986-cı illərdə sabiq “Sovet Ermənistanı” adına sovxozda əmək fəaliyyəti (1979-cu il üzrə 9 təqvim ayı, 1980-ci il üzrə 3 təqvim ayı, 1981ci il üzrə 2 təqvim ayı, 1982, 1983, 1986-cı illlərin hər birində 1 təqvim ayı, 1984 və 1985-ci illərin hər birində isə 4 təqvim ayı) ilə məşğul olmuşdur. -işə əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1986-cı il tarixdə həmin tarixli, 132 § 6 nömrəli əmrlə 4 nömrəli traktor briqadasına DT-75 markalı traktora traktorçu təyin olunmuş, xx.xx.1989-cu il tarixdə həmin tarixli, 5 nömrəli əmrlə yeni yaranmış Gədəbəy rayon X5 və mexanikləşdirmə istehsalat birliyinə traktorçu təyin edilmiş, xx.xx.2005-ci il tarixdə, həmin tarixli 3 nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.2000-ci il tarixdə həmin tarixli 16 nömrəli əmrlə Saratovka meşəbəyliyi üzrə traktor sürücüsü təyin edilmiş və xx.xx.2016-cı il tarixdə 26 nömrəli əmrlə Saratovka meşəbəyliyinin 75 markalı traktorunun sürücüsü traktoru istismara yararsız olduğu nəzərə alaraq traktorist vəzifəsindən azad edilmişdir. -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Gədəbəy rayon Dövlət Arxivində qarşılıqlı yoxlama aktından və ona əlavədən görünür ki, İddiaçı 1974-1976 və 2000-2002-ci illərdə işləməsi faktı Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 163 nömrəli və xx.xx.2019-cu il tarixli 390 nömrəli arxiv arayışlarına əsasən Gədəbəy rayon Dövlət Arxivində qarşılıqlı yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, Gərgər kəndində fəaliyyət göstərmiş “Sovet Ermənistanı” kolxozunun əmr və şəxsi hesab kitabları Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmadı, odur ki, 1974-1976-cı illərə aid əmr və əmək günü barədə məlumatları yoxlamaq mümkün olmadı. 1974-1976-cı illərdə məşğuliyyəti barədə Gərgər kənd XDSnin təsərrüfatbaşına kitablarına əsasən 1974-1976-cı illlərdə qeydiyyatda olduğu təsərrüfatın “işlədiyi yer və hansı vəzifədə işləyir” qrafasında qarşısında kolxozçu işlədiyi qeyd olunmuşdur. 2000-2002-ci illərdə X4 və Bərpası müəssisəsində işləməsi faktı ilə bağlı əmr kitabları Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyasında aşkar olunmadı. İddiaçı 2000-2002-ci illərdə X4 və Bərpası Müəssisəsində işləmiş və əmək haqqı almışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 163 nömrəli arxiv arayışından görünür ki, Gər-Gər kənd XDS İK-nin təsərrüfatbaşına kitablarda İddiaçı məşğuliyyəti 1974,1975, 1976-cı illərdə kolxozçu kimi qeyd edilmişdir. -işə əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin xx.xx.2017-ci il tarixli. 543 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. -işə əlavə edilmiş Gədəbəy rayon X2 Hissəsinin 37/Ə-190 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, həqiqətən də xx.xx.1977-ci ildə Gədəbəy rayon Gər-Gər kəndinin sabiq “Sovet Ermənistan” adına kolxozun idarə binasında yanğın hadisəsi baş vermiş, yanğın zamanı bina, binada olan əşyalar və sənədlər yanıb məhv olmuşdur. -ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunla müəyyən edilmiş sosial sığorta stajına malik olmaması (15 il 3 ay 28 gün) səbəbi ilə imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 15 il 3 ay 28 gün təşkil etdiyinə görə imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, 1974-2006-ci illərdə ayrı-ayrı vaxtlarda müxtəlif işlərdə əmək funksiyasını yerinə yetirmişdir. Cavabdehin etirazında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi sığorta stajının ümumilikdə 15 il 3 ay 28 gün olması göstərilmişdir. Bundan əlavə Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2018-ci 163 saylı arayışında qeyd olunan 1974-1976-ci illərdə Gərgər kənd kolxozunun əmr və şəxsi hesab kitabları, eyni zamanda xx.xx.2019-cu il tarixli 390 sayli arxiv arayışında qeyd olunan 2000-2002-ci illərdə X4 və Bərpa Müəssisəsinin əmr kitabları arxivdə aşkarlanmadığından, həmçinin iddiaçının əmək kitabçasında xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Gərgər kənd “Sovet Ermənistanı” südçülük sovxozunda işlədiyi qeyd edilsə də sonuncunun əmək kitabçası həmin dövrün əmək qanunvericiliyinə uyğun olmayaraq xx.xx.1981-ci il tarixdə tərtib edildiyindən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyi, bununla da ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az olduğu qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İş materiallarında əlavə edilmiş arayışdan görünür ki, sabiq “Sovet Ermənistanı” kolxozunun idarə binasında yanğın baş vermiş, nəticədə sənədlər məhv olmuşdur. Lakin xx.xx.2018-ci il tarixli, 163 nömrəli arxiv arayışı iddiaçının 1974-1976-cı illərdə kolxozçu kimi işlədiyini təsdiq edir. Məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 229 nömrəli arxiv arayışını möhtəbər sübut hesab edərək qeyd edir ki, iddiaçının sabiq “Sovet Ermənistanı” sovxozunda 1979-1986-cı illərdə işləyərək əmək haqqı aldığı faktiki aylar üzrə nəzərə alınaraq sosial sığorta stajı kimi hesablanmalıdır. Belə ki, iddiaçının 1979-cu il üzrə 9 təqvim ayı, 1980-ci il üzrə 3 təqvim ayı, 1981-ci il üzrə 2 təqvim ayı, 1982, 1983, 1986-cı illlərin hər birində 1 təqvim ayı, 1984 və 1985-ci illərin hər birində isə 4 təqvim ayı, ümumilikdə 2 il 1 ay iş stajı hesablanmalıdır. Cavabdeh etirazında 1974-1976-ci illərdə Gərgər kənd kolxozunun əmr və şəxsi hesab kitablarının, eyni zamanda 2000-2002-ci illərdə X4 və Bərpa Müəssisəsinin əmr kitabları arxivdə aşkarlanmadığını, həmçinin iddiaçının əmək kitabçasında xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Gərgər kənd “Sovet Ermənistanı” südçülük sovxozunda işlədiyi qeyd edilsə də iddiaçının əmək kitabçası xx.xx.1981-ci il tarixdə tərtib edildiyini əsas gətirərək həmin illəri sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, əmr və şəxsi hesab kitablarının Dövlət Arxivinə təhvil verilməməsi, həmçinin əmək kitabçasının qanunla nəzərdə tutulmuş müddətdən sonra tərtib edilməsi iddiaçının ziyanına şərh edilməyərək yekun iş stajına əlavə edilməlidir. Çünki sözügedən kitabların arxivə təhvil verilməsi və əmək kitabçasının vaxtında tərtib edilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və qeyd olunan hallar iddiaçının ziyanına şərh edilə bilməz. Arxiv məlumatlarından, həmçinin əmək kitabçasında olan məlumatlardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının Gədəbəy rayon X5 və mexanikləşdirmə istehsalat birliyinə traktorçu kimi işlədiyi xx.xx.2000-ci ildən xx.xx.2005-ci il tarixədək olan müddət onun xx.xx.2000-ci il tarixdən Saratovka meşəbəyliyi üzrə traktor sürücüsü kimi işlədiyi dövrlə üst-üstə düşür. Sözügedən dövrü məhkəmə sosial sığorta stajına daxil edilməklə vahid müddət kimi nəzərə alır. Beləliklə, iddiaçının 1974-1976-cı illərdə kolxozda işlədiyi müddət, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət müddəti, 1979-1986-cı illərdə sovxozda işlədiyi müddət, xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Gədəbəy rayon X5 və mexanikləşdirmə istehsalat birliyinə traktorçu işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının ümumilikdə 26 il 4 ay 18 gün sığorta stajı var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1974-1976-cı illərdə kolxozda işlədiyi müddət, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət müddəti, 1979-1986-cı illərdə sovxozda işlədiyi müddət, xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Gədəbəy rayon X5 və mexanikləşdirmə istehsalat birliyinə traktorçu işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar