Məhkəmə qərarları › İş №2-1(114)-254/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-254/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-254/2023 07.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı sanatoriya-kurort putyovkası ilə təmin olunma tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 Goranboy rayon qəbul şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun sanatoriya-kurort putyovkası ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-2011-ci illərdə Müdafiə Nazirliyinin 2ci Ordu Korpusunun 181-saylı hərbi hissəsində zabit kimi xidmət etmiş və döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətdən 2-ci qrup əlil kimi ehtiyata buraxılmışdır. Halhazırda da 2-ci qrup əlildir. İddiaçı qanunvericiliyin tələblərinə əsasən sanatoriya-kurort müalicəsinə göndərilməsi üçün Goranboy rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, Goranboy rayon Mərkəzi Xəstəxanası və Yevlax şəhərində yerləşən 20 Saylı Tibbi Sosial Ekspert Komissiyası onun sanatoriya-kurort müalicəsinə göstərişi təsdiqləmişdir. Bundan sonra iddiaçı verilən bütün sənədlərlə birlikdə DSMF-nin Gəncə-Daşkəsən filialının qəbul şöbəsində olmuş, həmin şöbədən ona sanatoriya putyovkası ilə təmin olunmaq üçün lazım olan sənədlərin siyahısı təqdim edilmişdir. İddiaçı hesab edir ki, həmin siyahıda olan sənədlər heç birinin onun toplamağına ehtiyacı yoxdur. Belə ki, göstərilən sənədlər siyahısını ona xəstəxana tərəfindən verilən sənədlər əvəz edir və sanatoriya putyovkası ilə təmin olunmaq üçün lazım olan sənədlər elektron hökumət alt sistemində mövcuddur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 Goranboy rayon qəbul şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 128 nömrəli qərarı ilə təsdiq olunmuş qərara uyğun olaraq İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobil qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud uşaq olanlar və "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqcular istisna olmaqla), sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi barədə göstəriş verilmişdir. İddiaçı (hal-hazırda pensiya almaq hüququ olan hərbi qulluqçu olduğundan) sanatoriya-kurort putyovkaları ilə bağlı tələb yönəldilə bilən subyekt qismində çıxış edə bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə “hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş 20 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli sanatoriya-kurort müalicəsinə göstərişdən görünür ki, İddiaçı sanatoriya-kurort müalicəsi məsləhət görülmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” müddətsiz 2-ci dərəcə əlilliyi olduğuna görə 20 nömrəli Tibbi Sosial Ekspert Komissiyasından xx.xx.2022-ci il tarixli sanatoriya-kurort müalicəsinə göstəriş almış və sanatoriya-kurort putyovkası ilə təmin olunması üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Hazırki iddia ilə iddiaçı sanatoriya-kurort putyovkası ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli, 128 nömrəli qərarı ilə “İkinci Dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobıl AESdə qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçılarının, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2-ci bəndinə əsasən sanatoriya-kurort müalicəsini almaq üçün sanatoriya-kurort putyovkaları (yollayışları) işləməyənlərə - dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işləyənlərə isə dövlət sosial müdafiə fondunun büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına bu Qaydalarda göstərilmiş şəxslərə növbəlilik əsasında pulsuz verilir. Həmin Qaydanın 3-cü bəndinə əsasən İkinci Dünya müharibəsi iştirakçıları, şəhid ailəsi statusunu almış ailənin üzvləri, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar sanatoriya-kurort putyovkası ilə: işləyənlər - iş yerindən, işləməyənlər isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri tərəfindən təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində). Həmin Qaydanın 8-ci bəndinə əsasən sanatoriya-kurort putyovkasını almaq üçün tələb olunan əsas sənəd tibb müəssisəsi tərəfindən verilmiş sanatoriya-kurort kartasıdır. Həmin Qaydanın 9-cu bəndinə əsasən sanatoriya-kurort putyovkasını almaq üçün qeyd olunan şəxslər ərizələrini və sanatoriya-kurort kartasını sanatoriya-kurort putyovkası ilə təmin olunduqları aidiyyəti idarə, müəssisə, təşkilat, qurumlara təqdim etməklə sanatoriya-kurort kartasının verildiyi tarixdən növbəyə götürülür və bu Qaydalara uyğun olaraq təmin olunurlar. Göründüyü kimi yalnız istinad olunan Qaydada qeyd olunan şəxslər sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təmin edilməsi üçün imtiyazlı şəxslər hesab edilirlər. İddiaçı isə hal-hazırda pensiya almaq hüququ olan hərbi qulluqçu olduğundan sanatoriya-kurort putyovkaları ilə bağlı tələb yönəldilə bilən subyekt qismində çıxış edə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68, 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı sanatoriya-kurort putyovkası ilə təmin olunma tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar