Məhkəmə qərarları › İş №2-1(114)-2533/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2533/2022

16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2533/2022 16.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X4, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əvvəlki dövr üçün nəzərdə tutulmuş pensiyanın hesablanıb ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona verilməmiş 11 ay 10 gün üçün pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, 2007-ci il tarixdən İİ qrup əlil olmaqla Gəncə şəhər Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır. 2021ci ilin iyun ayında növbəti TSEK-dan keçməli olduğu halda həmin dövrdə Gəncə şəhər Psixiatriya xəstəxanası tərəfindən verilən məlumata görə yalnız Qarabağ Müharibəsi qazilərinin sənədləri göndərildiyindən, onun sənədləri həmin ilin avqust ayında sonuncu tərəfindən TSEK-ə göndərilmiş, lakin bir qədər sonra ona sənədlərinin həmin xəstəxanadan deyil şəhər Mərkəzi xəstəxanasından göndərilməli olduğu bildirilmiş və bu səbəbdən sənədləri geri qaytarılmışdır. Sonradan dəfələrlə Gəncə şəhər Psixatriya xəstəxanasına və Bakı şəhər 1 saylı Psixatriya xəstəxanası ilə əlaqə saxlamış, orada stasionar müalicə və müayinə olunmuş, dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, TƏBİB-ə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DTSERAya müraciətlər etmiş, lakin ona kompyuter sisteminin bağlı olduğu, bu sahədə islahatlar və tədbirlər həyata keçirildiyi və bu səbəbdən tibb müəssisələri tərəfindən TSEK-ə göndərişlərin müvafiq elektron sistemə daxil edilməsində müvəqqəti çətinliklər yarandığı bildirilmişdir. Elektron sistem 2021-ci ilin sentyabr ayından 2022-ci ilin may ayının sonuna kimi bağlı qalmış, yalnız 2022-ci ilin iyun ayının 3-də sənədləri sistemə daxil edilmiş və 2022-ci ilin iyun ayının 10-dan əlilliyi ömürlük təsdiq edilmişdir. Bundan sonra iddiaçı əvvəlki dövr üçün ödənilməli olan pensiyanın hesablanıb ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı və nümayəndəsi X6 iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə pensiya təyin edilmiş və əlilliyin müddətinin bitməsi ilə əlaqədar ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. X2 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının xx.xx.2022-ci il tarixdən İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2022-ci il tarixdən İİ dərəcə əlilliyə görə pensiya təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçı əlillik statusunu xx.xx.2022-ci il tarixdə qazanmışdır. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Bundan əlavə nümayəndə tələbdə qeyd olunan 50 manat müavinətin pensiyaya əlavə olduğunu və pensiya məbləğinə daxil olduğunu qeyd etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ümumi xəstəlik səbəbilə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. -Tibbi-Sosial Ekspert Komissiyasının İddiaçı xx.xx.2021-ci il tarixli müayinəsi ilə bağlı xx.xx.2021-ci il tarixli cavabından görünür ki, «Səhiyyə müəssisəsi (poliklinika) tərəfindən verilmiş göndərişlərin qəbulu zamanı xəta baş verdi. Göndərişin mərkəzi rayon (şəhər) xəstəxanaları tərəfindən e-sistemə daxil edilməsi tövsiyə olunur» səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. -Tibbi-Sosial Ekspert Komissiyasının İddiaçı xx.xx.2022-ci il tarixli müayinəsi ilə bağlı xx.xx.2022-ci il tarixli cavabından görünür ki, «Səhiyyə müəssisəsi (poliklinika) tərəfindən verilmiş göndərişlərin qəbulu zamanı xəta baş verdi. Göndərişin mərkəzi rayon (şəhər) xəstəxanaları tərəfindən e-sistemə daxil edilməsi tövsiyə olunur» səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********4 nömrəli, xx.xx.2022ci il tarixli məktubunda bildirilir ki, əlillik təyinatı müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin X2 sisteminin «Əlillik» altsisteminə göndəriş daxil olmamışdır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MİHO/1.3-2- 2022-1797 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın təmin edilməsinə, qabaqcıl beynəlxalq standartların tətbiqinə yönəldilmiş islahatlar aparılır, əliliyin yeni meyarlarla müəyyən olunmasına keçidlə bağlı bir sıra tədbirlər həyata keçirilir. Bu səbəbdən tibb müəssisələri tərəfindən Tibbi-sosial ekspert komissiyasına göndərişlərin (forma 088) müvafiq elektron sistemə daxil edilməsində müvəqqəti çətinliklər yaranmışdır. Hazırda mövcud problemin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün göndərişləri xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdə reyestrə daxil edilmiş, lakin hər iki halda müvafiq sitemdə xəta baş verdiyindən göndərişin sistemə daxil edilməsi tövsiyə olunmuşdur. Bundan sonra iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün sənədləri yenidən reyestrə daxil edilmiş və ona xx.xx.2022-ci il tarixdə ümumi xəstəlik səbəbilə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Hazırda iddiaçı ötən dövr üçün ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən mürəciəti təmin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Əlilliyin qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbul etmək sahəsində səlahiyyətli orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müəyyən edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1: -1.1-ci maddəsinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. -1.2-ci maddəsinə Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. -2.1.4-cü maddəsinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsinin həyata keçirilməsi Agentliyin fəaliyyət istiqamətlərindəndir. -3.1.2 və 3.1.3-cü maddələrinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək Agentliyin vəzifəsidir. -3.2.4 və 3.2.5-ci maddələrinə əsasən tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək, tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüququdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən əlilliyin müəyyən edilməsi elektron qaydada aparılır, yəni əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi- Sosial Ekspertiza və X7 (TSERAS) ötürülür. Bununla bağlı, vətəndaş həmin göndərişin tərtib edilməsi üçün qeydiyyatda olduğu yer üzrə səhiyyə müəssisəsinə müraciət edir. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətlədirilməsi üçün altsistemə göndərişin daxil edilməsi bu sahədə səlahiyyətli qurumun vəzifəsidir. Cavabdeh qurum etirazının əsası kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsində nəzərdə tutulan 6 ay müddətin ötürüldüyünü qeyd etmişdir. Məhkəmə cavabdehin etirazı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hüquq normasının etirazda göstərildiyi kimi, yəni işin faktiki hallarının nəzərə alınmadan təfsir edilməsi iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına səbəb olur. Belə ki, iş materiallarından da görünür ki, iddiaçının həmin dövrdə yəni, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyinin qiymətləndirilməməsi iddiaçının deyil, inzibati orqanın səhvi (elektron sistemdə xəta) olmuş və bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və hazırki iş üzrə cavabdeh eyni mərkəzə (nazirliyə) tabe olan qurumlar olduğundan Ağentliyin qüsuru nəticəsində yaranmış öhdəliyin pensiya və müavinət ödənişlərinin həyata keçirilməsi səlahiyyəti baxımından nazirliyin digər tabe qurumu tərəfindən aradan qaldırılması, yəni ödənilməli məbləğin hazırki cavabdehə həvalə edilməsi qanunamüvafiqdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə İİ dərəcə əlillik üçün nəzərdə tutulmuş pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə İİ dərəcə əlillik üçün nəzərdə tutulmuş pensiyanın hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar