Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2529/2023 22.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1983-1993-cü illərdə Tovuz rayonun “Bakı fəhləsi” sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş, 27 sentyabr 1983-cü il tarixdə Tovuz rayonunun Bayramlı kəndində fəaliyyət göstərmiş "Bakı fəhləsi" sovxozunun 2 nömrəli briqadasına fəhlə işinə qəbul olunub, 22 avqust 1988-ci il tarixə kimi işləyib, 22 avqust 1988-ci il tarixli 51 nömrəli əmrlə həmin sovxozun nəzdində fəaliyyət göstərən 1 nömrəli körpələr evində dayə-sainitar işinə təyin edilmiş, 1993-cü ilə kimi həmin körpələr evində işləmişdir. 08 iyul 1993-cü il tarixdə 31 nömrəli əmrlə sovxozdan işdən azad olunub, körpələr evi Tovuz rayon Təhsil şöbəsinə verildiyindən Tovuz rayon Azaflı kəndindəki körpələr evində xadimə işinə dəyşirilib, 2001-ci ilin dekabr ayının 31-nə kimi həmin işdə işləmişdir. İddiaçı qeyd edir ki, yalnız 1983-cü ildə aldığı əmək haqqı cədvəlində soyadı səhvən Qasımova göstərilib. Hansı ki, həmin üç ayın əmək haqqı cədvəlində səhvən soyadı Qasımova yazıldığına görə onun 10 il, 3 ay, 3 gün əmək stajını cavabdeh orqan qanunsuz olaraq onun sosial sığorta stajına daxil etməmişdir. Bundan əlavə, xx.xx.1988-ci il tarixdə rəsmi əmrlə işə qəbul olunub, xx.xx.1989-cu il tarixə kimi əmək haqqı alsa da, indi ona məlum olur ki, əmək haqqına qol çəkib pulu özüm götürsə də, cədvəldə səhvən pensiyaya çıxmış Gilənin adına yazılıb. İddiaçı 2022-ci ildə cavabdeh orqana ona yaşa görə pensiya təyin edilməsi üçün müraciət etsə də onu bildirilmişdir ki, 23 il, 10 ay umumi iş stajınız vardır. xx.xx.2006-cı il tarixdən, xx.xx.2018-ci il tarixə kimi fərdi hesabınızın siğorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona sosial pensiya təyin edilmişdir. İddiaçı yaşa görə pensiya almaq hüququ yarandığından həm sovxozda işlədiyi stajı barədə arxiv arayışını, eləcə də digər sənədləri toplayıb ona yaşa görə pensiya təyin edilməsindən ötrü cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi təhsil haqqında sənədin (diplomun) surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək 2 il 6 ay 11 gün təhsil aldığı dövr, Tovuz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 78 №-li arayışına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək "Bakı Fəhləsi" üzümçülük sovxozunda, Tovuz Rayon İcra Hakimiyyəti başçısının Azaflı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 135 №-li arayışına əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Azaflı kənd "Körpələr evi"ndə, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Bayramlı kənd tam orta məktəbində işlədiyi və Tovuz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 154 №-li sərəncamına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək patronajlıq əsasında 3 ay 24 gün bacısına qulluq etdiyi dövr də nəzərə alınmaqla ona ümumi 20 il 6 ay 14 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildirilir ki, Fondun 1 saylı Qazax-Tovuz regional filialının xx.xx.2023-cü il tarixdə Tovuz rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi aktına əsasən "Bakı Fəhləsi" sovxozunun 1983-cü il tarixli şəxsi hesab-kitablarında iddiaçının soyadı “Qasımova” olaraq qeyd edilmiş, həmçinin ata adı qeyd edilmədiyindən, eyni zamanda 1988-ci il tarixdə əməkhaqqı ödənilmədiyindən qeyd olunan dövrləri iddiaçını sığorta stajına daxil etmək mümkün olmamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun mübahisəli-mübahisəsiz bütün iş stajı nəzərə alınsa belə tələb olunan 25 il staj tamamlanmır. Bu səbəbdən də iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mahiyyətindən də məlum olur ki, iddiaçının qeyd olunan iş illərinin sosial sığorta stajına daxil edilməsindəki məqsədi ona yaşa görə əmək pensiyasının təyin edilməsidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İstinad olunan qanunvericiliyin tələblərinə əsasən iddiaçının yaşa görə pensiya hüququ 62 yaşla xx.xx.2021-ci il tarixdə yaranmışdır (1 iyul 2020 – 30 iyun 2021 dövrləri üzrə qadınlar üçün pensiya yaşı 62 yaş müəyyən edilmişdir). Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İş materialları ilə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək 2 il 6 ay 11 gün təhsil aldığı dövrü, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək "Bakı Fəhləsi" üzümçülük sovxozunda, xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Azaflı kənd "Körpələr evi"ndə, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Bayramlı kənd tam orta məktəbində işlədiyi və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək patronajlıq əsasında 3 ay 24 gün bacısına qulluq etdiyi dövr də nəzərə alınmaqla ona ümumi 20 il 6 ay 14 gün mübahisələndirilməyən sığorta stajı hesablamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Tovuz rayon Dövlət Arxivinin müvafiq arayışları ilə müəyyən olunur ki, iddiaçı 21 fevral 1977-ci il tarixdə 14 №-li əmrlə Bakı fəhləsi sovxozuna fəhlə qəbul edilmiş, işdən azad edilməsinə dair əmr tapılmamışdır, daha sonra 27 sentyabr 1983-cü il tarixdə 68 №-li əmrlə sovxoza qəbul edilmiş, 08 iyul 1993-cü il tarixdə 31 №-li əmrlə sovxozdan azad edilmişdir. Eyni zamanda Tovuz rayon Dövlət Arxivinin müvafiq arayışlarından görünür ki, iddiaçı 1977-ci ilin fevral-iyul, sentyabr aylarında, 1984-cü ilin fevral-dekabr ayları, 1985-1987-ci illər və 1989 - aprel 1993-cü il tarixlərdə əmək haqqı almışdır. Cavabdehin etirazı ilə müəyyən olunur ki, cavabdeh orqan iddiaçının "Bakı Fəhləsi" üzümçülük sovxozunda işlədiyi müddətlərdən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək müddətləri qəbul etmiş, yalnız 1983-cü ilin oktyabr-dekabr aylarını iddiaçının soyadının fərqli yazılmasına və ata adının yazılmamasına görə sığorta stajına daxil etməmişdir. Qeyd edilməlidir ki, iddiaçı 1983-1993-cü illərdə Tovuz rayonun “Bakı fəhləsi” sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini tələb etsə də, qeyd olunan müddətlərdən xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək müddətləri onun sığorta stajına hesablamış, digər müddətlər üzrə isə onun əmək haqqı alması müəyyən olunmadığından əmək haqqı aldığı 1983-cü ilin oktyabr-dekabr ayları istisna olmaqla, haqlı olaraq digər müddətləri nəzərə almamışdır. Belə ki, iddiaçının 1988-ci ildə əmək haqqı alması barədə arxivdə məlumat olmadığından həmin müddət də onun sığorta stajı kimi nəzərə alınmamışdır. Göründüyü kimi, iddiaçı işlədiyini iddia etdiyi müddət üzrə əmək haqqı almamış və məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçının iş stajını təsdiq edən sənədlərə (arxiv arayışları, diplom və.s) əsasən müəyyən olunur ki, onun ümumilikdə sosial sığorta stajı 25 ildən azdır (cəmi 20 il 6 ay 14 gün). Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən nəzərə alınmayan 1983-cü ilin oktyabr-dekabr ayları və 1988-ci il üzrə müddətlər də onun sosial sığorta stajına daxil edilsə belə, onun qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı yaranmır. Göründüyü kimi, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, inzibati orqanın imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2529/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2529/2023
22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver