Məhkəmə qərarları › İş №2-1(114)-255/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-255/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-255/2023 16.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı və nümayəndəsi X1, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “torpağın dəyəri, qiymət artımına görə vurulan maddi ziyanın qarşılığında 20.475 manatın, torpağın dəyəri və alqı-satqısı üçün ödədiyi 3424,75 manatın, əldən çıxmış faydanın əvəzi kimi 4000 manat miqdarında kompensasiyanın, mənəvi ziyanın qarşılığında 200.000 manat, cəmi 207.445.225 manat miqdarında pul kompensasiyasının cavabdehdən alınıb ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1971-ci il tarixdə anadan olmuş, hazırda Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olmaqla yaşayır. Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı ilə Mehram oğlu Kimid və onun ailə üzvləri X5, Mehram oğlu Svetlana Kimit qızına Qazax rayonu, Qiyasbəyli kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,63 ha (4292,99 kv.m və 2040,99 kv.m olmaqla) torpaq sahəsi verilmişdir. Qazax Rayon Məhkəməsinin 2-42/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən ərizəçi X7 ilə Mehram oğlu Kimit arasında sonuncuya Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qazax rayon şöbəsi tərəfindən 05 yanvar 1998-ci ildə qeydə alınmış JN: 1298 kod ******* nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ayrılmış 0,63 ha pay torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməklə həmin torpaq sahəsinin mülkiyyət hüququ ərizəçi X4 verilmişdir. X3 adına Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,43 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə ********** nömrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin (DTXK Qazax rayon şöbəsi tərəfindən verilmiş) xx.xx.2018-ci il tarixli, 1530 nömrəli arayışına əsasən xx.xx.2018-ci il tarixinə olan məlumata əsasən Məhrəm oğlu Kimit, X5, X2 ümumi birgə mülkiyyətində 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Məhrəm oğlu Kimit, X5, X6 tərəfindən iddiaçıya Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,63 ha torpaq sahəsi satılmış, bu barədə tərəflər arasında xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqavilə Qazax rayon notariat ofisində təsdiq edilmişdir. İddiaçı Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması və ya dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər görülməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********56 nömrəli məktubunda bildirmişdir ki, qeyd edilən torpaq sahəsi Qazax Rayon Məhkəməsinin 2- 42/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən başqa şəxsin adına rəsmiləşdirilmiş və həmin şəxsin sözügedən torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,429233 ha və 204099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququnun qeydə alınması ilə bağlı təkrar cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli, **********19 nömrəli məktubu ilə əvvəlki imtinasında olan halları təkrar qeyd etməklə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən imtina etmişdir. İddiaçının qeyd edilən tələblə bağlı digər orqanlara göndərilmiş müraciətlərinə aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində baxılmış, həmin orqan da xx.xx.2022-ci il tarixli, **********81 nömrəli məktubunda qeyd edilən halları sadalamışdır. İddiaçı Qazax Rayon Məhkəməsinin 2-42/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-42/2008 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 1722/2022 nömrəli qərardadı ilə təmin edilməmişdir. İddiaçı cavabdehə qarşı “vurulmuş ziyanın qarşılığında 6.300 manat və 174,75 manat pul kompensasiyasının ödənilməsi” tələbi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1202/2022 nömrəli qərardadı ilə yolverilməzliyə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi, daha sonra ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən “torpağın dəyəri, qiymət artımına görə vurulan maddi ziyanın qarşılığında 20.475 manatın, torpağın dəyəri və alqı-satqısı üçün ödədiyi 3424,75 manatın, əldən çıxmış faydanın əvəzi kimi 4000 manat miqdarında kompensasiyanın, mənəvi ziyanın qarşılığında 200.000 manat, cəmi 207.445.225 manat miqdarında pul kompensasiyasının cavabdehdən alınıb ödənilməsi”ni xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşadığı Qazax rayonu Ağköynək kəndin ərazisində yerləşən JN-1298 saylı dövlət aktı ilə Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsus olan 0,63 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almaq üçün ilk öncə cavabdehin Qazax rayon Şöbəsinin müdiri Faiq Binnətova müraciəit etmiş, Faiq Binnətov və Qeydiyyat icraçısı imzası və möhürü ilə təsdiqlədiyi xx.xx.2018-ci il tarixli, 1530 nömrəli "daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdutlaşdırılmasına (yüklülüyünə) dair dövlət reysterindən arayış verərək qeyd etmişdir ki, həmin torpaq sahəsi xx.xx.1998-ci il tarixdən 0,63 ha torpaq sahəsi Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsusdur və həmin torpaq sahəsinin üzərində xx.xx.2018-ci il tarixə kimi məhdudiyyət və yüklülük qeydə alınmayıbdır. Məhz həmin arayışa əsasən iddiaçı Qazax rayon Notariat ofisində xx.xx.2018-ci il tarixdə 4Ə-582 reyster nömrəli alqı-satqı müqaviləsi (AN-i N-0681370) bağlamışdır. Həmin F-1 arayışına güvənib, əsaslanıb alqı-satqı müqaviləsi bağlayıb, 3250 manat torpağın dəyərini ödəmiş və 143.75 manat-müqavilənin dəyəri və 31 manat isə F-1 arayışı üçün rəsmi pul ödəmişdir. Ümumilikdə isə, 3424.75 manat pul ödəmişdir. İddiaçıya ödənilməli olan kompensasiya isə təkcə bu deyildir. Belə ki, onun aldığı torpağın dəyəri qalxmaqla bərabər, o, həmin torpaqdan neçə illərdə istifadə edib, əkib-becərib, fayda əldə edə bilməmişdir. Həmin torpağın 1 sotunun dəyəri hazırda 325 manatdır. Bu isə ümumilikdə 63 sotun qiyməti 20.475 manat təşkil edir. İddiaçının bu gün də çəkdiyi ziyanlığın təqsirkarı cavabdeh orqandır ki, onların verdiyi F-1 arayışına əsasən o, torpağın dəyərini ödəyib, alqı-satqının pulunu ödəyib, ziyan çəkmişdir. Cavabdeh orqan həmin arayışı verdikdə həmin torpaq sahəsinin digər şəxsə məxsus olduğunu arayışında qeyd etsə idi, iddiaçı nə torpağın dəyərini, nə də müqavilənin pulunu ödəyəcəkdi. Təkcə F-1 arayışının pulunu ödəmiş olacaqdı və başqa torpaq sahəsi alıb, əkib-becərib, fayda götürəcəkdi. O indiyə kimi 3 il ərzində 0.63 ha torpaq sahəsini əkib-becərsəydi 4.000 manat qazanc əldə edəcəkdi və buna görə əldən çıxmış faydaya görə cavabdeh orqanın təqsiri ucbatından 4.000 manat ziyanlıq çəkmişdir. Həmçinin cavabdeh orqanın iddiaçıya etdiyi hüquqazidd hərəkətlərinə görə ona 200.000 manat miqdarında mənəvi zərər dəymişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********34 nömrəli məktubu ilə iddiaya dair münasibət bildirmişdir. Həmin məktubunda imtina əsaslarını təkrarlamış və İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinə istinad edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini 05 yanvar 1998-ci ildə qeydə alınmış JN: 1298 kod ******* nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktın surəti, Qazax Rayon Məhkəməsinin 2-42/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsinin surəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin (DTXK Qazax rayon şöbəsi tərəfindən verilmiş) xx.xx.2018-ci il tarixli, 1530 nömrəli F-1 arayışı, xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi, cavabdehin imtinası, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-42/2008 nömrəli qərardadı, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1722/2022 nömrəli qərardadı, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1202/2022 nömrəli qərardadı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə iddiaçı ilə Məhrəm oğlu Kimit, X5, X6 arasında Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,63 ha torpaq sahəsi satılması barədə notariat qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır. İddiaçı daha sonra (iş sənədlərdəki sənədlərdə ancaq 2021-ci ilə dair müraciət etməsi müəyyən olunur) həmin torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə vətəndaşa torpaq sahəsi üzərində artıq başqa şəxsin hüquqlarının dövlət reyestrində qeydə alındığını əsas gətirərək imtina cavabı vermişdir. Bundan sonra iddiaçı cavabdeh qurumun Qazax rayon şöbəsi tərəfindən verilmiş Forma-1 arayışı əsasında vurulmuş maddi ziyanın, daşınmaz əmlakın alqı-satqı üçün ödədiyi, əldən çıxmış faydaya və mənəvi zərərin ödənilməsini cavabdeh orqandan tələb edir. İddiaçının tələbi ibarətdir: 1) Torpağın qiymət artımına görə vurulmuş 20.475 manat; 2) Torpağın alqı-satqısına ödənilən 3.424,75 manat; 3) əldən çıxmış fayda 4.000 manat; 4) mənəvi zərərə görə 200.000 manat. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Məhkəmə izah edir ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması,

2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Vurulmuş ziyanla bağlı iddianın sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya dəymiş zərər mövcuddur. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixdə 0,63 ha torpaq sahəsinin alınması üçün 3.250 manat məbləğində pul ödəmiş olsa da, həmin torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirə bilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçıya dəymiş zərər inzibati orqan tərəfindən deyil, müqavilə iştirakçısı olan digər şəxs tərəfindən yerinə yetirilmişdir. Çünki, həmin məbləğ cavabdehə deyil, müqavilə iştirakçısına ödənilmişdir. Həmçinin, Forma-1 arayışı ilə bağlı ödənilmiş rüsum məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Başqa sözlə, qeyd edilən arayış yalnız daşınmaz əmlakın hüquq sahibinə (onun nümayəndəsinə və ya vərəsəsinə) təqdim edilir. Belə olan halda, iddiaçının mülkiyyətçisi olmadığı torpaq sahəsinə görə müvafiq rüsum ödəyərək müvafiq arayış alması ağlabatan deyildir. Güman olunsa ki, alqı-satqı müqaviləsi zamanı həmin arayışın alınması üçün iddiaçı tərəfindən əlavə haqq ödəilmişdir, belə olan halda iddiaçı pulu ödədiyi şəxsə qarşı iddia qaldırmaqla, ödədiyi şəxsdən tələb etməli idi. Digər tərəfdən, iddiaçının ərizəsində istinad etdiyi xx.xx.2018-ci il tarixli, 1530 nömrəli "daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdutlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış”la bağlı isə məhkəmə qeyd edir ki, həmin məsələyə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308, 313 və 314-cü maddələrinin tərkib əlamətlərinin olub-olmaması barədə araşdırma aparılması üçün məhkəmənin xüsusi qərardadı çıxarılmış və müvafiq qurum tərəfindən həmin əmələ qiymət veriləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, ..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008- ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Göründüyü kimi, mənəvi zərərin vurulmasını iddia edən tərəf, bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin bunda təqsiri (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər vurmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin mövcudluğunu, mövcud olduğu halda bunun cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “torpağın dəyəri, qiymət artımına görə vurulan maddi ziyanın qarşılığında 20.475 manatın, torpağın dəyəri və alqı-satqısı üçün ödədiyi 3424,75 manatın, əldən çıxmış faydanın əvəzi kimi 4000 manat miqdarında kompensasiyanın, mənəvi ziyanın qarşılığında 200.000 manat, cəmi 207.445.225 manat miqdarında pul kompensasiyasının cavabdehdən alınıb ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar