Məhkəmə qərarları › İş №2-1(114)-2548/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2548/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2548/2023 04.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinin ölçüsünə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinin ölçüsünə düzəliş edilərək 0,08 ha kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tovuz rayon Abulbəyli kənd nümayəndəliyinin xx.xx.1992-ci il tarixli sərəncamına əsasən 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir.

2. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 24 nömrəli qərarı ilə İddiaçı Məhərrəm oğlu və ailə üzvlərinə Tovuz rayonu, Abulbəyli kəndində 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmış və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 50301004 nömrəli şəhadətnamə tərtib edilmişdir.

3. Tovuz rayonu, Abulbəyli kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından əlyazma və elektron çıxarışlarla müəyyən edilir ki, islahat zamanı İddiaçı Məhərrəm oğlu və 4 nəfər ailə üzvünün faktiki istifadəsində 0,791 ha torpaq sahəsi olmuş, onun 0,06 ha hissəsi həyətyanı torpaq sahəsi kimi iddiaçı və ailə üzvlərinə, 0,0191 ha isə bələdiyyənin ehtiyat fonduna ayrılmışdır.

4. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 266 saylı arayışına əsasən Abulbəyli kənd icra nümayəndəliyinin arxivdə saxlanılan 1996-2000-ci il tarixli 12 nömrəli təsərrüfatbaşına kitabın 1019-cu şəxsi hesabında təsərrüfat İddiaçı adına olmaqla, adına 0,08 ha torpaq sahəsinin olması göstərilmişdir.

5. 13.04.2023-cü il tarixdə tərtib edilmiş aktla müəyyən edilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 50301004 nömrəli şəhadətnamədə texniki səhv olaraq İddiaçı əvəzinə, İddiaçı Məhərrəm oğlu yazılmışdır. II. Məhkəmədə icraat

6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Abulbəyli kəndində yerləşən JN-165A nömrəli torpaq sahəsinin ölçüsünün düzəliş edilərək 0,08 ha kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Tovuz rayonu, Abulbəyli kəndində yaşayır. XDS-nin Aqrar İslahatlar Komissiyasının 1990-cı illərdə apardığı torpaq islahatları zamanı Tovuz rayonu, Abulbəyli kəndi ərazisində yerləşən JN-165A nömrəli 0,08 ha torpaq sahəsi onun və ailəsinin xüsusi mülkiyyətinə verilmişdir. Hazırda həmin torpaq sahəsi onun istifadəsindədir. Uzun illərdir ki, sözügedən torpaq sahəsində əkin-biçin işləri aparır. Qeyd olunan torpaq sahəsinin onlara məxsus olmağı Tovuz rayon İHB-nm Abulbəyli kənd nümayəndəliyinin 30 iyun 1992-ci il tarixli arayışında da öz təsdiqini tapmışdır. Bundan başqa, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon Arxivinin 266 saylı 03 oktyabr 2022-ci il tarixli arayışında qeyd olunur ki, Abulbəyli kənd icra nümayəndəliyinin Tovuz rayon Dövlət Arxivində saxlanılan 1996-2000-ci il tarixli 12 Nömrəli təsərriifatbaşına kitabın 1019-cu şəxsi kitabında təsərrüfat İddiaçı adına olmaqla, adına 0,08 ha torpaq sahəsinin olması göstərilmişdir. Beləliklə, arxiv sənədləri həqiqətən də ona məxsus torpaq sahəsinin 0,08 ha ölçüsündə olduğunu təsdiq etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, guya ona və ailəsinə məxsus olan həmin torpaq sahəsinin ölçüsü 0,08 ha deyil, 0,06 ha olmuşdur. Onlar bunu onunla əsaslandırmışdır ki, ona məxsus olan torpaq sahəsinin 0,035 ha hissəsi Tovuz rayon notariat kontorunun 4Ə-687 nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, özgəninkiləşdirilərək başqa şəxsə satılmışdır. Yerdə qalan 0.025 ha torpaq sahəsi üzərində isə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı Ərazi İdarəsinə müraciət daxil olmamışdır. Hesab edir ki, bu məlumat qanunsuz və yanlışdır. Çünki aqrar islahatları aparıldığı dövrlərdən bəri həmin 0,08 ha torpaq sahəsi onun istifadəsindədir. Buna baxmayaraq Aqrar İslahat Komissiyası 1996-1997-ci illərdə ölçü işləri apararkən səhvə yol vermiş, ona məxsus olan torpaq sahəsinin ölçüsünü 0,08 ha əvəzinə, 0.06 ha kimi göstərmişdir. Qeyd edir ki, bu Aqrar İslahat Komissiyasının ilk səhvi deyildir. Sözügedən torpaq sahəsinin sənədləşməsi zamanı ölçü ilə bərabər, adının da yazılışında nöqsanlara yol verilmişdir. Görünür, aqrar islahatlar aparılan zaman sənədləşmə işlərinə məsuliyyətlə yanaşılmamışdır ki, qeyd olunan yanlışlıq da həmin məsuliyyətsizliyin nəticəsidir. Belə ki, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən verilmiş JN-165A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı səhv olaraq İddiaçı Məhərrəm oğlu kimi yazılmışdır. Qeyd edir ki, ona məxsus torpaq sahəsinin ölçüsünün sənəddə səhvən 0,06 ha göstərilməsinə düzəliş edilməsi ilə bağlı Cavabdehnə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etsə də, bununla bağlı hər hansı bir tədbir görülməmişdir. Hesab edir ki, Aqrar İslahat Komissiyasının vaxtında yol verdiyi nöqsan aradan qaldırılmalı və ona məxsus olan, hazırda da onun istifadəsində olan torpaq sahəsinin ölçüsünə müvafiq düzəlişlərin edilməsi Cavabdeh və AR Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulmalıdır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İİ. Prosessual məsələlər

9. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə hazırlıq iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

11. İddiaçı məhkəmə iclasında iddia tələbinə etiraz edərək, onun təmin edilməsini xahiş etmişdir.

12. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, həyat yoldaşının xəstəliyi ilə əlaqədar ona aqrar islahat zamanı ayrılmış 0,08 ha torpaq sahəsinin 0,035 ha hissəsini 2015-ci ildə satmışdır. Bu yaxınlarda yerdə qalan torpaq sahəsini adına qeydə aldırmaq istəyən zaman ona məlum olmuşdur ki, ona 0,08 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, JN-165A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpağın sahəsi 0,06 ha kimi göstərilmişdir. Halbuki, onun islahatdan əvvəl və sonra da istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,08 ha təşkil etmişdir. Hesab edir ki, hazırda X1 fəaliyyət göstərmədiyindən Cavabdeh ona ayrılmış torpaq sahəsinin ölçüsünə düzəliş edərək 0,08 ha kimi qeyd etməlidir. Əsaslandırma hissəsi:

13. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

14. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

15. İddia ərizəsindən və iddiaçının iclas zamanı verdiyi izahatından məlum olur ki, iddiaçı Tovuz rayon Abulbəyli kənd nümayəndəliyinin xx.xx.1992-ci il tarixli sərəncamına və Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 266 saylı arayışına əsaslanmaqla, iddia edir ki, ona aqrar islahat zamanı 0,08 ha ayrılmasına baxmayaraq, ona verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 50301004 nömrəli şəhadətnamədə torpağın ölçüsü düzgün qeyd edilməmişdir. Onun aqrar islahatdan əvvəl də, sonra da faktiki istifadəsində 0,08 ha torpaq sahəsi olmuşdur.

16. Lakin məhkəmə araşdırması zamanı Tovuz rayonu, Abulbəyli kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından əlyazma və elektron çıxarışlarla müəyyən edilmişdir ki, islahat zamanı İddiaçı Məhərrəm oğlu və 4 nəfər ailə üzvünün faktiki istifadəsində 0,791 ha torpaq sahəsi olmuş, onun 0,06 ha hissəsi həyətyanı torpaq sahəsi kimi iddiaçı və ailə üzvlərinə, 0,0191 ha isə bələdiyyənin ehtiyat fonduna ayrılmış və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 50301004 nömrəli şəhadətnamə tərtib edilərək, iddiaçıya təqdim edilmişdir.

17. Yəni, hazırkı halda iddiaçının aqrar islahat zamanı ona 0,08 ha torpaq sahəsi ayrılması, şəhadətnamədə torpaq sahəsinin ölçüsünün səhv göstərilməsi əsası aradan qalxmış olur və iddiaçı hüquqi marağına çatmaq üçün Tovuz rayonu, Abulbəyli kəndi aqrar islahatla əlaqədar ona 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli və rayon X1nın qərarını məhkəmədə mübahisələndirmək hüququna malikdir.

18. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə sərəncamlar göndərilərək, yuxarıda qeyd edilən hallar ətraflı şəkildə izah edilmiş və yol verilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı isə həmin müddət daxilində iddia tələbini hüquqi marağına və qanunun tələblərinə uyğun olaraq dəqiqləşdirməmişdir.

20. O da qeyd edilməlidir ki, məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya təkrarən iddia tələbini dəyişdirmək təklif olunsa da, o, hazırda X1 fəaliyyət göstərmədiyi üçün Cavabdeh ona ayrılmış torpaq sahəsinin ölçüsünə düzəliş edərək 0,08 ha kimi qeyd etməli olmasını bildirmiş və hazırkı tələbinə baxılmasını məhkəmədən xahiş etmişdir.

21. Bu səbəbdən iddia tələbi iddiaçı tərəfindən onun hüquqi marağına və qanunun tələblərinə uyğun dəyişdirilmədiyindən, yəni iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən, iddiaçının hazırkı tələbi üzrə isə Cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

22. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

23. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar