Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-255/2022 03.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiyasının təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında,şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə 16.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 24.05.2005-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabcasında 10.04.1993-cü ildən 24.05.2005-ci ilədək AZ DRES TQİ Beton təsərrüfatı sahəsində fəhlə (süpürgəçi-xadimə) işlədiyinə dair əmək stajının sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, 1979-cu ildə Kəlbəcər rayonu “Laçınqaya” adına kolxozda kolxozcu kimi əmək fəaliyyətinə başlamış və 02.04.1993-cü il tarixədək kolxozcu işləmişdir. 02.04.1993-cü il tarixdə məcburi köçkün düşdükdən sonra 10.04.1993-cü il tarixdən etibarən əmək fəaliyyətini Az DRES TQİ Beton təsərrüfatı sahəsində fəhlə kimi davam etdirərək 24.05.2005-ci il tarixədək işləmişdir. 1979-1993-cü illərə və 10.04.1993-24.05.2005-ci illərə dair əmək fəaliyyəti barədə sənədlərini təqdim etməyinə baxmayaraq cavabdeh ona yaşa görə pensiya təyin etməkdən imtina etmişdir. Məhkəmənin 11.01.2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İddiaçı iddianı müdafi etmiş, əlavə olaraq bildirmişdir ki, işlədiyi zavod Şəmkir şəhərində yerləşmişdir, orada xadimə kimi çalışıb əmək haqqı almışdır. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, iddiaçının 1979-1993-cü illərə dair əmək stajını təmsil etdiyi qurum qəbul edir, lakin 1993-2005-ci illər üzrə arxiv sənədləri olmadığından qəbul etmir. Hazırki məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Şəmkir rayon Dövlət Arxivinin 03.09.2021-ci il tarixli, k-1-444 nömrəli arayışından görünür ki, AZDRES Tikinti Quraşdırma İdarəsi adlı təşkilatın arxiv sənədləri filiala təhvil verilməmişdir. -surəti işə əlavə edilmiş13.09.2021-ci il tarixli, **********1 nömrəli DSMF X6 18 saylı regional ərazi filialının əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə bildirişindən görünür ki, iddiaçıya əmək pensiyasının təyin oluması üçün 10.04.1993-cü ildən – 24.05.2005-ci ilə qədər təqdim etdiyi əmək kitabcasında göstərilən iş stajının düzgünlüyünü yoxlamaq üçün sorğu verilmiş və müəssisənin sənədləri dövlət arxivinə verilmədiyi üçün yoxlanılması mümkün olunmamışdır. Ona görə də iddiaçının iş stajı 25 ildən az olduğu üçün əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. -surəti işə əlavə edilmiş İddiaçı məxsus 24.05.2005-ci il tarixli ИТ0921758 nömrəli əmək kitabçasından görünür ki, sonuncu 10.04.1993-cü il tarixdən 24.05.2005-ci il tarixədək Az DRES TQİ Beton təsərrüfatı sahəsində fəhlə işləmişdir. -surəti işə əlavə edilmiş 2-29 nömrəli 2008-ci il tarixli Kəlbəcər rayon məhkəməsinin qətnaməsindən də görünür ki, İddiaçı 1979-cu ildən 1993-cü ilə qədər Kəlbəcər rayonu Laçınqaya kolxozunda kolxozçu işləməsi faktı müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixdən etibarən fərdi hesabının sığorta hissəsində müvafiq həcmdə pensiya kapitalı və 25 il sosial sığorta stajı olmadığı üçün cavabdeh orqan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh iddiaçının məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 1979-1993-cü illərə dair əmək stajını qəbul edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi mərkəzi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizəsi işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Bundan başqa, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə qeyd ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini tələb etdiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və arxiv arayışında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Qeyd edilməlidir ki, iş stajını təsdiq edən sənədlərə əsasən iddiaçının 1979-cu ildən 1993-cü il tarixədək olan dövr üzrə ümumilikdə 15 il sığorta stajı olmasını cavabdeh orqan özü də təsdiq etmişdir. Lakin iddiaçının 10.04.1993-cü-ci il tarixdən 24.05.2005-ci il tarixədək olan dövrü sığorta stajı kimi qəbul edilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Dövlət arxivinin Şəmkir filialının arayışından göründüyü kimi, AZDRES Tikinti Quraşdırma İdarəsinin arxiv sənədləri filiala təhvil verilməmişdir, bu səbəbdən də iddiaçının 1993-2005-ci illərdə həmin idarədə işləməsi barədə arayışın verilməsi mümkün olmamışdır Bu halla bağlı məhkəmə qeyd edir ki, hər-hansı müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi işçinin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir. Başqa sözlə sənədlərin axivə verilməsi işəgötürənin vəzifəsidir. İddiaçının qeyd olunan dövrdə həmin müəssisədə işləməsi əmək kitabçasında qeyd edilmiş, həmin qeydlərin mötəbərliyinə şübhə doğuracaq heç bir səbəb yoxdur. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixdən etibarən fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı olmasa da, 25 ildən çox (1979-cu ildən 1993-cü ilədək olan dövr üzrə cavabdeh orqan tərəfindən qəbul edilən 15 il sığorta stajı və 10.04.1993-cü il tarixdən 24.05.2005-ci il tarixədək məhkəmə tərəfindən nəzərə alınan 12 il 1 ay 14 gün sığorta stajı) sığorta stajının olması iş materialları ilə öz təsdiqini tapır. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının AZDRES Tikinti Quraşdırma İdarəsində işlədiyi sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 10.04.1993-cü il tarixdən 24.05.2005-ci il tarixədək AZDRES Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-255/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-255/2022
03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver