Məhkəmə qərarları › İş №2-1(114)-2529/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2529/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2529/2022 03.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 0,0104 ha torpaq sahəsində yerləşən alüminium günbəz üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin, Hərrac Təşkilatının, Hərracın yekunları barədə 19/01 saylı 31 may 2007-ci il tarixli protokoluna və Naftalan rayon Nəzarətçilər və Məhkəmə İcraçıları Qrupunun böyük məhkəmə icraçısının iştirakı ilə X6 Birliyinə məxsus Naftalan şəhəri Ş.Qurbanov küçəsində 0,0104 ha torpaq sahəsində inşa edilmiş Alüminium günbəzi 12261,48 ( on iki min iki yüz atmış bir manat qırx səkkiz qəpik) manat pula mərhum əri X5 almışdır. Mərhum əri göstərilən qeyri-yaşayış yerində sahihkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmçinin daşınmaz əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmişdir. Bununla bağlı vergi orqanlarına vaxtında vergi borclarını ödənmiş, lakin sözügüdən əmlak üzərində sərəncam verilməsi üçün qeydə alınaraq çıxarış alınmamışdır. Göstərilən qeyri-yaşayış sahəsindən ailəsi və uşaqları ilə istifadə edir, istifadə və sahiblik hüquqlarını həyata keçirir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan alüminium günbəz üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarış verilməsini xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hazırda həmin əmlak onun istifadəsindədir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - təsdiq edilmiş surəti işə əlavə edilmiş Azərbaycan Respublikası 2 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 13/2-13 nömrəli qiyabi qətnaməsindən görünür ki, “Naftalan” sanatoriya-kurort birliyinin hesablanmış vergilər üzrə 12071 (on iki min yetmiş bir) manat 30 (otuz) qəpik, vaxtında ödənilməmiş vergilərə hesablanmış faizlər üzrə 190 (bir yüz doxsan) manat 18 (on səkkiz) qəpik, cəmi 12261 (on iki min iki yüz altmış bir) manat 48 (qırx səkkiz) qəpik məbləğində yaranmış borcunun ödənilməsi üçün onun 12274 (on iki min iki yüz yetmiş dörd) manat 40 (qırx) qəpik məbləğində sıyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması qərara alınmışdır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli, “hərracın yekunları” barədə 19/01 nömrəli protokoldan görünür ki, “Naftalan” sanatoriya kurort birliyinə məxsus alüminium günbəz 723 (yeddi yüz iyirmi üç) manat müqabilində X1. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, 1 ədəd 723,00 (yeddi yüz iyirmi üç) manat “Naftalan” sanatoriya kurort birliyinə məxsus alüminium günbəz X1. -surəti işə əlavə edilmiş qəbzdən görünür ki, X5 tərəfindən satın alınmış əmlakın dəyəri ödənilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********68 nömrəli bildirişindən görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2007-ci il tarixli hərracda “Naftalan” sanatoriya kurort birliyinə məxsus alüminium günbəz 723 (yeddi yüz iyirmi üç) manat müqabilində X2, onunla alğı-satqı müqaviləsi bağlanmış və sonuncu tərəfindən müvafiq məbləğ ödənilmişdir. X3 arvadı İddiaçı cavabdehə müraciət edərək sözügedən əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, cavabdeh tərəfindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan daşınmaz əmlak ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol əsasında tərtib edilmiş alğı-satqı müqaviləsi ilə iddiaçının mərhum əri X1. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. -71-ci maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. -71-ci maddəsinin İİ hissəsində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Göründüyü kimi dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Qeyd edilməlidir ki, cavabdeh orqanın imtinasının əsasını həmin qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydə alınmaması təşkil etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən alüminium günbəz üzərində X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar