Məhkəmə qərarları › İş №2-1(114)-256/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-256/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-256/2021 22.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialına qarşı əmək pensiyasının yenidən hesablanması və pensiya təyin edilən tarixdən ödənilməyən əmək pensiyasının fərqinin hesablanaraq ödənilməsinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasının yenidən hesablanması və pensiya təyin edilən tarixdən ödənilməyiən əmək pensiyasının fərqinin hesablanaraq ödənilməsini vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02.03.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialı (bundan sonra mətndə - cavabdeh) ilə əvəz edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 24.03.2019-cu il tarixdən 61 yaşı tamam olduqdan sonra iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş və iddiaçı hazırda 235,75 manat məbləğində əmək pensiyası alır. İddiaçı hesab edir ki, əmək pensiyasının məbləği düzgün hesablanmamışdır. Belə ki, 1978-ci il sentyabr ayından 2019-cu ilin mart ayınadək ümumilikdə 45 il 7 ay əmək stajı vardır. Bu qədər staja görə isə ən azı 270 manat məbləğində əmək pensiyası təyin edilməli idi. Cavabdeh orqan tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının ümumilikdə 35 il stajı vardır. İddiaçı isə qeyd edir ki, 45 il 07 ay stajı vardır. Cavabdeh orqan 10 il müddəti əmək stajına hesablamır, o hissə qaranlıq qalır. Bununla bağlı iddiaçıya hər hansı məlumat verilmir. İddiaçı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi üçün 29.09.2020-ci il tarixdə cavabdehə müraciət etsə də, ona məlumat verilməmişdir. Ona görə də, pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 22.06.2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı və onun vəkili şifahi məhkəmə baxış iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki, iddiaçıya pensiya hüququ yarandığı 24.03.2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada 39 il 09 ay əmək stajına əsasən pensiya təyinatı sistemi vasitəsilə ayda 180,87 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 03.07.2020ci il tarixdə filiala ərizə ilə müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının iş stajını təsdiq edən sənədlərə əsasən 01.01.2006-cı il tarixinədək 27 il 03 ay sığorta stajı vardır. İddiaçının 27 il 3 ay stajı “Əmək pensiyası haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən hesablandıqda 8338,5 manat pensiya kapitalı yaranır. Vətəndaşın 01.01.2006-cı il tarixdən pensiya hüququ yarandığı tarixədək fərdi hesabında 2019-cu il üçün 9.425,74 manat, 01.01.2020-ci il üçün isə 10.990,41 manat pensiya kapitalı vardır. Beləliklə, vətəndaşa sığorta göstəricilərinə əsasən 2019-cu il üçün 27 il 3 ay staja görə 136,72 manat, 9.425,74 manat kapitala görə 65,45 manat, cəmi 202,17 manat; 01.01.2020-ci il üçün isə 27 il 03 ay staja görə 159,41 manat, 10.990,41 manat kapitala görə 76,32 manat, cəmi 235,73 manat pensiya hesablanmışdır. İddiaçıya keçmiş dövr üçün ödənilməyən 165,49 manat pensiya vəsaiti 14.07.2020-ci il tarixdə pensiya ödənişləri zamanı vətəndaşın pensiyasının üzərinə əlavə olunaraq ödənilmişdir. Bu səbəbdən şəxsin pensiyasının yenidən hesablanması mümkün deyildir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçası, 2006-2020-ci illər üzrə DSMF-ə ayırmalar barədə cədvəllər, cavabdehin 20.11.2020-ci il tarixli **********4 nömrəli, 24.12.2020-ci il tarixli və 26.02.2021-ci il tarixli **********4 nömrəli etiraz ərizələri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.05.2021-ci il tarixli 9/2371 nömrəli ekspert rəyi təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması tələbi ilə cavabdeh orqana müraciət etmiş, inzibati orqan isə keçmiş dövr üçün ödənilməyən 165,49 manat pensiya vəsaitini 14.07.2020-ci il tarixədək vətəndaşın pensiyasının üzərinə əlavə edərək ödəmişdir. Bununla razılaşmayan iddiaçı isə 45 il 07 ay stajının olduğunu əsas gətirərək əmək pensiyasının yenidən hesablanması məqsədilə 29.09.2020-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətinə cavab verilmədiyi üçün 11.11.2020-ci il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. Bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulundan 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qayadaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. 26 sentyabr 2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərar ilə təsdiq edilmş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Qanun vericiliyin aparılmış təhlilin nəticəi olaraq məhkəmə kollegiyası hesab edir ki, ümumi iş stajı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” qanunun 27.1-ci maddəsinə əsasən Sığortaolunaların (əmək pensiyaı təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabların sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Vətəndaşın 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığorta olunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. “Əmək pensiyaları haqqında” qanunun 29.1-ci maddəsinə əsasən Əmək pensiyasının sıoğrta hissəsi ildə bir dəfə ölkə üzrə ora aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq ivra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İddiaçı pensiya hüququ yarandığı 24.03.2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada 39 il 9 ay əmək stajına əsasən pensiya təyinatı sistemi vasitəsilə əmək pensiyası təyin edilmişdir. İddiaçı iş stajının təsdiq edən sənədlərə əsasən 01.01.2006-cı il tarixinədək 27 il 3 ay sığorta stajı var. Vətəndaşın 01.01.2006-cı il tarixdən pensiya hüququ yarandığı tarixədək fərdi hesabında 1) 2019-cu il üçün 9425,74 manat; 2) 01.01.2020-ci il üçün isə 10990.41 manat (9425.74+16.6%=10990.41, 16.6%-2020-ci il üçün indeksasiya faizidir) pensiya kapitalı vardır. Beləliklə, vətəndaşa sığorta göstəricilərinə əsasən 2019-cu il üçün (17 il 3 aya -136.72 manat) + (9425.74 kapitala əsasən 65.45 mnat 0 cəmi 202.17 manat pensiya hesablanır. 01.01.2020-ci il üçün isə )27 il 3 aya -159.41 manat) + (10990.41 kapitala əsasən – 76.32 manat cəmi 235.75 manat pensiya pensiya hesablanıb. İddiaçı keçmiş dövr üçün ödənilməyən 165.49 manat pensiya vəsaiti 14.07.2020-ci il tarixdə pensiya ödənişləri zamanı vətəndaşın pensiyasının üzərinə əlavə olunaraq ödənilmişdir. Bu səbəbdən şəxsin pensiysının yenidən hesablanması mümkün deyil. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16.05.2021-ci il tarixli, 9/2371 nömrəli rəyindən müəyyən olunur ki, iş materiallarında olan sənədlərə əsasən İddiaçı sığorta göstəricilərinə əsasən 2019-cu il üçün (27 il 3 aya – 136,72 manat) + (9425.74 kapitala əsasən - 65.45 manat) cəmi 202.17 manat pensiya hesablanır. 01.01.2020-ci il üçün isə (27 il 3 aya – 159.41 manat) + (10990.41 kapitala əsasən – 76.32 manat) cəmi 235.75 manat pensiya hesablanır. Keçmiş dövr üçün ödənilməyən 165.49 manat pensiya vəsaiti 14.07.2020-ci il tarixdə pensiya ödənişləri zamanı pensiyanızın üzərinə əlavə olunaraq ödənilmişdir. Ekspertiza tədqiqatı ilə təqdim edilmiş mövcud iş materiallarına əssən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialı tərəfindən də hesablandığı kimi, İddiaçı pensiyanın təyin olunduğu 24.03.2019-cu il tarixdən sonrakı müddətə, yəni ekspertiza keçirilən tarixədək əmək pensiyasında məbləğ fərqinin olmadığı və hazırda İddiaçı ödənilən aylıq pensiya məbləği 235.75, manat təşkil etdiyi müəyyən edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçının pensiya kapitalı düzgün hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi əsaslı və qanuni olmuş, iddiaçının iddia tələbi isə əsassız və qanunsuzdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 dair bildirişdən müəyyən olunur ki, iş üzrə əsasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspetizası iddiaçı tərəfindən vəsatəti üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğ iddiaçıya aid edilməli və ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun 18 saylı regional ərazi filialına qarşı əmək pensiyasının yenidən hesablanması və pensiya təyin edilən tarixdən ödənilməyən əmək pensiyasının fərqinin hesablanaraq ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İddiaçı 100 (bir yüz) manat məbləğində ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Agentliyi, KOD 210005, VÖEN********** müxbir hesab AZ41 NBAZ**********0000003944 SWİFT BİK CTREAZ 22 Hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar